Kor öləndə badam gözlü olmur
16 Aprel 2018 12:52 SosialBazar günü dünya qəzetlərində əsasən milyonerlərin həyatı, uğur hekayələri ilə bağlı silsilə yazılar dərc edilir. "Kasıblıqdan milyonerliyə", "Çörəyə möhtac idi, indi milyonlara çörək verir" tipli başlıqların altında bu şəxslərin uğura gedən hekayəsini oxuyub məəttəl qalırsan. O qədər gerçəkçi, o qədər ibrətlik və zəhmət dolu həyat hekayələridir ki...
Oxuduqca da anlayırsan ki, bu hekayələr ancaq haqq-ədalət, normal biznes şərtləri olan diyarlarda baş verə bilər. İnsan kredit alar, kiçik biznes qurar, sonra onu böyüdər, sağlam iqtisadi rəqabət şəraitində yüksələr, yüksələr, yüksələr...
Azərbaycanda belə hekayələrin niyə olmadığını gözəl bilirik. Bizdə bazar şərtləri, monopoliya, rüşvətxorluq, bank krediti sahəsinin anormallıqları istəsən də, səni normal biznesmenə çevirməyə qoymur. Onda qala kasıblıqdan milyonerliyə... aparan yolun olsun. Elə bu səbəbdən də azərbaycanlı milyonerlərin çoxunun səsi başqa ölkələrdən gəlir. Ən yaxını Rusiyadır, tez-tez ordakı uğur qazanan iş adamları, onların hekayəsi barədə yazılarla tanış oluruq.
Azərbaycan kimi ölkələrdə insanlar öz övladlarının "bir çox varlıların niyə varlı olması" ilə bağlı suallarına cavab verə bilmirlər. Məsələn, anlada bilmirlər ki, onlardan qabiliyyətcə, savadca və bir çox parametrlərə görə aşağıda dayanan birisi niyə ən bahalı maşında gəzir, amma onlar dayanacaqda avtobus gözləyirlər. Bir çox iş yerlərində savadına bələd olduğun birinin sənin rəhbərliyində olması, sənə əmr verməsi nə qədər aşağılayıcı bir durum olsa da, hərənin bir təsəlli formulası var. Məsələn, belə: "Onun kimi pul qazanmaqdansa", "Onun getdiyi yollardan varlanmaq istəsəydim, çoxdan edərdim..."
Və bu şərtlər daxilində sən tərbiyə verdiyin övladına yaxşı ilə pisin, ləyaqətlə ləyaqətsizliyin fərqini anlatmaqda ciddi əziyyət çəkirsən. Dəyərlərin sürüşkən olduğu bir cəmiyyətdə uşaq yetişdirmək olduqca çətindir. Amerikan uşağına savad verir, böyüdür və sonra sərbəst həyata asanlıqla buraxır. Bizdə isə valideyn bütün həyatı boyu əlini uşağının üstündən çəkə bilmir. Məktəbi qurtarana qədər dünyanın xərcini çəkir, ali məktəbə qəbul olanda 5 balı çatmayıb ödənişli təhsil alsa, 4 il boyunca anormal məbləğdə vəsait ödəyir, sonra əsgərliyi, sonra evləndirməsi... Hamısı üçün astronomik məbləğlər lazımdır. Düşünün, bir amerikanın belə bir qayğısı varmı, ola bilərmi? Çünki orda sistem də dəyərlər qədər oturuşub, özünə yer tapıb.
Dəyər demiş, dünən Rusiyada işləməyə gedənləri "otxod" adlandıran deputat Astan Şahverdiyev dünyasını dəyişdi. Sosial şəbəkələrdəki müzakirələrə baxdım, insanlar iki cəbhəyə bölünmüşdü. Bir qrup deyirdi ki, insanlara "otxod" deyən deputat özü o biri dünyaya "otxod" kimi getdi. İkinci bir qrup isə ölənin dalınca danışmağın, deputatın sağlığında bu səhv ifadəsinə görə üzr istədiyi üçün ölüsünü təhqir etməyin doğru olmadığını iddia edirdi. Əslində təhqir bütün hallarda pisdir. Ölü və ya diri, fərq etməz. Ciddi arqumentlərlə kimisə haqsız və gücsüz bir vəziyyətə salmağın mümkün olduğu bir şəraitdə söyüş ancaq zəifliyin nümayişi ola bilər.
Amma və lakin... Koru öləndən sonra badam gözlüyə çevirməyə meylli olan xalqımızın yersiz humanizmi də mənə çatmır. Hər zaman "tarix hər kəsə öz yerini göstərir" demirikmi? O zaman bir tikə çörək qazanmaq üçün Rusiyanın soyuq və diskriminasiya dolu küçələrinə düşən insanları təhqir edən şəxs niyə insanların rəğbətini qazanmalıdır ki? Biz dünyasını dəyişib deyə, diktatorlar barədə ağzımıza su alırıqmı? Xalqın canına oxuyan siyasətçilər ölüb deyə, əməlləri ağlanırmı?
Bayaq baxıram, saytlardan biri mərhum deputatın həyatı ilə bağlı material hazırlayıb. Onun ingilis və rus dillərində mükəmməl bildiyini başlığa çıxarıb. Nə olsun? İngilis dilini mükəmməl bilən adam öz xalqının zəhmətkeş kəsiminə rusca "otxod" deyirsə, istəyir ingilis dilini ingilisdən daha yaxşı danışsın, xalqa nə xeyri? Və ya qazandığı elmi nailiyyətlər, hansısa elmi simpoziumlarda etdiyi çıxışlardan... kimə nə?
Tarix hamını öz layiq olduğu yerdə rahatlayır. Buna həyatın bumeranq effekti də deyə bilərsiz, "etmə, bulma" dünyasının cilvələri də, sosial ədalət də. Yersiz humanizmə də ehtiyac yoxdu bəzi hallarda. "Yaxşılıqdan mərəz doğar" deyib atalarımız....
Sevinc TELMANQIZI