Regional proqramlar yol infrastrukturunu yaxşılaşdırıb
Regionların sosial-iqtisadi inkişına dair Dövlət Proqramlarının icrası çərçivəsində əsas diqqət yetirilən məsələlərdən biri də yol infrastrukturunun yenidən qurulması, yeni yolların çəkilməsidir. Dövlət Proqramının icrasının 14 ili ərzində qeyd edilən istiqamətdə kifayət qədər işlər görülüb, layihələr həyata keçirilib. Hazırda icrası davam edən Dövlət Proqramının üçüncü mərhələsində də yol infrastrukturunun yaradılması, yeni yolların çəkilməsi istiqamətində müvafiq işlər görülür, tədbirlər həyata keçirilir.
11 Aprel 2018 18:41 SosialRegionların sosial-iqtisadi inkişına dair Dövlət Proqramlarının icrası çərçivəsində əsas diqqət yetirilən məsələlərdən biri də yol infrastrukturunun yenidən qurulması, yeni yolların çəkilməsidir. Dövlət Proqramının icrasının 14 ili ərzində qeyd edilən istiqamətdə kifayət qədər işlər görülüb, layihələr həyata keçirilib. Hazırda icrası davam edən Dövlət Proqramının üçüncü mərhələsində də yol infrastrukturunun yaradılması, yeni yolların çəkilməsi istiqamətində müvafiq işlər görülür, tədbirlər həyata keçirilir.
Belə ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrası ilə bağlı olaraq yol infrastrukturunun yenidən qurulmasının davam etdirilməsi çərçivəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən cari ildə ümumi uzunluğu 2 min km-dən artıq olan və respublika üzrə bütün rayonları əhatə edən 102 yol infrastrukturu layihəsini həyata keçirəcək. Sözügedən layihərə uyğun olaraq artıq bir çox yollarda yenidənqurma və tikinti işlərinə start verilib. Bu cür yollardan bir-neçəsi İsmayıllı rayonunda yerləşir. Bura respublika və yerli əhəmiyyətli yolar daxıldır. Yolların uzunluqları 54 km təşkil edir və 52 min əhalinin yaşadığı 69 yaşayış məntəqəsini əhatə edir. Başlanğıcını Respublika əhəmiyyətli Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 5-ci km-dən götürən yerli əhəmiyyətli Kəlbənd-Girk avtomobil yolu İsmayıllı rayonunda yenidən qurulması nəzərdə tutulan yollardan biridir. 14 km uzunluğa malik olan yol əsasən torpaq örtüklü və ensiz olması gediş-gəlişdə çətinliklərin yaranmasına səbəb olurdu. Bu üzdən sözügedən yol IV texniki dərəcəyə uyğun inşa edilir. Tikinti layihəsinə uyğun olaraq 10 metr enində yeni yol yatağı inşa edilir. Bunun üçün hazırda 6 km-lik hissədə yolun profilə salınması və genişləndirilməsi, relyefdən aşağı olan hissələrin normativ hündürlükdə qaldırılması məqsədi ilə çınqıl materialı tökülərək kipləşdirilir. 2 km-lik hissədə bu işlər yekunlaşdırılaraq əsasın alt layının qum-çınqıl qarışından inşası işləri aparılıb. Ardınca optimal-qırmadaş qarışığından əsasın üst layının tikintisi işləri aparılacaq. Torpaq işləri 100 min kv.m-dən ərazini əhatə edir. Texnoloji ardıcıllığa uyğun olaraq növbəti mərhələdə yolun asfaltlanması işlərinə başlanılacaq. Mövcud tikinti norma və standartlar əsasında yola 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənəcək. Yol boyu süni qurğu və suötürücü borulara gəldikdə isə, 1 ədəd suötürücü qurğunun tikintisi, həmçinin zəruri olan yerlərdə yolun altından suların ötürülməsi üçün mövcud boruların bərpa edilərək işlək vəziyyətə salınması, həmçinin müxtəlif diametrli yeni dəmir-beton boruların quraşdırılamsı işləri nəzərdə tutulub.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında aparılan yenidənqurma işləri nəticəsində vətəndaşların rahat gediş-gəlişi təmin ediləcək, həm də bölgədə kənd təsərrüfatı və turizm daha da inkişaf etmiş olacaq. Tərtib olunmuş qrafikə uyğu işlərin qısa müddət ərzində aparılaraq yekunlaşdırılması planlaşdırılır. Bunun üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb olunub.
Dövlət başçısının regionların sosial-iqtisadi inkişafı dövlət proqramı çərçivəsində verdiyi tapşırıq və sərəncamlarına əsasən ölkədə yol infrastrukturunun yenidən qurulması istiqamətində əsaslı islahatlar aparılır. Çünki Azərbaycanda icra edilən sosialyönümlü siyasətin tərkib hissələrindən biri də məhz avtomobil yolu layihələrinin icrasıdır və bununla bağlı uğurlu layihələr hər bir bölgəni, rayonu və kəndi əhatə edir. Zərdab rayonunda bu il 22.4 km uzunluğunda 2 avtomobil yolunun yenidən qurulması nəzərdə tutulub ki, artıq onlardan birində artıq işlərə start verilib. Bu yerli əhəmiyyətli Ucar-Zərdab-Ağcabədi avtomobil yolunun 21-ci km-dən ayrılan və 11 km uzunluğa malik Birinci Alıcanlı avtomobil yoludur. Sözügedən avtomobil yolu IV texniki dərəcəlidir və 2 kəndin 2 minə yaxın əhalisinin rayon mərkəzinə və qonşu rayonlara çıxışını təmin edir. Yolun 0-8 km hissəsi qara örtükdən, 9-11 kilometr hissəsi isə çınqıl örtükdən ibarətdir. Uzun müddətli istismar nəticəsində yol örtüyü tamamilə sıradan çıxıb, yol əsasında çoxlu sayda çökmələr, çalalar əmələ gəlib. Təbii ki, yolun bu vəziyyətdə olması gediş-gəlişi çətinləşdirməklə yanaşı, yol boyu kənd təsərrüfatının inkişafına da mənfi təsir göstərirdi. Hazırda yol boyu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən kompleks təmir-tikinti işləri yuxarıda sadalanan problemlərin birdəfəlik həllinə gətirib çıxaracaq. Çünki torpaq yatağının deformasiyaya uğramış hissələri qazılaraq çıxarılır, yolun qazılmış və relyefdən aşağı olan hissələrində torpaq yatağının qaldırılması üçün tələb olunan qalınlıqda yararlı qrunt tökülərək yayılır və kipləşdirilir. Bundan başqa yolun müəyyən hissəsi bataqlıq-göl ərazisindən keçdiyi üçün burda yol yatağı torpağın xüsusi bərkitmə texnologiyası əsasında xüsusi qrunt tökülərək inşa edilir, yolun altına borular atılır. Artıq yolun 5 km-lik hissəsində yol yatağı və yol əsasının inşası aparılaraq yekunlaşdırılıb, qalan hissədə isə davam etdirilir. Yol əsasının inşası üçün qum-çınqıl və optimal-qırmadaş qarışığından istifadə olunur. Yolun çiyin hissələri də dağıldığından hazırda 44 min kv.m sahədə çiyinlərin 12 sm qalınlığında optimal qum-çınqıl qarışığı ilə bərkidilməsi işləri aparılır. Torpaq işləri 110 min kv.m sahəni əhatə edir. Yol boyu suötürücü qurğular tamamilə sıradan çıxdığı üçün yolun 4-cü km-də su kanalı üzərində uzunluğu 6,2 metr olan suötürücü qurğunun tikintisi, yolun 5-ci km-də Qarasuçay üzərində yerləşən uzunluğu 105 metr olan mövcud avtomobil körpüsünün isə təmiri işləri aparılır. Bundan başqa yol boyu suların ötürülməsi üçün müxtəlif diametrli 276 paqon-metr 23 ədəd dəmir, həmçinin 108 paqon-metr 9 ədəd dəmir-beton borunun quraşdırılır. Tikinti layihəsinə uyğun olaraq yolun 66 min kv.m sahəsinə əlaqələndirici bitum səpilməklə 2 laydan ibarət və 12 sm qalınlıqda asfalt-beton örtüyünün döşənməsi, 1 ədəd avtobus dayanacağının tikintisi, 290 ədəd siqnal dirəyinin, 86 ədəd yol nişanı v məlumatverici lövhənin quraşdırılması, yolda 33 km uzunluğunda xətlənə işlərinin aparılması nəzərdə tutulub.
Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq Azərbaycanda yol infrastrukturunun daha da təkmilləşdirilməsi və müasirləşdirilməsi, yeni körpülərin və yolayrıcılarının tikilməsi, magistral yolların salınması kimi sosial yönümlü tədbirlərin icrası Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən uğurla icra olunur. Kürdəmir rayonunda bu çərçivədə 2 yol infrastrukturu layihəsinin icrası nəzərdə tutulub. Artıq onlardan birində, Karrar-Bağman-Böyük Kəngərli avtomobil yolunun inşasına start verilib. Kürdəmir rayonunda bu il nəzərdə tutulan yol layihələri 15 minə yaxın vətəndaşın yaşadığı 10 yaşayış məntəqəsini əhatə edən 71.2 km uzunluğunda avtomobil yollarıdır. Karrar-Bağman-Böyük Kəngərli avtomobil yolunun əhatə etdiyi yaşayış məntəqələri 6 mindən artıq əhalinin yaşadığı 7 kənddir. Bu kəndlər arasında nəqliyyat əlaqəsi çox pis vəziyyətdə olub. Çünki yolun torpaq və dağılmış qara örtük əsaslı yolla gediş-gəliş çox çətin olub. 37.2 km uzunluğa malik avtomobil yolunun 29.2 km-lik hissəsi deformasiyaya uğramış qara örtük olduğu üçün həmin hissədə yol yatağı qazılaraq çıxarılır, 10 metr enində yeni yol yatağının inşası istiqamətində addımlar atılır. Yol yatağı hazır olan hissələrdə yol əsasının alt layının tikintisi işləri 20 sm qalınlıqda qum-çınqıl qarışığı ilə aparılır. Daha sonra yol əsasının üst layının 12 sm qalınlıqda optima-qırmadaş qarışığı ilə aparılması nəzərdə tutulub. Yolun 8 km-lik hissəsi isə torpaq örtüklü olduğu üçün bu ərazidə tikinti norma və qaydalarına uyğun olaraq yeni yolun inşası işləri aparılır. Hal-hazırda ərazidə yolun profilə salınması, bitki qatının təmizlənməsi və xüsusi çınqıl materialı ilə yeni yol yatağının inşası işləri aparılır. Texnoloji ardıcıllıqla aparılan tikinti işlərinin növbəti mərhələsində yol əsasının inşası işlərinə start veriləcək. Layihə çərçivəsində yol boyu yararsız vəziyyətdə olan suötürücü boruların yeniləri ilə əvəz edilməsi və yenilərinin quraşdırılması işləri də görülür. Bunun üçün 72 paqon-metr müxtəlif diametrli dairəvi dəmir-beton borulardan istifadə olunur. Bundan başqa yolda yerləşən 2 və 4 açırımlı 2 avtomobil körpüsünün əsaslı şəkildə bərpası, yararsız körpü məhəccərlərinin dəyişdirilməsi də görüləcək işlərin siyahısındadır. Torpaq işləri bitəndən sonra yol əsasına əlaqələndirici bitum səpilməklə yol örtüyünün alt layının 7 sm qalınlıqda iri dənəli, üst layının isə 5 sm qalınlıqda xırda dənəli asfalt-beton örtüyü ilə tikintisi işləri aparılacaq. Yol boyu avtonəqliyyat vasitələrinin normal hərəkətini təmin etmək məqsədi ilə 8 ədəd avtobus dayanacağının tikilməsi, 120 ədəd yol nişanının, 37 ədəd km göstəricisinin və 95 ədəd məlumatverici lövhnin, həmçinin 1480 ədəd siqnal dirəyinin quraşdırılması, 100 km-dən çox ağ və sarı xəttin çəkilməsi işləri aparılacaq.
Qeyd edək ki, Karrar-Bağman-Böyük Kəngərli avtomobil yolunun yenidən qurulması yiol boyu yaşayan vətəndaşların Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yoluna asan çıxış əldə etməklə, istər rayon mərkəzinə, istərsə də digər rayonlara rahat gediş-gəlişi təmin olunacaq, yük və sərnişin daşımasına müsbət təsir etməklə, ərazidə kənd təsərrüfatının inkişafına səbəb olacaq.
Regionların sosial-iqtisadi inkişafı dövlət proqramına uyğun olaraq regionlarda yol infrastrukturunun daha da müasirləşdirilməsi istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən mühüm tədbirlər həyata keçirilir. Magistral, respublika əhəmiyyətli yollarla yanaşı kəndlərarası avtomobil yollarının yenidən qurulması geniş vüsət alıb. Yevlax rayonu da bu cür yol infrastrukturu layihələrindən kənarda qalmayıb. Belə ki, hazırda rayonda Qoyunbinəsi-Hacımahmudlu-Nuralılar-Qaramanlı-Nəmərli marşrutu üzrə yaşayış məntəqələrini birləşdirən yeni avtomobil yolu inşa edilir.
Yevlax rayonunun Qoyunbinəsi-Hacımahmudlu-Nuralılar-Qaramanlı-Nəmərli kəndlərarası avtomobil yolu uzun illər istismar olunduğundan yolda qabarmalar və çökmələr əmələ gəlmiş, çiyinlər sıradan çıxmışdır. Bu üzdən sözügedən yolun əsaslı şəkildə yenidən qurulması yol boyu yaşayan vətəndaşların ürəyincə olub. 9.7 km uzunluğa malik Qoyunbinəsi-Hacımahmudlu-Nuralılar-Qaramanlı-Nəmərli avtomobil yolu IV texniki dərəcəyə uyğun inşa edilir. Yolun ensiz olması yol yatağının genişləndirilməsinə zərurət yaradıb. Bu məqsədlə əraziyə xüsusi qrunt gətirilərək yol genişləndirilir. Bu işlər yolun 10 min kv.m-dən çox hissəsində aparılır. Bundan başqa 5 min kub.m-dən çox həcmdə yolun deformasiyaya uğramış hissələrinin qazılaraq çıxarılması, əvəzinə yararlı material tökülərək kipləşdirilməsi və yeni yol yatağının inşası işləri görülür. Yol yatağı hazır olan hissələrdə qum-çınqıl qarışığından ibarət əsasın alt layının tikintisi işləri də aparılır. Bunun ardınca isə optimal-qırmadaş qarışığından istifadə edilərək lazımi qalınlıqda əsasın üst layının inşası nəzərdə tutulub. Ümumilikdə sözügedən torpaq işləri 100 min kv.m-dən çox ərazini əhatə edəcək. Həmçinin 40 min kv.m-ə yaxın sahədə çiyin hissələr lazımi materialla bərkidilir.
Torpaq işlərinə paralel olaraq layihə çərçivəsində yeni suötürücü boruların inşası işləri də həyata keçirilir. Belə ki, borular istismara yararsız olduğundan yenisi ilə əvəz olunmasına ehtiyac var idi. Bu məqsədlə 144 paqon-metr uzunluğunda 12 ədəd metal borunun və müxtəlif diametrli 36 paqon-metr uzunluğunda 3 ədəd dəmir-beton borunun quraşdırılması, boru başlıqlarının dəmir-betonla inşası aparılır.
Torpaq işləri bitəndən sonra texnoloji ardıcıllığa uyğun olaraq iri və xırda dənəli asfalt-beton qarışığından istifadə edilərək örtüyün alt və üst layı 12 sm qalınlıqda asfaltlanacaq. Tikinti işlərinin sonuncu mərhələsində 5 nöqtədə avtobus dayanacağı, 34 ədəd yol nişanı və göstəricinin, 460 ədəd isə siqnal dirəyi quraşdırılacaq, 29 km uzunluğunda yolun xətlənməsi işləri görüləcək. Sözügedən ərazidə yeni və müasir yol infrastrukturu yaradılmaqla avtonəqliyyat vasitələrinin normal hərəkəti təmin olunacaq, 7 yaşayış məntəqəsinin 7 minə yaxın əhalisinin respublika əhəmiyyətli Mingəçevir-Bəhramtəpə avtomobil yolunun 36-cı km-nə rahat çıxış əldə etməklə gediş-gəlişi asanlaşacaq. Yol layihəsinin icrası avtomobillərin hərəkətinin təhlükəsizliyinə zəmin yaratmaqla, həm də kənd təsərrüfatının inkişafına təkan verəcək, məhsulun tez bir zamanda istehsalçıdan istehlakçıya çatdırılmasına hərtərəfli şərait yaradacaq.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir