Ceyran arvadın dövranı

Həyatda hər cür insan xarakteri var və hər kəs də buna  uyğun davranış nümayiş etdirir. Ətrafdakılar razıdırlar, deyillər,  onu başa düşürlər, düşmürlər bu, xarakter sahibinə heç bir təsir  etmir. Çünki o dəyişə bilməz, doğuşdan özü ilə gətirdiklərindən imtina etməsi mümkün deyil. Sadəcə ətrafdakı insanlar onun başqalarına toxunmayan, ciddi zərər verməyən əlamətinə, xarakterinə  az-çox təpki verir, yaxud da qəbul edib razılaşır. Amma elə insan da var ki, onun xarakterindən  doğan hansısa bir hərəkəti bir-iki, yaxud on-on beş, yüz-iki yüz  insana deyil,  bütünlükdə  bir millətə ləkədi.

Züleyxa Nadir

Həyatda hər cür insan xarakteri var və hər kəs də buna  uyğun davranış nümayiş etdirir. Ətrafdakılar razıdırlar, deyillər,  onu başa düşürlər, düşmürlər bu, xarakter sahibinə heç bir təsir  etmir. Çünki o dəyişə bilməz, doğuşdan özü ilə gətirdiklərindən imtina etməsi mümkün deyil. Sadəcə ətrafdakı insanlar onun başqalarına toxunmayan, ciddi zərər verməyən əlamətinə, xarakterinə  az-çox təpki verir, yaxud da qəbul edib razılaşır. Amma elə insan da var ki, onun xarakterindən  doğan hansısa bir hərəkəti bir-iki, yaxud on-on beş, yüz-iki yüz  insana deyil,  bütünlükdə  bir millətə ləkədi.

Bir informasiyada oxudum ki, Şəki rayonunun İncə kəndindən olan Ceyran adlı qadın İslam peyğəmbərinin ruhunun ona köçdüyünü iddia edir: "Məhəmməd peygəmbərin mübarək ruhu məndədir. Onun əmrilə İslamı təbliğ edirəm. Çünki insanlar haqq yolundan uzaqlaşıblar. Sonuncu peyğəmbərimiz mənə missiya tapşırıb. Çətin də olsa mən bu missiyanı layiqli şəkildə yerinə yetirməyə çalışıram. Hər yerdə Qurandan ayələr oxuyuram, insanları düz yola dəvət edirəm".

Qadının hər cümləsinə bir kitablıq fikir bildirmək olar. Söylədikləri gülməli olduğu  qədər də ağrılıdı. Yəni insanlar doğrudanmı bu adamın dediklərinə inanırlar? Yaxud da bu qadın özü,  görəsən, söylədiklərini qəbul edirmi? Bəlkə  fırıldaqçıdı? Bəlkə də  sadəlövh insanların  dini inancına toxunmaqdan həzz alır. Hər halda onu şəxsən tanıyanlar daha  yaxşı bilirlər, kimliyinə daha çox  bələddirlər. Mən isə Ceyran arvadın fikirlərindən nəticə çıxararaq deyirəm ki, qadın Məhəmməd peyğəmbəri təhqir  edir, Allaha asi çıxır.

Əminəm ki, bu qadının Qurandan xəbəri yoxdu. Olsaydı bilərdi ki,  İsra surəsinin 85-ci ayəsində deyilir: "Ya Rəsulum, səndən ruh barədə soruşacaqlar. De ki, Rəbbimin işidir ruh. Sizə elm adlı şeydən çox az vergi verilmiş". Amma bilmir, oxumayıb, ya da ki, dərk etməyib. Çünki nə elmi, dünyəvi, nə də dini savadı var. Ona inananlar da İslamdan, Allahdan və Qurandan məlumatsızdırlar. Qadın insanların məhz bu bilgisizliyindən məharətlə istifadə edərək, Məhəmməd peğəmbərin adından obyekt kimi istifadə edir.

Bu qadın İslam tarixini oxusaydı, Məhəmməd peyğəmbərin həyatını öyrənsəydi, bilərdi ki, Allahın elçisi  tam 23 il İslamı yayıb, təkallahlığı, tək Ona inanmağı, tək yaradanın O olduğunu söyləyib. Bütün bu işlərdə ona səhabələri kömək ediblər. Həzrəti Osman, həzrəti Əbubəkr, həzrəti Ömər və həzrəti Əli peyğəmbərin silahdaşı olublar, onun son nəfəsinə qədər yanından ayrılmayıblar. Peyğımbər özündən sonra İslamın qorunub saxlanması, Quranın təbliğ edilməsi, öyrənilməsi  üçün də bu adamlara vəsiyyət edib, son sözünü onlara deyib. Ceyran arvadı dinləyənlərin, söylədiklərinə inananların bu faktla bağlı bilgiləri yoxdu. Ona görə də qadına irad tutub deyə bilmirlər ki, peyğəmbər 1386 il əvvəl dünyasını  dəyişib. İndi nə hadisə baş verib ki, 1386 ildən sonra  Quranı  təbliğ etməyi İslam peyğəmbəri ona əmr edib? Hansı məziyyətlərinə görə məhz onu seçib?  Soruşmurlar, çünki onlar əsl İslama yox, xurafata, mövhumata meyllidirlər. Vallahi,  billahi çox gülməlidi.

Bəli, qadının o fikri ilə razıyam ki,  insanlar haqq yolundan uzaqlaşıblar. Hərçənd bunu bütün insanlığa şamil etmək  doğru olmazdı, amma heç kim dana bilməz ki, Azərbaycanda əhalinin əksəriyyəti  daha çox savadsız mollaların dediklərinə inanır, Allah, Quran bilgisi qalır bir yanda  gərəksiz, lazımsız  söhbətləri az qala Quran ayəsi hesab edirlər. Bəlkə də bu qadın doğrudan da Quran ayələrini təbliğ edir, mənasını anlatmağa çalışır. Əgər belədirsə, nə gözəl! Amma bu gözəlliyini peyğəmbər ruhunun ona köçməsini iddia etməklə heçə  çevirir, missiyasını sıfıra endirir. Ceyran arvad deyir: "Peygəmbərin əli ilə ən ağır xəstələri belə bir dəfə əl çəkməklə sağaldıram. Kəlmeyi-şəhadət gətirməyənə, yəni müsəlman olmayana şəfa verə bilmərəm. Çünki Məhəmməd peygəmbər buna icazə vermir. Ümumiyyətlə, o, icazə verməsə heç nə edə bilmərəm"!

Allah o kəsləri  seçib peyğəmbərlik verib ki, onlar öncə  İNSANa, insanlığa  hörmət edib, dəyərləndiriblər, sonra isə əhalini Allaha tabe olmağa çağırıblar.  Məhəmməd peyğəmbər  də  məhz bu xüsusiyyətinə görə Allah tərəfindən seçilib, missiyası da  insanları Allaha, Onun vəd verdiyi Cənnətə dəvət etmək olub. Daha  doğrusu, o,  Allahin elçisi olaraq xəbərdarlıq edən idi. Yalnız İsa peyğəmbər çətin sağalan xəstəliklərə nicat verib - onu da Allahın adı ilə edib.  Amma bu qadın peyğəmbərin əli ilə guya  xəstələri sağaldır. Halbuki Allahın elçisi Allah deyil, insandı. Quranda bu barədə deyilir : " De ki, mən də sizin kimi bəşərəm, insanam" (Kəhf sursi, ayə 110).  Dinindən, irqindən, cinsindən asılı olmayaraq hər insanı Allah yaradıb, hər birinin bu dünyada yaşamaq və müalicə olunmaq haqqı  var. Necə yəni "peyğəmbər  müsəlman olmayana müalicə olunmağı icazə vermir"? Bəyəm xristian Allaha inanmır, onun  ibadəti yoxdu? Qadın, bu, nə deməkdi? Sən kimi inandırmağa  çalışırsan? Sən nə zamandan bəri həkim olmusan? Bəyəm Məhəmməd peyğəmbər əli ilə hansısa xəstəni müalicə edib ki,  indi də bu "möcüzəsini"  sənə ötürə?!

Doğrusu, bu qadının söylədiyi ilə əməli geniş yayılıbsa və onun yanına gələnlərin sayı çoxdursa demək ki, təhlükəli bir zamana gəlmişik. XXI əsrin insanları bu qədər avam, bu qədər cahildirlərsə, elmi-texniki tərəqqinin nə önəmi var? Elm insanı hansı  uğurlu yola çıxara bilər? Qadının şəklinə baxıram,  qabağında  kitab var, yəqin ki, ərəb dilində yazılımış Qurandı.  Şəkinin İncə kəndi haqqında Vikipediada  yazılıb ki, 1355 nəfər əhalisi var. Onun da 692 nəfəri kişi, 663 nəfəri isə qadındı. O da məlum deyil ki, 692 nəfər kişinin neçə nəfəri kənddən uzaqda Rusiyada, Türkiyədədir. Rəqəmlər isə təxmini diqtə edir ki, Ceyran arvadın ali təhsili yoxdu, ərəb dilini bilməsi qeyri-mümkündü. Bəs, bu adam qarşısındakı ərəbcə yazılmış Quranı necə oxuyur, insanlara hansı dildə başa salır? Ərəbcəmi? Dinləyən olmaz ki! Azərbaycanda ərəb  dilini bilən nə qədər adam var ki, onun söylədklədiklərini başa düşsün?  Ceyran arvad ərəb  dilini bilsəydi və hansısa dinləyicisi də həmin dili başa düşsəydi əminəm ki, o, İsra surəsinin 85-ci ayəsinə söykənərək deyərdi ki, qadın, sən peyğəmbərin adına ləkə salırsan.Qadının yanına gedənlər yəqin ki,  Şəkidə və ətraf rayonlarda yaşayanlardı. Ya da ki, gedən  yoxdu, mətbuata açıqlama verməklə  yerini-yurdunu bildirib, avamlara, cahillərə çağırış edib.

Tutaq ki, Ceyran arvad ərəb  dilini bilir, Kitabı da həmin dildə oxuyur. Amma o, Quranı təbliğ etmək kimi xoş niyyətini peyğəmbərin adına kölgə salmaqla dəyərdən salır. Əminəm ki, belə davam etsə qadın bir  müddət sonra peyğəmbər olduğunu iddia edəcək. Zaman-zaman özünü peyğəmbər elan edən, hətta həzrəti  Məhəmmədin adına söykənənlər olub, ancaq onlar tarixin təkəri altında qalaraq əziliblər. Görünən o ki,  bu qadın da tarixin onu əzəcək təkərinə doğru istiqamət  götürüb.

Hələ ki, Ceyran arvadın  dövranıdı...

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31