Regional proqramların davamlı icrası və onun uğurlu nəticələri
Azərbaycanın bu günkü inkişafı, əldə etdiyi nailiyyətlər, qazandığı uğurlarda Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının xüsusi çəkisi və payı var. 2004-cü ildən etibarən həyata keçirilən və bu günə qədər uğurla icra olunan regional proqramlar ölkənin simasını tamamilə dəyişib. İstər aran, istər dağ rayonlarında regional proqramlar çərçivəsində kifayət qədər mühüm işlər görülüb, infrastruktur yenilənib, quruculuq-abadlıq işləri həyata keçirilib.
9 Aprel 2018 15:29 SosialAzərbaycanın bu günkü inkişafı, əldə etdiyi nailiyyətlər, qazandığı uğurlarda Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının xüsusi çəkisi və payı var. 2004-cü ildən etibarən həyata keçirilən və bu günə qədər uğurla icra olunan regional proqramlar ölkənin simasını tamamilə dəyişib. İstər aran, istər dağ rayonlarında regional proqramlar çərçivəsində kifayət qədər mühüm işlər görülüb, infrastruktur yenilənib, quruculuq-abadlıq işləri həyata keçirilib.
İsmayıllı rayonu da Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının uğurla icra edildiyi rayonlar sırasındadır.
Rayonun iqtisadiyyatını, sənaye və kənd təsərrüfatı potensialını gücləndirmək, tikinti-abadlıq, quruculuq işlərini davam etdirmək, yeni layihələrin icrasını təmin etmək, işsizliyi minumuma endirmək, yeni iş yerlərinin açılmasında, əhalinin məşğulluğunun təmin edilməsində təşəbbüsləri reallaşdırmaq regional proqramların icrası çərçivəsində əsas vəzifələr olub.
Dövlət proqramları çərçivəsində xüsusilə rayonda geniş quruculuq-abadlıq işləri həyata keçirilib. Ötən 14 il ərzində rayon ərazisində görülən işlər belə deməyə əsas verir. Son illərdə olduğu kimi, 2017-ci ildə də ilin ilk rübündən başlayaraq dövlət vəsaiti hesabına, eləcə də sahibkarların müraciəti əsasında rayon ərazisində aparılacaq əsaslı tikinti, abadlıq-quruculuq işlərinin həcmi sistemləşdirilib, görüləcək işlərin ardıcıllığı müəyyənləşdirilib, həyata keçiriləcək abadlıq və quruculuq işləri ilə bağlı planlar, eləcədə asfalt örtük vurulacaq küçələrin sxemi hazırlanıb. Bu il rayonun Yenikənd və Tağlabiyan kəndlərində modul tipli məktəb binalarının tikintisi başa çatdırılıb, bazar yaxınlığındakı "Saat meydanı"nın ətrafında şəhərin Baş planına uyğun olaraq abadlıq işləri davam etdirilib.
Rayonda işsizlik probleminin aradan qaldırılması da regional proqramlar çərçivəsində əsas diqqət mərkəzində olub. Belə ki, əhalinin işsizliyinin azaldılması məqsədi ilə İsmayıllı şəhərinin S.Ə.Şirvani küçəsində 170 nəfər toxucu işləyə biləcək xalça müəssisəsinin tikintisi başa çatdırılıb.
Kürdmaşı kəndində yaradılacaq aqroparkın birinci mərhələsinin tikintisi 2017-ci ildə başa çatdırılıb, ümumi tutumu 2200 ton olan meyvə-tərəvəz saxlanılması üçün soyuducu anbar binası tikilərək istismara verilib. Aqropakın digər sahələrinin yaradılması istiqamətində işlər davam etdirilir.
Milli su təchizatı və kanalizasiya xidmətləri üzrə 2-ci layihə çərçivəsində layihənin təmizləyici qurğusunun istismara verilib.
Regional proqramların bir uğurlu cəhəti də ondan ibarətdir ki, yerlərdə kənd təsərrüfatı və digər sahələrin inkişafı daxili istehsalı artırıb. Elə İsmayıllı rayonunda da bu müsbət tendensiya müşahidə edilib. Belə ki, təkcə keçən il rayonda ümumi məhsul buraxılışı faktiki qiymətlərlə 239 milyon 264 min manat olub ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 63 milyon 946 min manat çoxdur. Kənd təsərrüfatında 15,5 faiz, sənayedə 49 faiz, tikinti-quraşdırma işlərində 2,1 dəfə, nəqliyyatda 3,5 faiz, informasiya və rabitədə 10 faiz, ticarətdə 20,6 faiz artım əldə edilib.
Əsas kapitala investisiya qoyuluşu 85 milyon 960 min manat olub ki, bu da əvvəlki illə müqayisədə 2,3 dəfə çoxdur. 23 milyon 897 min manat dəyərində əsas fondlar istifadəyə verilib. Hesabat ilində əhaliyə göstərilən pərakəndə əmtəə dövriyyəsi 16,2 faiz yüksələrək 186 milyon 91 min manata çatıb, keçən ilin eyni dövrünə nisbətən 25 milyon 999 min manat artıb. Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri əvvəlki illə müqayisədə 2 milyon 860 min manat artaraq, 26 milyon 800 min manat təşkil edib.
Rayon büdcəsinin gəlirlər hissəsi 6 milyon 748 min manata qarşı 6 milyon 763 min manat icra olunub.
Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının uğurlu cəhətlərindən biri də regionlarda iş yerlərinin açılması və bununla da əyalətlərdə işsizlik probleminin aradan qaldırılmasıdır. Belə ki, sözügedən proqramın 2014-2018-ci illəri əhatə edən üçüncü mərhələsi çərçivəsində təkcə 2017-ci ildə rayonda 2017-ci ildə 1071 daimi yeni iş yeri açılıb. Bunlardan 34-ü yeni yaradılmış müəssisə və təşkilatlarda, 349-u mövcud müəssisə və təşkilatlarda, 688-i isə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin yanındadır. Qeyd etmək lazımdır ki, il ərzində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 20 layihə üzrə 1 milyon 625 min manat məbləğində güzəştli şərtlərlə kredit verilib, 131 yeni iş yeri açılıb.
Rayon Məşğulluq Mərkəzində 325 idarə, müəssisə, təşkilat və sahibkar qeydiyyatdadır ki, bunların da hazırda 257-si fəaliyyət göstərir.
İl ərzində 1460 nəfər vətəndaş Rayon Məşğulluq Mərkəzinə müraciət edib və onlardan 1368 nəfəri işaxtaran kimi rəsmi qeydiyyata alınıb. Aktiv məşğulluq tədbirlərinin davam etdirilməsinin nəticəsində 2017-ci il ərzində 548 nəfər işlə təmin edilib. İşlə təmin olunanların 203 nəfəri gənc, 94 nəfəri qadın, 9 nəfəri isə qaçqın və məcburi köçkün olub. Hesabat dövründə 33 nəfərə işsiz statusu verilib və onlara işsizlik müavinəti təyin edilib.
2017-ci ildə işsiz və işaxtaran vətəndaşların müvəqqəti məşğulluğunu təmin etmək məqsədilə rayon üzrə ayrılmış 401 iş yerinə Məşğulluq Mərkəzi tərəfindən göndəriş verilmiş və işlə təmin olunublar.
Regional proqramlarım uğurlu icrası çərçivəsində əyalətlərdə əhalinin communal problemlərinin həlli istiqamətində də məqsədyönlü addımlar atılıb və ötən illər ərzində respublikanın bütün bölgələrində bu istiqamətində müvafiq işlər görülüb. Bu mənada İsmayıllı rayonunda görülən işlər də xüsusi qeyd edilməlidir.
Məlumat üçün qeyd edək ki, hazırda İsmayıllı Elektrik Şəbəkəsi 23434 abonentə xidmət göstərir. Onların da 21460-ı əhali, 1974-ü qeyri-əhali abonentləridir. 2017-ci ildə İsmayıllı Elektrik Şəbəkəsinə 64 milyon 330 min kilovat-saat enerji daxil olub, istehlakçılara 56 milyon 672 min kilovat-saat faydalı enerji ötürülüb. İllik yığım 87 faiz yerinə yetirilib. Ümumilikdə 2017-ci il ərzində rayon üzrə 351 ədəd 10 kv-luq, 389 ədəd kabel üçün dayaq basdırılıb, 11,5 km. kabel xətti çəkilib və 1260 abonentin sayğacı küçə şəraitinə çıxarılaraq yenisi ilə əvəz olunub. Digər 10 və 0.4 kv-luq hava xətlərində və yarımstansiyalarda əsaslı və cari təmir işləri aparılıb, xətlərin mühafizə zonaları ağac kütləsindən təmizlənib.
"İsmayıllı-1" və "İsmayıllı-2" su elektrik stansiyaları il ərzində 3 milyon 664 min kilovat-saat elektrik enerjisi istehsal edərək şəbəkəyə ötürüb.
Görülmüş işlərlə yanaşı qeyd olunmalıdır ki, elektrik təsərrüfatı nasaz vəziyyətdə olan yaşayış məntəqələri də vardır. Bir sıra yaşayış məntəqəsinin elektrik təsərrüfatı ötən əsrin 60-70-ci illərində çəkilmişdir. Odur ki, elektrik təsərrüfatının yenidən qurulması işlərinin sürətləndirilməsi vacib məsələ kimi qarşıda durur.
