Regionların inkişafı əhailini sosial rifahına müsbət təsir göstərib
Regionların sosial-iqtisadi inkişaf proqramları bölgələrdə kənd təsərrüfatının inkişafına təkan verib. Sözügedən proqramların icrası xüsusən ənənəvi kənd təsərrüfatı sahələrinin genişlənməsi, o cümlədən ixrac potensialının artması ilə müşahidə olunur. Artıq ölkənin ayrı-ayrı rayonları keyfiyyətli və rəqabətədavamlı istehsal məhsullarını xarici bazarlara çıxarmaqla yüksək gəlir əldə etmək imkanı qazanıblar.
4 Aprel 2018 15:14 SosialRegionların sosial-iqtisadi inkişaf proqramları bölgələrdə kənd təsərrüfatının inkişafına təkan verib. Sözügedən proqramların icrası xüsusən ənənəvi kənd təsərrüfatı sahələrinin genişlənməsi, o cümlədən ixrac potensialının artması ilə müşahidə olunur. Artıq ölkənin ayrı-ayrı rayonları keyfiyyətli və rəqabətədavamlı istehsal məhsullarını xarici bazarlara çıxarmaqla yüksək gəlir əldə etmək imkanı qazanıblar. Regionlarda inkişafına xüsusi diqqət yetirilən sahələrdə biri də pamçıqçılıq sahəsidir ki, artıq bu istiqamətdə xeyli işlər görülüb. Buna baxmayaraq, gələcəkdə bu ənənəvi sshənin daha da inkişf etdirilməsi nəzərdə tutulur. Təsadüfi deyil ki, president İlham Əliyev Bərədədə keçirilən pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində qeyd edib ki, kənd təsərrüfatının inkişafında pambıqçılıq xüsusi əhəmiyyət daşıyır: "Təsadüfi deyil ki, 1970-1980-ci illərdə Azərbaycanda məhz pambıqçılığa çox böyük diqqət göstərilirdi və o vaxt əkin sahələrinin 22 faizi pambıqçılığa ayrılmışdı. Əlbəttə ki, ondan sonrakı dövrdə biz daha çox ərzaq təhlükəsizliyi məsələləri ilə məşğul olmağa başladıq və pambıqçılığın əkin sahələri azaldı. Biz bu gün bu barədə danışacağıq. Ancaq son iki il ərzində pambıqçılığın bərpası istiqamətində görülən işlər bir daha onu göstərir ki, bu sahənin çox böyük gələcəyi var. Zəhmətkeşlər, fermerlər üçün bunun çox böyük gəliri var. Ölkə iqtisadiyyatı üçün də böyük faydası var". Yeri gəlmişkən xatırladaq ki, Azərbaycanda pambıqçılığa göstərilə dövlət dəstəyi nəticəsində qısa müddət ərzində bu sahənin inkişafına nail olunub. Bu isə öz növbəsində regionların inkişafına təkan verib, əhalinin məşğulluq probleminin həllində, eləcə də onların rifah halının yüksəlməsində əhəmiyyətli rol oynayıb. Hazırda da bu sahənin inkişafı dövlətin prioritet məsələlərindən hesab olunur. "Azərpambıq" MMC-nin baş direktor əvəzi Zakir Əzimov bildirib ki, ölkədə pambıqçılığın inkişafını təmin etmək məqsədilə 2017-ci il mövsümündə "Azərpambıq" Məhdud Məsuliyyətli Cəmiyyəti respublikanın 14 rayonunda 2523 fermerlə bağlanmış müqavilələr üzrə 28,6 min hektarda pambıq əkilib. 2017-ci ildə kondisiya şəklində çəkidə 51,2 min ton xam pambıq tədarük edilib ki, bu da əvvəlki ilə nisbətən 1,8 dəfə çoxdur. Tədarük edilmiş xam pambığın emalından 19 min ton mahlıc, 23 min ton çiyid, 240 ton lint, 150 ton ulyuk və 512 ton tiftik məhsullarının alınması gözlənilir. Bundan əlavə, emala veriləcək 5800 ton texniki çiyiddən 580 ton pambıq yağı, 4700 ton çiyid cecəsi və 330 ton soapstok da alınacaq. Emaldan alınan məhsullar əsasən Türkiyə, İran, Tacikistan və Gürcüstana satılacaq. Bu ilin pambıq əkini ilə əlaqədar 4136 fermerlə müqavilə bağlanıb və cəmiyyətimizə məxsus torpaqlarla birlikdə 30 min hektardan artıq sahə pambıq əkini üçün hazırdır və bu iş davam edir. Hər hektardan pambığın məhsuldarlığının ötənilki 17,8 sentnerdən bu il 20 sentnerə çatdırmaq nəzərdə tutulur. Hazırda əsas diqqət pambıqçılığın intensiv yollarla inkişaf etdirilməsinə yönəldilib. Səpin kampaniyasını uğurla həyata keçirmək üçün fermerlərin toxumluq çiyidə olan tələbatının ödənilməsi, eyni zamanda, mineral gübrələrlə və zərərvericilərə qarşı mübarizə vasitələri ilə təmin edilməsi üçün müvafiq tədbirlər həyata keçirilir: "Dövlət başçısının 2016-cı il 22 sentyabr tarixli "Pambıqçılığın inkişafına dövlət dəstəyi haqqında" və 2018-ci il 2 mart tarixli "Bitkiçilikdə intensiv inkişafın təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında" sərəncamlarına əsasən hər bir ton xam pambığa görə istehsalçılara 100 manat subsidiya verilməsi, mineral gübrələrin satışında güzəştin ümumi məbləğinin yuxarı həddinin 50 faiz, pestisidlərin satış qiymətinə tətbiq edilən güzəştin məbləğinin yuxarı həddinin isə 5 dəfə artırılmasının pambıqçılığın inkişafında müstəsna əhəmiyyəti olub. Eyni zamanda, bu ildən pambığın satınalma qiymətinin də hər tona 100 manat artırılaraq 600 manat həcmində müəyyənləşməsi fermerlərdə bu sahəyə daha böyük maraq oyadıb". Onun bildirdiyinə görə, hazırda cəmiyyətin mülkiyyətində 1701 ədəd müxtəlif kənd təsərrüfatı texnikası var. "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinin xətti ilə 2016-cı ildə 311 ədəd, 2017-ci ildə 519 ədəd müxtəlif adda kənd təsərrüfatı texnikası alınıb, 2018-ci ildə isə 488 texnika sifariş verilib. Bu il artıq həmin texnikalardan 126-sı alınıb və qalanlarının da pambığın becərilmə və yığılması vaxtına uyğun olaraq alınması təmin ediləcək: "2018-2022-ci illəri əhatə edən strateji dövrdə yaradılmış potensial imkanlar sayəsində əsas diqqət pambıqçılıqda dəyər zəncirinin dərinləşdirilməsinə yönəldiləcək. Cəmiyyət bu işi "Azərbaycan Sənaye Korporasiyası" Açıq Səhmdar Cəmiyyətinin tərkibində olan toxuculuq müəssisələri ilə tərəfdaşlıq əsasında həyata keçirəcək. Artıq bu sahədə Sumqayıtdakı "ASK Tekstil" və "Şəki İpək" müəssisələri ilə real işə başlanılıb. Emaldan alınan mahlıcın 2600 tonu "ASK Tekstil" və 1209 tonu isə "Şəki İpək" Açıq Səhmdar cəmiyyətlərinə veriləcək ki, bu da həmin müəssisələrə verilən mahlıcdan iplik istehsal edilərək, daha uyğun qiymətə Türkiyə Respublikasına və Rusiya Federasiyasına satılacaq. Bu da öz növbəsində, həmin müəssisələrdə yeni iş yerlərinin açılması deməkdir. Beləliklə, qarşıdakı illərdə biz həm yerli və həm də xarici bazarlarda tək mahlıc və pambıq yağı deyil, iplik, parça və toxuculuq məhsulları ilə brendləşəcək, beynəlxalq əmtəə və maliyyə bazarlarına çıxacağıq". Z.Əzimov bildirib ki, pambığın istehsalında və tədarükündə istifadə olunan avadanlıqlar xarici ölkələrdən alınır: "Lakin biz artıq yerli şirkətlərlə əməkdaşlıq etməklə onların istehsal etdiyi bəzi avadanlıqları alıb istifadəyə etməyə başlamışıq. Bu da öz növbəsində, yerli istehsalın inkişaf etdirilməsinə imkan verəcək". "MKT İstehsalat Kommersiya" MMC-nin baş direktorunun müavini Rövşən Həsənov qeyd edib ki, son illər qeyri-neft sektorunun və xüsusilə kənd təsərrüfatının inkişafında yeni mərhələ başlayıb:"Bu, cənab Prezidentin rəhbərliyi ilə aparılan ölkə iqtisadiyyatının şaxələndirilməsi hesabına qeyri-neft sektorunun və regionların inkişaf etdirilməsi siyasətinin məntiqi nəticəsidir. İnsanların torpağa qayıdışı, aqrar sahədəki canlanma dövlət başçısının yüksək diqqət və qayğısının, həyata keçirdiyi düzgün sosial-iqtisadi islahatların təzahürüdür. Aqrar sektorun strateji və ölkəyə valyuta gətirən mühüm sahələrindən biri olan pambıqçılığın inkişafı ilə bağlı aparılan məqsədyönlü siyasətin nəticəsi olaraq imzalanmış fərman və sərəncamlar, pambıqçılığın inkişafı məsələlərinə dair keçirilmiş respublika müşavirələri, qəbul olunmuş Dövlət Proqramı, bu sahə üzrə müxtəlif dəstək və təşviq mexanizmlərinin tətbiqi pambıqçılığın inkişafı üçün əlverişli şərait yaradıb". Onun bildirdiyinə görə, respublikada 2017-ci ildə 135 min hektardan artıq, o cümlədən "MKT İstehsalat Kommersiya" MMC üzrə 70 min 563 hektar sahədə pambıq əkini üzrə çıxış alınıb, ölkə üzrə kondisiya şəklində çəkidə 207 min tondan artıq, o cümlədən cəmiyyətimiz üzrə 130 min 679 ton xam pambıq tədarük edilib. Tədarük edilmiş xam pambığın 114 min tonu artıq emal olunub, 45 min ton mahlıc, 55 min ton çiyid, 1540 ton köməkçi məhsullar alınıb. Bundan əlavə, cəmiyyətimizin istehsal müəssisələrində 3300 ton pambıq ipliyi, 3 min ton rafinə olunmuş pambıq yağı və 22 min ton jmıx istehsal olunub. 2017-ci ildə istehsal olunan məhsullardan yerli istehsal tələbatı daxil olmaqla 26 milyon ABŞ dolları dəyərində mal satılıb ki, bunun da 17,7 milyon dolları ixracın payına düşür. Hazırda məhsulların istehsal və satış prosesi davam edir: "Möhtərəm Prezidentin pambıqçılığa göstərdiyi xüsusi diqqət və qayğı kənd təsərrüfatının əməktutumlu və ölkəmiz üçün ənənəvi olan bu sahəsinin sürətli inkişafına təkan verib, çox qısa bir müddətdə respublika üzrə pambıq əkini sahələri 18 min 800 hektardan 140 min hektara çıxarılıb. Pambıq əkininə verilən subsidiyalar, gübrə və pestisidlərin istifadəsinə tətbiq olunan güzəştlər, "Aqrolizinq" ASC tərəfindən texnikaların güzəştli şərtlərlə satılması, İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən güzəştli şərtlərlə ayrılan kreditlər bu sahənin inkişafına müsbət təsirini göstərib. Cari mövsümdə pambığın alış qiymətinin hər kiloqram üçün 0,10 AZN artırılaraq 0,60 AZN-ə çatdırılması, gübrələrə verilən güzəştlərin hər hektara 50 faiz, pestisidlərə verilən güzəştlərin isə 5 dəfə artırılması pambıqçıları sevindirib, bu sahəni daha gəlirli və fermerlər üçün cəlbedici edib. Bu il cəmiyyətimiz tərəfindən 50 min hektaradək sahədə pambıq əkini nəzərdə tutulub və bu istiqamətdə işlərə başlanılıb. Belə ki, cəmiyyətimizə məxsus 5056 hektar sahədə pambıq əkini nəzərdə tutulub ki, bundan 4235 hektarı müasir və səmərəli suvarma sistemlərindən olan pivot suvarma sistemi ilə təchiz edilib. Pambıqçılıqla məşğul olan 8700 fermerlə 40 min 500 hektar sahədə əkin üçün müqavilə bağlanıb və proses davam edir. 42 min hektarda şum aparılıb, 16 min hektar sahə arata qoyulub, fermerlərə 2 milyon manatdan artıq avans verilib.Bütün rayonlar üzrə ayrı-ayrılıqda texnoloji xəritələr hazırlanıb. 500 ton lifli, 1035 ton lifsiz yüksək reproduksiyalı pambıq toxumu tədarük edilib və tələbat tam ödənilib. Beş min ton ammonium nitrat, 952 ton karbamid gübrəsi tədarük edilib, əlavə olaraq 3500 ton ammonium nitrat, 4 min ton ammofos gübrəsi və 138 ton bitki mühafizə vasitələri sifariş edilib. "MKT İstehsalat Kommersiya" MMC hazırda 6146 texnika və avadanlıq, o cümlədən 188 kombayn, 802 traktor, 5156 müxtəlif təyinatlı qoşqu və avadanlıqlar vasitəsilə fermerlərə xidmət göstərməkdədir. Qeyd etmək istəyirəm ki, fermerlərə vaxtlı-vaxtında, yüksək keyfiyyətli xidmət göstərə bilmək üçün aqrotexniki bazamız tam formalaşıb. Xam pambığın 24 qəbul məntəqəsində tədarükü, 13 pambıqtəmizləmə zavodunda emal edilməsi planlaşdırılır. Məntəqə və zavodlarımızda ötən il əsaslı təmirə başlanılıb, proses yekunlaşmaq üzrədir. Cari mövsümdə cəmiyyətimiz tərəfindən sahələrdən hər hektara orta hesabla 24 sentner olmaqla 120 min ton xam pambığın toplanması gözlənilir.Tədarük ediləcək xam pambığın emalından 48 min ton mahlıc, 60 min ton çiyid, 2 min ton köməkçi məhsullar, çiyidin emalından isə 7 min ton rafinə edilmiş pambıq yağı və 42 min ton jmıx alınması proqnozlaşdırılır". Nəzərə almaq lazımdır ki, pambıq və pambıq məhsullarının idxalı ilə bağlı xarici bazarlar müəyyən edilib və Azərbaycan pambığına tələbat artıb. Təkcə bu fakt deməyə əsas verir ki, ölkədə bu sahənin genişlənməsi paralel olaraq regionların da inkişafına təkan verəcək.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir