Regionların social-iqtisadi inkişaf proqramları şəhərlərə üz tutan sakinlərin geri qayıtmasına səbəb olub

Azərbaycanda qeyri-neft sektorunun inkişafı ölkənin ərzaq təhlükəsiliyi ilə təmin olunmasında müstəsna rol oynayıb. Hazırda hökumət ixrac potensialını artırmaq və ölkəyə valyuta axınını təmin etmək məqsədilə texniki bitkilərin inkişafına xüsusi diqqət ayırıb.

Azərbaycanda qeyri-neft sektorunun inkişafı ölkənin ərzaq təhlükəsiliyi ilə təmin olunmasında müstəsna rol oynayıb. Hazırda hökumət ixrac potensialını artırmaq və ölkəyə valyuta axınını təmin etmək məqsədilə texniki bitkilərin inkişafına xüsusi diqqət ayırıb. Elə bu məqsədlə də müxtəlif dövlət proqramları qəbul eilib. Etiraf edilməlidir ki, sözügedən dövlət proqramlarının uğurla icra olunmasında regionların social-iqtisadi inkişafı ilə bağlı üəbul edilmiş dövlət proqramları əhəmiyətli rol oynayır. Bununla kifayətlənməyən Azərbaycan hökuməti kənd təsərrüfatının ayrı-ayrı sahələri üzrə də dövlət proqramları qəbul edib. Artıq respublikamızda"Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı" icra edilməkdədir. Pambıqçılığın inkişafına önəm verən dövlət başçısı Bərdədə keçirilən respublika müşavirəsində qeyd edib ki, pambıqçılıq çox gəlirli sahədir və yaxşı gəlir gətirir: "Pambıqçılıq əmək tutumlu sahədir. Biz pambıqçılığın inkişafı ilə bağlı, eyni zamanda, on minlərlə yeni iş yeri yaratdıq. Bütövlükdə son illərdə pambıqçılıqla məşğul olan insanların sayı 200 minə yaxınlaşır. Bu insanların böyük əksəriyyəti işləmirdi, ancaq bu gün işlə təmin olunurlar. Əlbəttə ki, bu, xüsusən bölgələrdə işsizliyin aradan qaldırılması istiqamətində çox ciddi sosial sahədir. Mən əvvəlki çıxışlarımda da bunu qeyd etmişəm, bu gün də qeyd etmək istəyirəm, bizim üçün pambıqçılığın inkişafında əldə edilmiş nəticələr arasında məhz sosial amil ön plandadır. İş yerlərinin yaradılması əsas vəzifəmizdir, biz buna da nail ola bilmişik". Dövlət başçısı vurğulayıb ki, pambıqçılıq eyni zamanda ixracyönümlü sahədir: "İxrac üçün bazarları axtarmağa ehtiyac qalmır, birjalarda satılır. Pambıqçılıq emal sənayesinə böyük təkan verir. İndi pambıqtəmizləmə zavodları işləyir. Onların əlbəttə ki, daha da böyük səmərə ilə işləməsi haqqında danışacağıq. Ancaq bu sahəyə də təkan verildi. Eyni zamanda, bunun yerli istehsala böyük dəstəyi oldu. Çünki biz indi özümüz həm pestisid istehsal edirik, Azərbaycanda heç vaxt pestisid istehsal olunmurdu. Keçən ildən başlayaraq pestisid istehsal etməyə başlamışıq. Bu il Sumqayıtda böyük gübrə zavodu fəaliyyətə başlayacaq. Özümüzü gübrələrlə təmin edəcəyik. Artıq Azərbaycanda suvarma texnikasının istehsalı təşkil olunub. Bu texnikanın istifadəsi nəticəsində biz məhsuldarlığı artıra bilərik. Mingəçevir şəhərində Yüngül Sənaye Parkı yaradılmışdır. Mən bu barədə əvvəlki müşavirələrdə öz sözlərimi demişəm, fikirlərimi bildirmişəm. Bütün lazımi tapşırıqlar verilmişdir. Bu ilin fevral ayında Mingəçevirdə Yüngül Sənaye Parkının iki yeni müəssisəsi fəaliyyətə başlamışdır. O müəssisələrdə 700-dən çox insan işləyir və 20 min ton iplik istehsal olunacaq. Bu da əvvəlki dövrdə istehsal olunan ipliyin demək olar ki, yarısıdır. Əgər Azərbaycanda pambıqçılıq sürətlə inkişaf etməsəydi, bu müəssisələrə də ehtiyac qalmazdı. Çünki bu fabriklər ancaq daxili xammal əsasında uğurla fəaliyyət göstərə bilər.Yəni, görün pambıqçılığın ölkə iqtisadiyyatı üçün nə qədər böyük faydası var - ilk növbədə, məşğulluq, ölkəmizə valyuta gətirir, qeyri-neft sektorunu, qeyri-neft sənayesini inkişaf etdirir, yerli istehsala təkan verir, nəinki pambıqçılıq rayonlarında, digər rayonlarda da iş yerləri yaradır. Azərbaycan bu gün pambıqçılıqla bağlı inkişaf templərinə görə dünyada lider ölkədir. İnanmıram dünyada ikinci ölkə tapılsın ki, iki il ərzində pambıq tədarükünü altı dəfədən çox artıra bilsin". Saatlı rayonunun Mircəlal kəndinin sakini, fermer Nizami Məmmədov bildirib ki, Saatlı pambıqçılıq sahəsində öz təcrübəsi və ənənəsi olan, təsərrüfat qabaqcılları ilə tanınan rayonlardan biri olub. Bu gün də iftixar hissi ilə deyə bilərik ki, dövlət başçısının tapşırığına əsasən həyata keçirilən tədbirlər sayəsində rayonumuzda pambıqçılıq keçmiş şöhrətini bərpa edir: "Ölkə rəhbərinin kənd təsərrüfatının inkişafı ilə bağlı qərarları kəndlərimizə yeni nəfəs verib. Əvvəllər iş dalınca şəhərlərə üz tutan sakinlərimiz bu gün öz kəndlərinə qayıdır, torpağı əkib-becərib ailələrini dolandırırlar.Bunun nəticəsidir ki, məşğulluq səviyyəsi artıb, yeni iş yerləri açılıb, həyat şəraitimiz əsaslı surətdə dəyişib. İndi bizim halal zəhmətimizlə qazanmaq, dolanmaq imkanlarımız daha yüksəkdir. İnsanların maddi vəziyyətinin yaxşılaşması onların torpağa bağlılığını artırıb. Sizin də qeyd etdiyiniz kimi, kənd təsərrüfatının inkişafı həqiqətən də məşğulluğun inkişafına böyük imkanlar yaradır, insanları ələbaxımlılıqdan uzaqlaşdırır. Pambığın bir kiloqramının alış qiymətinin 2015-ci ildə 41 qəpik, 2016-2017-ci illərdə 50 qəpik olduğu halda, prezidentin tapşırığı ilə 2018-ci ildə qiymətin 60 qəpik müəyyən edilməsi, dövlət dəstəyi olaraq 10 qəpik subsidiya ödənilməsi pambıqçılara əlavə stimul verib. Eyni zamanda, əkin sahələrinin suvarılmasının yaxşılaşdırılması, mineral gübrələrin 70 faiz güzəştlə verilməsi, fermerlərə ayrılan kreditlər, texnika və avadanlıqlarla təminat istehsalçıların pambıq əkininə marağını xeyli artırıb. Həmçinin rayonumuzda 4 pambıq zavodunun fəaliyyət göstərməsi fermerlərə əlverişli şərtlərlə müqavilə bağlamağa geniş imkanlar yaradıb". Onun sözlərinə görə, əmək fəaliyyətinə 1981-ci ildə pambıqçılıqda suçu kimi başlayıb, daha sonra təhsil alaraq aqronom kimi fəaliyyətimi davam etdirib: "Ailə-fermer təsərrüfatı olaraq, 2017-ci ildə 40 hektar sahədən 168,5 ton məhsul götürmüşük ki, bu da hər hektardan 42 sentnerdən artıq məhsuldarlıq deməkdir. Çalışırıq ki, əkib-becərdiyimiz torpaqlardan səmərəli istifadə edək, məhsuldarlığı daha da artıraq. Fermer təsərrüfatımızın gəliri ilə 14 ailə öz dolanışığını təmin edir. Əl yığımından gündəlik qazancları orta hesabla 60 manatdan yuxarı olur. Bizim ailə-fermer təsərrüfatında pambığın 30 hektarı əllə, qalan 10 hektarı isə maşınla yığılıb. Məhsul satışından ümumi gəlirimiz 84 min 250 manat, xalis gəlirimiz 51 min manat olub ki, onun da 16 min 850 manatını dövlət dəstəyi olan subsidiya təşkil edib. Yaradılan şəraitdən bəhrələnərək əldə etdiyimiz gəlirlər pambıq əkininə marağımızı daha da artırıb. Cari ildə 70 hektarda pambıq əkini üçün emal müəssisəsi ilə müqavilə bağlamışıq. Artıq sahəmiz tam şumlanıb, arat olunub, mala çəkilib və səpinə hazır vəziyyətdədir. Aqrotexniki qaydalara tam əməl etməklə hər hektardan ən azı 50 sentner məhsul götürməyi qarşımıza məqsəd qoymuşuq. Növbəti illərdə isə əkin sahələrini daha da artırmağı nəzərdə tuturuq. Yaradılmış imkandan istifadə edərək bir məsələni xüsusilə vurğulamaq istəyirəm. Bu gün pambıqçılıqda əsasən xarici ölkələrdən gətirilən toxumlardan istifadə edilir. Lakin arzu edərdik ki, yerli təbii iqlim şəraitinə uyğun quraqlığa, xəstəliklərə, zərərvericilərə davamlı, rayonlaşdırılmış tezyetişən yerli toxum sortlarının yaradılması da gələcəkdə nəzərə alınsın". O,əlavə edib ki, dövlət başçısının əmək adamlarına yaratdığı şərait zəhmətkeşlərin əhval-ruhiyyəsini yüksəldib, onların kənd təsərrüfatının müxtəlif sahələrinə bağlılığına səbəb olub: "Biz bu gün əminliklə deyə bilirik ki, kəndlərimizdə işsiz insan yoxdur. İnsanlar öz zəhməti ilə dolanışığını təmin edir". Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev qeyd edib ki, bu il respublika üzrə pambıq çiyidi səpininə ilk olaraq Bərdədən başlandı: "Bu, bizə daha yaxşı işləmək üçün əlavə stimul verəcək. Qədirbilən Bərdə əməkçiləri minnətdarlıqla xatırlayırlar ki, ulu öndər Heydər Əliyev keçən əsrin 70-80-ci illərində bu zalda pambıqçılıqla bağlı 8 müşavirə keçirib və o dövrdə pambıqçılığın inkişafına səbəb olmuş bir çox mühüm məsələlər burada müzakirə edilib. Sevindirici haldır ki, prezident İlham Əliyev də bu ənənəni davam etdirir, Azərbaycanda pambıqçılığın inkişafına böyük önəm verir. Dövlət başçısının sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı" pambıqçılığa dövlət dəstəyinin gücləndirilməsinə əlavə təkan verib. Bərdəlilər pambıqçılığa verilən z önəmə, göstərilən dövlət qayğısına cavab olaraq ilk gündən bu işə səfərbər olublar. Bu gün pambıqçılığa qayıdış kəndlərimizə yeni nəfəs gətirib, insanlarda yüksək əhval-ruhiyyə yaradıb". Onun sözlərinə görə, ötən il rayonda 8518 hektar - əvvəlki ildəkindən üç dəfə çox pambıq əkilib. 2017-ci ildə isə 22 min 400 ton, yəni, əvvəlki illə müqayisədə 3 dəfə çox pambıq tədarük edilib. Ötən təsərrüfat ilində ümumi məhsuldarlıq 26,3 sentner olub. Keçən il rayonda pambıqçılığın inkişafı hesabına 8 mindən çox sakinimiz işlə təmin edilib, fermerlərə istehsal olunmuş pambığa görə 11,2 milyon manat vəsait ödənilib. Əlavə olaraq istehsalçılara son məhsula görə 2,3 milyon manat subsidiya veriləcək. Ötən təsərrüfat ilində hər hektardan 40-45 sentner yüksək məhsuldarlıq əldə edərək təkcə pambıq istehsalından 70-80, hətta 120 min manatdan yuxarı real qazanc əldə edən fermerlər olub: "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının 4-cü ilinin yekunlarına həsr olunan konfransda dövlət başçısının pambıqçılığı intensiv yollarla inkişaf etdirməklə bağlı söylədiyi fikirlər bizim üçün əsas istiqamət olub. Pambıqçılıqda intensiv inkişafa nail olunmasında keyfiyyətli toxum, gübrə və pestisidlərlə təminat, texnikaya olan tələbatın ödənilməsi, suvarma məsələləri həlledici rol oynayır. Bununla bağlı hər bir fermerə lazımi şərait yaradılmalıdır. Açığını deməliyik ki, fermerlər hələ də bir sıra problemlərlə rastlaşırlar. Ötən il pambıq çiyidinin və ziyanvericilərə qarşı mübarizə üçün tətbiq edilən pestisidlərin keyfiyyətinin bəzi hallarda aşağı olması fermerlərimizə daha yüksək nəticələr əldə etməyə imkan verməyib. Toxumun keyfiyyətsiz olması səbəbindən 360 hektar sahədə təkrar səpin aparılıb. Pestisidlərin, mineral gübrələrin də keyfiyyətinin aşağı olması, bununla belə onların dəyərinə tətbiq edilən güzəştlərin yuxarı həddinin az olması pambıq istehsalçılarına xeyli ziyan vurub. Fermerlər tərəfindən 582 hektar sahədə ziyanvericilərə qarşı mübarizə aparmaq üçün 2-3 dəfə dərman vurulmasına baxmayaraq, onların təsiri çox az olub. Ölkə başçısının "Bitkiçilikdə intensiv inkişafın təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında" sərəncamı ilə istehsalçılara satılan mineral gübrələrin əkin sahələrinin hər hektarına görə satış qiymətinə tətbiq edilən güzəştin 50 faiz, pestisidlərin satış qiymətinə tətbiq edilən güzəştin məbləğinin isə 5 dəfə artırılması fermerlərin ürəyincə olub. Sovetlər dövründə pambıq əkini dövlətin tapşırığı, planı idisə, indi dövlət tərəfindən yaradılan şərait, pambıqçılığın inkişafı ilə bağlı qəbul edilmiş qərarlar insanların bu sahəyə maraqlarını artırmaqla intensiv inkişafı labüd edib, onlara daha çox gəlir əldə etmək imkanları yaradıb. Ötən ay Mingəçevir Sənaye Parkının ərazisində açılışla iki iplik istehsalı fabriki yerli xammaldan istifadə etməklə sənaye və kənd təsərrüfatı məhsullarının istehsalı kimi önəmli sahələrin birgə inkişafına kompleks yanaşmanın bariz nümunəsidir.Sevindirici haldır ki, hərtərəfli dövlət qayğısını, əməyinin nəticəsini görən rayon pambıqçıları bu il keçən ildəkindən 1130 hektar artıq - 9630 hektar sahədə pambıq əkilməsi üçün müqavilə bağlayıb, həmin sahələrdə şum və arat işləri aparılıb və səpinə başlanılıb".

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31