Regional proqramlar çərçivəsində rayonda qazlaşdırma işləri də uğurla həyata keçirilib. Belə ki, rayonun 108 yaşayış məntəqəsindən, rayon mərkəzi də daxil olmaqla, 38-i qazlaşdırılıb. İsmayıllı Qaz Xidmət Sahəsi 15 min 954 abonentə xidmət göstərir ki, bunun da 15 min 778-i əhali, 176-sı qeyri-əhali abonentləridir. Hesabat dövründə abonentlərə 27,6 milyon kubmetr qaz yanacağı verilib, satılan qazın dəyəri 113,5 faiz ödənilib.
2017-ci ildə 259 ədəd məişət qaz sayğacı yenisi ilə əvəz olunub, 359 ədəd sayğac küçə şəraitinə çıxarılıb, layihə-smeta sənədləri əsasında 362 ədəd yeni sayğac quraşdırılıb..İl ərzində aşkar olunmuş 5819 sayda qaz sızması aradan qaldırılıb.
Görülmüş işlərlə yanaşı onu da qeyd etmək lazımdır ki, rayonda qazlaşdırılmamış iri yaşayış məntəqələri hələ də çoxdur.
Əhalinin içməli su təchizatının yaxşılaşdırılması məsələsi də regional proqramlar çərçivəsində əsas diqqət mərkəzində olub. Hazırda İsmayıllı Su-kanal idarəsi 6512 əhali, 222 büdcə və kommersiya obyektinə xidmət göstərir. İsmayıllı şəhərinin içməli su təchizatı və kanalizasiya sisteminin infrastrukturunun bərpası və tikintisinin başa çatdırılması nəticəsində hazırda şəhərdə əhali fasiləsiz olaraq içməli su ilə təmin olunur.
Çoxmənzilli yaşayış binalarının yeni kanalizasiya xəttinə qoşulması başa çatmaq üzrədir. Fərdi yaşayış evlərində yaşayan abonentlər də xəttə qoşulmağa başlayıblar. Ümumilikdə 1454 abonent çirkab sularını yeni kanalizasiya xəttinə axıdır.
Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən Xəlilli, Eyyubbəyli, Gideyli, Çayqovuşan, Çərmədil və Quşencə kəndlərinin içməli su təminatı tədbirlərinə başlanıb.
Dövlət Proqramı çərçivəsində İsmayıllı şəhərində 2 ədəd, Diyallı və Hacıhətəmli kəndlərinin hər birində bir ədəd subartezian quyuları qazılıb.
Bütün bunlarla yanaşı bir çox yaşayış məntəqələrinin, iri kəndlərin su problemi öz həllini gözləməkdədir. Müxtəlif mənbələrdən daxilolmalar, bələdiyyə vəsaitləri, dövlət ayırmaları, qeyri-hökümət təşkilatlarının vəsaitləri hesabına rayonun bütün yaşayış məntəqələrinin su təchizatı yaxın illərdə öz tam həllini tapacaqdır.
Rayonda əhaliyə göstərilən nəqliyyat xidmətinin keyfiyyəti getdikcə yaxşılaşır. Nəqliyyat sektorunun fəaliyyətini günün tələbləri səviyyəsində qurmaq, şəhərdaxili marşrutlarda sərnişin daşınmasını yaxşılaşdırmaq üçün tədbirlər görülür. Avtobusların hərəkəti şəhərin əsas sahələrini əhatə edir. Şəhərdaxili marşrutlarda müasir dayanacaqlar quraşdırılıb. Sərnişin avtobuslarının işində yaranmış müsbət dəyişiklikləri əhali razılıqla qarşılayır.
Kommunal Müəssisələri Kombinatı şəhər ərazisində 329 min kv.metr sahəsi olan küçə və meydanlara, 26 hektar yaşıllıq sahəsinə qulluq edir, küçələrin işıqlandırılmasına nəzarəti həyata keçirir. 2017-ci ildə yerinə yetirilmiş kommunal xidmətlərinin həcmi 777,5 min manat olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 22,8 min manat çoxdur.
İl ərzində 20,6 min kubmetr bərk məişət tullantıları poliqona daşınaraq zərərsizləşdirilib.
Mənzil İstismar sahəsi 45 çoxmərtəbəli və 87 birmərtəbəli yaşayış binasında yerləşən 977 mənzildə yaşayan əhaliyə mənzil-kommunal xidmətləri göstərir. Xidmətdə olan mənzillərin 733-ü tam özəlləşdirilmiş, 244 mənzil isə qeyri-özəldir.
Hazırda da regional proqramın üçüncü mərhələsinin icrası çərçivəsində işlər davam etdirilir.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir