Torpağımızdan niyə səmərəli istifadə edə bilmirik?

Torpaq ehtiyatları bütün ölkələrin inkişafı üçün onun varlığının və potensial imkanlarının əsas elementlərindən biri kimi hər bir sərvətin ilk mənbəyidir. Məhz bu səbəbdən tarix boyu torpağa sahib olmaq üçün həm ölkə daxilində ayrı-ayrı şəxslər və inzibati ərazi bölgələri arasında, həm də dövlətlər arasında həmişə mübarizə gedib.

Mövcud vəziyyət kənd təsərrüfatının stabil inkişafına əngəl törədir
 

Torpaq ehtiyatları bütün ölkələrin inkişafı üçün onun varlığının və potensial imkanlarının əsas elementlərindən biri kimi hər bir sərvətin ilk mənbəyidir. Məhz bu səbəbdən tarix boyu torpağa sahib olmaq üçün həm ölkə daxilində ayrı-ayrı şəxslər və inzibati ərazi bölgələri arasında, həm də dövlətlər arasında həmişə mübarizə gedib. Məlum olduğu kimi SSRİ-nin dağılması və respublikamızın müstəqilliyə qədəm qoyması ilə siyasi və sosial-iqtisadi həyatın bütün sahələrində keyfiyyət dəyişiklikləri başlandı. Torpaq üzərində vahid dövlət mülkiyyət forması ilə yanaşı, xüsusi və bələdiyyə mülkiyyət hüquqları da qanunvericiliklə təsbit olundu. Bir daha xatırladaq ki, torpaq yerin üst münbit qatı olmaqla aqrar sahənin əsas istehsal vasitəsidir. O, insanları qida, heyvanlar aləmini yemlə, sənayeni isə xammalla təmin edir. Ölkəmizin təbii-iqlim şəraiti kənd təsərrüfatı bitkilərinin bütün il ərzində becərilməsinə imkan versə də, torpaq fondunun 52,4 faizi kənd təsərrüfatına yararlıdır ki, bununda əksəriyyəti rütubət çatışmayan quraq zonaya aid olduğundan burada suvarma tətbiq etmədən kənd təsərrüfatı məhsullarının istehsalı mümkün deyidir. Quraqlıq illərində yerüstü su ehtiyatlarının azalması, daxili çayların su axınının tənzimlənməməsi nəticəsində daşqın sularından tam istifadə olunmadan dənizə axması əkin sahələrinin suvarma suyu ilə təmin olunmasını çətinləşdirir. Bu baxımdan kənd təsərrüfatı məhsullarının istehsalının artırılmasında mövcud torpaq və su ehtiyatlarından səmərəli istifadə olunmasının rolu olduqca vacibdir. Torpaqların münbitliyinin qorunması və ondan səmərəli istifadə olunması aqrar sahənin inkişafı üçün böyük əhəmiyyət kəsb edir. Torpaqların münbitliyinin sabit saxlanılması və artırılması əhalinin həyat şəraitinin və sağlamlığının təmin edilməsi ilə yanaşı, gələcək nəsil üçün böyük imkanlar yaradır. Bəs, torpaqların səmərəli istifadəsi necə təmin edilməlidir? Kənd Təsərrüfatı Nazirliyindən bildirilib ki, torpaqların səmərəli istifadə edilməsi məqsədilə onun su, qida, hava və istilik rejimləri düzgün tənzimlənməli kənd təsərrüfatı bitkilərinin fenoloji və bioloji inkişaf xüsusiyyətlərindən asılı olaraq optimal aqrofon yaradılmalıdır. Lakin, torpaqdan düzgün istifadə olunmadıqda onun faydalı xassələri tədricən itərək məhsul yetişdirilməsi üçün yarasız hala düşür. Torpaq üzərində aparılan hər hansı düzgün olmayan əməliyyat yalnız məhsuldarlığın və keyfiyyət göstəricilərinin aşağı düşməsinə deyil, ekoloji tarazlığın pozulmasına, uzun müddət münbitliyin itirilməsinə və s. çatışmazlıqlara gətirib çıxarır. Hazırda ölkə üzrə aqrar islahat başa çatmış və torpaq mülkiyyətçiləri müəyyən olunmuşdur. Yəni, torpaq özəlləşmiş, torpağın sahibi var, lakin torpağa münasibət, onun yaxşılaşdırılması, münbitliyinin mühafizəsi, artırılması və səmərəli istifadə edilməsi sahəsində bir sıra tədbirlərin görülməsinə ehtiyac vardır. Belə ki, torpaqların meliorativ vəziyyətinin qeyri-qənaətbəxş olması, köhnəlmiş və müasir tələblərə cavab verməyən meliorasiya-irriqasiya sistemləri, su çatışmazlığı, əkin sahələrindən örüş və biçənək kimi istifadə olunması, istehsal olunan məhsulların satışındakı çətinliklər, bəzi hallarda əkin sahələrinin yaşayış məntəqəsindən uzaqda yerləşməsi, əkin sahələrindən qanunsuz istifadə halları torpaqların şoranlaşması, şorakətləşməsi və eroziyaya məruz qalması və digər səbəblərdən torpaqların səmərəli istifadəsi çətinləşir, üstəlik bəzi hallarda fermerlər məhsuldarlığın artırılmasında böyük rolu olan səmərəli aqrotexniki tədbirlərin elmi və iqtisadi əhəmiyyətini bilmədən onları ixtisara salır və bu problemləri daha da çətinləşdirirlər. Bununla yanaşı torpağa antropogen təsirin artması, yəni insanların düzgün olmayan təsərrüfat fəaliyyəti, torpaq ehtiyatlarının idarə edilməsindəki bəzi çatışmazlıqlar və iqlim dəyişmələrinin təsiri nəticəsində torpaqlarda deqradasiya prosesləri kəskin şəkildə artmışdır. Mütəxəssislərin qənaətinə görə torpaqların tənəzzülə uğraması əsasən mal-qaranın örüş-otlaq sahələrində normadan artıq otarılması (artıq yüklənmə), meşələrin qırılması, floranın məhv edilməsi və torpaqların səmərəsiz istifadəsi və sənaye istehsalının təsiri nəticəsində baş verir. Bununla yanaşı, torpaqların və suvarma suyunun kimyəvi çirklənməsi, kənd təsərrüfatı bitkilərinin pestisidlər və aqrokimyəvi maddələrlə düzgün işlənilməməsi nəticəsində baş verən kimyəvi çirklənmə həlli vacib olan məsələlərdir. Ən vacibi isə torpaqların ağır metallarla çirklənməsinin qarşısının alınmasıdır. Kənd təsərrüfatının stabil inkişafının təmin edilməməsi, səmərəsiz suvarma və digər aqrotexniki tədbirlərin düzgün təşkil olunmaması torpaqların yamaclarda və digər meylli ərazilərdə becərilməsi, kortəbii meşə materiallarının istehsalı və otlaqların normadan artıq yüklənməsi nəticəsində müxtəlif deqradasiya proseslərinin inkişafına zəmin yaranır. Səthi su axınlarının baş verməsi, eləcə də küləyin təsiri torpaqların mexaniki surətdə dağılmasına, eroziya prosesinin inkişafına şərait yaradır. Əsas istehsal vasitəsi olan torpaq sahələri müxtəlif dərəcədə deqradasiyaya məruz qalıb. Rəsmi istinad mənbələrinə görə ölkə ərazisi üzrə 43,3 faiz torpaq sahəsi bu və ya digər dərəcədə eroziyaya uğramış (o, cümlədən 15,5 % şiddətli), 1332,5 min ha müxtəlif dərəcədə şorlaşmış ( o, cümlədən 220537 ha çox şiddətli), 1339,0 min hektarı ( o, cümlədən 8450 ha şiddətli) isə bu və ya digər səviyyədə şorakətləşib. Həmin deqradasiya proseslərinin arealının günbəgün genişləndiyini və onun təsirinə məruz qalmış torpaq sahələrinin becərilməsi sahəsində ən keyfiyyətli toxum və əkin materiallarından, suvarma suyundan, gübrələrdən, pestisidlərdən və kənd təsərrüfatı texnikalarından istifadənin lazımı səmərə vermədiyini nəzərə alaraq, birinci növbədə bu torpaq sahələrinin münbitliyinin bərpası və meliorativ vəziyyətinin yaxşılaşdırılması istiqamətində təxirəsalınmaz tədbirlər görülməlidir. Səhralaşmanın əsas səbəblərini otlaq sahələrində mal-qaranın və davarların normadan artıq saxlanılması və otarma qaydalarına düzgün əməl edilməməsi şumun və suvarmanın düzgün aparılmaması, bitki örtüyünün məhv edilməsi, ağır və iriqabaritli texnikanın dağıdıcı təsiri, torpağın, havanın, suyun sənayenin təsiri nəticəsində çirklənməsi ilə izah etmək olar. Səhralaşmaya səbəb olan əsas amillərdən biri kimi mal-qara ilə otlaqların həddindən artıq yüklənməsi nəticəsində hər hektar sahəyə orta hesabla 25 baş mal-qara çıxarılması bu faciənin dərəcəsini xeyli artırır. Ölkə üzrə 1393 min ha qış otlağı (42 min ha işğalda), və 557 min ha yay otlağı (203 min ha işğalda) sahəsinin olması və bu nisbətə görə 2724094 baş iribuynuzlu, 8841175 baş xırdabuynuzlu heyvanların movcudluğu otlaq sahələrinin normadan 4-5 dəfə artıq yükləndiyini göstərir. Hazıda beynəlxalq aləm torpaqların münbitliyinin indiki və gələcək nəsil üçün qorunub saxlanması sahəsində bütün səylərini birləşdirilib, eyni zamanda torpaqların deqradasiya prosesinə uğramasının ərzaq təhlükəsizliyi məsələsinin həll edilməsini təhlükə altında qoyduğunu nəzərə alaraq, mühüm addımlar atmağa başlanıb.
Bu baxımdan ölkənin aqrar sahəsinin inkişafına dair son illərdə qəbul olunan dövlət proqramlarında, müvafiq qanunvericilik aktlarında torpaqların münbitliyinin qorunması, bərpası və mühafizəsi sahəsində icrası zəruri olan bir çox vacib tədbirlər nəzərdə tutulmuş və bu hal hazırda uğurla icra olunmaqdadır. Torpaqların münbitliyinin bərpası məqsədilə torpaqların konsolidasiyası, iri fermer təsərrüfatlarının yaradılması və təsərrüfatlarda müasir becərmə texnika və texnologiyaların tətbiqi, gübrə, pestisid və kənd təsərrüfatı texnikaları ilə təminat yaxşılaşdırılıb. Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların surətləndirilməsi ilə bağlı tədbirlər haqqında ölkə başçısının 16.04.2014-cü il tarixli 152 nömrəli Fərmanının isrası ilə əlaqədar Kənd TəsərrüfatıNazirliyində "Elektron kənd təsərrüfatı"sisteminin yaradılması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Bu tədbirlərdən biri də, elektron kənd təsərrüfatının strukturunda kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin dəqiq uçotunun aparılması, onlardan səmərəli istifadə olunması və mühafizəsinin təşkili kimi vacib məsələləri əks etdirən elektron xəritə materialları əsasında torpaqların vahid məlumat bazasının yaradılmasıdır. Məqsəd qeyri-neft sektorunun inkişaf etdirilməsi tədbirləri çərcivəsində aqrar sahədə istehsal potensialının və rəqabətliliyin möhkəmləndirilməsi üçün zəruri təhlillərin aparılması nəticəsində optimal qərarların qəbul olunmasına imkan yaratmaqdır. Torpaqların mühafizəsi və münbitliyinin bərpası üçün həmin sahələrə tələbata uyğun üzvi və mineral gübrələr verilməli, həmin torpaqlarda təsərrüfatdaxili meliorasiya-irriqasiya sistemləri təmir-bərpa olunaraq saz vəziyyətə gətirilməlidir. Eyni zamanda, suvarılan sahələr yaxşıca hamarlanmalı, bitkinin növündən asılı olaraq şırım və ox arxları çəkilməlidir. Onu da qeyd edək ki, bu gün hər bir torpaq istifadəçisi torpağın və bitkinin "dilində" danışmağı öyrənməli və onlarla necə davranmağı bacarmalıdır. Pis "torpaq yoxdur, pis təsərrüfatçı var" deyimini həmişə yadda saxlamaq və torpaqların becərilməsinə bu prinsiplərə ciddi əməl edilməsi baxımından yanaşılmalıdır. Torpaqlarımızın sağlamlaşdırılması, mühafizəsi, ondan səmərəli istifadə olunması məqsədilə münbitliyinin bərpası və artırılması, habelə ekoloji cəhətdən təmiz və keyfiyyətli, bol məhsul istehsal edilməsi hər bir vətəndaşın müqəddəs vəzifəsidir.
Zəka

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31