İndi “talaq”ı üç dəfə demirlər
14 Aprel 2018 19:22 SosialCamaatımızın əksər hissəsinin ən xoşagəlməz durumlarda nikbinliyini itirməməsi, ən faciəvi olaylara məzə bucağından yanaşması, əslində, arsızlıq olsa da, hər halda təqdirəlayiqdir. Yumor xilas edir, yoxsa camaat qırılıb gedər.
Bu gün xəbər yayıılıb ki, Lənkəranda bir kişinin ikinci arvadı birincini paya ilə döyüb öldürüb. Təbii ki, qatili tutublar. Dünənə qədər iki arvadı olan xoşbəxt (bəlkə də bədbəxt), başqalarının bəxtəvərlik oxuduğu kişi bir saatın içində dul qalıb, qulaq yoldaşı olmayan bir duruma düşüb.
İndi görün insanların bu faciəvi duruma münasibəti necədir?
Götürüb sosial şəbəkədə yazıblar ki, kişinin bəxti gətirib, indi o gedib üçüncü arvadı ala biləcək.
Heç kim də demir ki, Allah kəssin elə bəxt gətirməyi də, üçüncü dəfə ailə qurmaq şansının yaranmasını da.
Budur, mütəxəssislər həyəcan nağarası (təbil tapılmır) çalırlar ki, son illərdə boşanmaların sayı beş dəfə artıb. Faciəvi durumdur, demoqarfik fəlakət deməkdir, iztirab, göz yaşları-filan da öz yerində.
Amma arsız gədələr orda-burda danışır, hətta öz səhifələrində yazırlar ki, eybi yox, feysbukda podxod eləmək üçün ərsiz gəlinlərin sayı artır. Guya ki, bu ağzıqaralara süllab satan olacaq.
Vəziyyət belədir: Ən pisi odur ki, yaşı ötmüş adamların sözü olmasın, indiki cavanlar ailə qurmaq məsələsini oyuncağa döndəriblər.
Heç keçmiş vaxtlarda, üç dəfə "talaq" deyərək boşanmağın mümkün olduğu dövrlərdə arvad boşamaq bu qədər asan başa gəlmirdi. İndikilər o proseduru xeyli yüngülləşdiriblər, bircə dəfə "talaq" deyir, cumurlar məhkəməyə.
Məhkəmə də prosedura uyğun olaraq boşanmaq istəyənlərə "düşünmək üçün vaxt verir", tərəflərin ağsaqqal-ağbirçəklərinə müraciət edir, amma xeyri olmur, məhkəməyə "xasiyyətimiz tutmur" deyə gələnlərin fikri və xasiyyəti dəyişmir ki, dəyişmir.
Kim bilir, bəlkə boşanmaq üçün 10 müraciət edən cütlükdən birinin fikri dəyişir, gəlib ərizələrini geri götürürlər? Amma statistika elə demir. Statistika deyir ki, cari ildə boşanan cütlüklər beş dəfə artıb. Belə anlaşılır ki, cütlüklərin ilk toqquşması təxminən saatda 120 ilə bir-birinə dəyən avtomobillərin durumu kimi düzəlməz olur, gərək aparıb verələr metalloloma.
Köhnə adamlar bu xüsusda danışanda deyirlər, bizim vaxtımızda eləydi, beləydi, ağsaqqal-ağbirçək vardı, onlar dalaşan və ayrılmaq istəyənlərin başına ağıl qoyurdular, ailəni dağılmağa qoymurdular, amma indi düzən pozulub.
Orası düzdür, indi ağsaqqal-ağbirçək institutu bağlanıb, daha ora qəbul yoxdur. İndiki gənclər "öz həyatımızdır, özümüz bilərik" kursuna gedirlər, qısa müddətə oranı bitirirlər və öz bildiklərini edirlər.
Belə bir mülahizə də var: artıq dövran çox dəyişib, qabaqlar qadınlar "gedib-çıxmış" statusu almaqdan qorxurdularsa, indi qorxmurlar.
Bunun yaxşı tərəfi odur ki, qadınlar o statusu qazanmağın, el töhmətinin qorxusundan, "içən, çəkən, gəzən, gəlib döyən, uşaqlarına baxmayan, evə pul gətirməyən" ərin zülmünə dözə-dözə otururdularsa, indi oturmur, sarsaq kişinin dalından dəyib azad olurlar.
Pis tərəfi isə odur ki, onsuz da dağılan ailələrdəki ərlərin hamısına bu etiketi yapışdırırlar. Həqiqət isə ondan ibarətdir ki, əslində belə deyil. Yəni dağılmış ailələrdə təqsirin kimdə olduğunu hansısa statistik meyarla ölçməyə qalxsaq, məlum olacaq ki, 50:50-yədir - qadınlar nə qədər günahkardırlarsa, kişilər də o qədər günahkardır.
Düzdür, bəzən kişilər də boşadıqları arvadlarının dalınca yaxşı-yaman şeylər danışırlar və əlavə edirlər ki, neyləyim, ya gərək öldürəydim, ya da boşayaydım, ikincini seçdim.
Ancaq hələ o demək deyil ki, onlar da tam düz deyir.
Bəs bu durumdan çıxış yolu varmı? Nə qədər pessimist qənaət olsa da, deməliyəm ki, bu durumdan optimal çıxış yolu yoxdur, görünmür.
Belə də davam edəcəklər: bizi toylarına çağırıb zurna-qavalla, yüz cür təmtəraqla evlənənlərin bir çoxu yavaşca, gizlicə, bizə xəbər vermədən gedib boşanacaqlar. O toylarda deyilən, hər gün 1 milyon dəfə təkrarlanan "Allah xoşbəxt eləsin" sağlıqları var ha, bax, onlar da toyda havaya atılan fişənglərin tüstüsü kimi yox olub, unudulub gedəcək.
Samir SARI