“SAĞLAM TƏHSİL” sinifləri qurulur
XXI əsrdə təhsil alanların problemlərinin öyrənilməsi xüsusilə aktualdır. ABŞ, Avropa ölkələri, MDB və Azərbaycan alimlərinin araşdırmaları göstərir ki, hipodinamiya, səmərəsiz qidalanma, streslər və zərərli vərdişlər uşaq və gənclərin sağlamlığında ciddi problemlər yaradır. Dünya statistikasına əsasən, bu gün məktəb məzunlarının cəmi 2-15%-i yetkin həyata sağlam fərdlər kimi daxil olur. Bu ilin fevral ayından rəsmi fəaliyyətə başlayan Hədəf STEM Liseyi bəzi dövlət məktəblərində fəaliyyət göstərən, yetərincə uğurlu nəticələri olan “Sağlam Təhsil – Sağlam Millət” layihəsinə qoşulan ilk özəl liseydir.
18 Aprel 2018 13:30 SosialXXI əsrdə təhsil alanların problemlərinin öyrənilməsi xüsusilə aktualdır. ABŞ, Avropa ölkələri, MDB və Azərbaycan alimlərinin araşdırmaları göstərir ki, hipodinamiya, səmərəsiz qidalanma, streslər və zərərli vərdişlər uşaq və gənclərin sağlamlığında ciddi problemlər yaradır. Dünya statistikasına əsasən, bu gün məktəb məzunlarının cəmi 2-15%-i yetkin həyata sağlam fərdlər kimi daxil olur.
Bu ilin fevral ayından rəsmi fəaliyyətə başlayan Hədəf STEM Liseyi bəzi dövlət məktəblərində fəaliyyət göstərən, yetərincə uğurlu nəticələri olan "Sağlam Təhsil - Sağlam Millət" layihəsinə qoşulan ilk özəl liseydir.
Lisey rəhbərliyindən bildirilir ki, layihənin fəlsəfəsi ilə tanış olanda Hədəf konseptinin əsas xətlərindən olan özünüdərk və sağlamlıq bəndlərinə tam cavab verdiyini gördük. Belə ki, millətin gələcəyi olan övladlarımızın həm özünü dərk edərək, həm də sağlam böyüməsi bizim əsas hədəfimizdir. Buna görə də ibtidai və orta təhsildə tam, tam orta təhsildə isə qismən "Sağlam Təhsil - Sağlam Millət" layihəsinin konseptinə uyğun siniflər qurduq. Biz hazırda dövlət məktəblərinin yalnız ibtidai siniflərində fəaliyyət göstərən layihə Hədəf Liseyində yuxarı siniflərdə də fəaliyyət göstərəcək. Bunun üçün də bütün otaqlar konseptin əsas tələblərinə uyğun hazırlanıb.
AR-da təhsilin inkişafı üzrə Dövlət Strategiyasının qarşıya qoyduğu vəzifələri nəzərə alaraq 2013-cü ildə Azərbaycan Respublikasının Təhsil Nazirliyi təhsil sistemində sağlam təhsil texnologiyasının tətbiq edilməsi təşəbbüsü ilə çıxış edib. 2014-cü ildə Təhsil Nazirliyi Milli Təhsil Texnologiyaları Mərkəzi ilə əməkdaşlıq çərçivəsində "Sağlam Təhsil - Sağlam Millət" layihəsinin tətbiqinə başladı. "Sağlam Təhsil - Sağlam Millət" layihəsinin əsas məqsədi fiziki-psixi və mənəvi sağlam, yüksək təlim və yaradıcılıq nailiyyətlərinə malik proqressiv Azərbaycan vətəndaşı yetişdirməkdən ibarətdir. Layihə dörd əsas istiqamətdə inkişaf etdirilib: tibbi-gigiyenik, psixoloji-sosioloji, pedaqoji, gender.
2014-cü ilin mayında 2500 məktəblinin diaqnostik qiymətləndirməsini aparmaq üçün tibbi monitorinq keçirilib. Ənənəvi siniflərdə məktəbi bitirən yeniyetmə məzunlar arasında görmə problemi 45%, qamət pozuntusu isə orta hesabla 50% təşkil edib. Birinci sinifdə təhsil alan oğlanlar arasında fiziki inkişaf çatışmazlığı 19%, beşinci sinifdə 33%, sonuncu sinifdə isə artıq 40%-dir.
Azərbaycan Tibb Universitetin tədqiqatları göstərdi ki, ənənəvi siniflərdə qamət pozuntusu olan şagirdlərin sayı 2014-cü ildə 16.7% təşkil edirdisə, 2016-cı ildə bu göstərici 34%-ə yüksəlib. Sağlam Təhsil siniflərində isə artım cəmi 2,7% təşkil edir ki, bu da statistik olaraq əhəmiyyətsiz hesab edilir. Sağlam Təhsil siniflərində normal görmə qabiliyyəti olan uşaqların sayı 23%, ənənəvi siniflərdə isə cəmi 8,7% yüksəlib. Təhsil alanların fiziki inkişaf göstəricilərini müqayisə etdikdə müəyyən edildi ki, iki il ərzində normal fiziki inkişaflı uşaqların sayı ənənəvi siniflərdə 10%, Sağlam Təhsil siniflərində isə cəmi 0,3% azalıb.
Psixoloji, sosioloji, pedaqoji parametrlər üzrə də belə müsbət dinamika müşahidə olunur. İl boyu həkim-gigiyenistlər, psixoloq-sosioloqlar, pedaqoq metodistlər tərəfindən müəllimlərlə, məktəb psixoloq və həkimləri ilə, məktəb rəhbərliyi və valideyinlərlə iş aparılıb. Müəllimlərə,
psixoloqlara, həkimlərə metodik dəstək verilib, valideyinlərlə görüşlərdə Sağlam Təhsil Pedaqogikasının prinsipləri izah edilib, sualları cavablandırılıb. Həkim-gigiyenistlər dərsdənkənar vaxtda sağlam həyat tərzini dəstəklənməsini təmin etmək məqsədi ilə, məktəb psixoloqları isə müəllim-şagird, müəllim-valideyn münasibətlərinin qurulması və idarə edilməsi baxımından əhəmiyyətli bilik və bacarıqlarla təlimatlandırmaq üçün valideyinlərlə görüşmüşlər.