Regional proqramlar Aran zonasında pambıqçılığın inkişafına təkan verib
Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarında qarşıya qoyulan bütün vəzifə və tapşırıqlar yerlərdə uğurla icra edilməkdədir. Bunu sözügedən poqramların icrası çərçivəsində bölgələrdə görülən işlər, həyata keçirilən tədbirlər və əldə edilən nəticələr də təsdiqləyir. Ümumiyyətlə, regionla proqramların icrası respublikanın, xüsusilə də regionların simasını əsaslı dərəcədə dəyişib desək yanılmarıq. Bu gün ölkənin şimalından tutmuş cənubuna, qərbindən tutmuş şərqinə qədər bütün bölgələrdə bunun əyani şahidinə çevrilirik.
28 Mart 2018 16:24 SosialRegionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarında qarşıya qoyulan bütün vəzifə və tapşırıqlar yerlərdə uğurla icra edilməkdədir. Bunu sözügedən poqramların icrası çərçivəsində bölgələrdə görülən işlər, həyata keçirilən tədbirlər və əldə edilən nəticələr də təsdiqləyir. Ümumiyyətlə, regionla proqramların icrası respublikanın, xüsusilə də regionların simasını əsaslı dərəcədə dəyişib desək yanılmarıq. Bu gün ölkənin şimalından tutmuş cənubuna, qərbindən tutmuş şərqinə qədər bütün bölgələrdə bunun əyani şahidinə çevrilirik.
2004-cü ildən ilk mərhələsi həyata keçirilən və bu gün də üçüncü mərhələsi başa çatmaqda olan Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları Biləsuvar rayonunda da uğurla icra edilib. Regionla proqramların icrasından keçən 14 il ərzində rayonda görülən işlər, əldə edilən nəticələr belə deməyə əsas verir. Elə Dövlət Proqramının hazırda icrası davam edən üçüncü mərhələsi çərçivəsində görülən işlərin timsalında da bunu əyani şəkildə görmək mümkündür. Qeyd edək ki, Dövlət Proqramının üçüncü mərhələsinin icrası xüsusilə rayonda pambıqçılığın inkişafına öz töhfəsini verib. Belə ki, 2017-ci ildə sosial-iqtisadi inkişaf sahəsində aparılan işlər, o cümədən dövlət başçısının rayonumuz üçün ənənəvi sahə olan pambıqçılığın inkişafı ilə bağlı verdiyi tapşırıq və tövsiyələr uğurla həyata keçirilib.
Rayon üzrə 2015-ci ildə əkilən 3095 hektar sahədən 6362 ton, 2016-cı ildə 6040 hektar sahədən 12062 ton pambıq toplansa da, 2017-ci ildə 11351.8 hektar sahədə pambıq əkini aparılıb və 24762.0 ton məhsul toplanıb. Məhsul yığımına görə rayon respublikada ikinci olub. Məhsulun becərilməsi və toplanması dövründə 20 minə yaxın insanın məşğulluğu təmin olunub ki, bunun da nəticəsində əhali 15 milyon manata yaxın gəlir əldə edib. Pambıqçılıq sahəsində respublika üzrə əldə olunan nailiyyətlərdə qazandığı əmək uğurlarına görə rayonun Aşağı Cürəli kəndindən olan fermer Fazil Hüseyn oğlu Musayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə 2017-ci təsərrüfat ilində kənd təsərrüfatının inkişafında xidmətlərinə görə I dərəcəli "Əmək ordeni" ilə təltif edilib. 2018-ci ildə isə qarşıda pambıq əkinlərinin daha da genişləndirmək kimi şərəfli və məsuliyyətli vəzifələr durur.
Hesabat dövründə mülkiyyətçilərlə emal müəssisələri arasında 8 min hektar pambıq əkininin müqaviləsi artıq bağlanıb, 6 min hektar sahədə şum işləri aparılıb. Hazırda bu istiqamətdə işlər davam etdirilir.
Yeni yaradılmış "Yaşıl ada" Aqroparkında ötən dövrdə 10 min tonluq anbar və ofis binası tikilib, 8 kilometr elektrik xətləri çəkilib, transformator quraşdırılıb,10 kilometrlik suvarma kanalı lildən təmizlənib, 6 kilometr uzunluğunda çınqıl örtüklü yol çəkilib və 5 ədəd kənd təsərrüfatı texnikası alınıb. Bu il aqroparkda min hektar ərazinin suvarılmasında müasir suvarma sistemi olan pivotların quraşdırılması nəzərdə tutulub. Həmçinin 3500 hektar ərazi üçün 21 km elektrik xətlərinin çəkilməsi üçün sənədləşmə işləri aparılır. 2017-ci ildə aqroparkda 435 hektar pambıq, 65 hektar buğda, 400 hektar qarğıdalı bitkisi əkilərək becərilib. Hazırda həmin ərazdə 530 hektar sahədə buğda, 764 hektar sahədə isə arpa əkilib. Bu il əlavə olaraq 300 hektar pambıq, bir o qədər sahədə qarğıdalı, 50 hektar soya və 50 hektar günəbaxan bitkisinin əkilməsi nəzərdə tutulub. "Aqroinvestment GreenFirm" MMC adlanan və 5000 hektar ərazini əhatə edən ikinci aqroparkda isə suvarma məqsədilə Araz çayından 54.2 km-lik qolun tikintisinin birinci hissəsi başa çatıb, hazırda kanalda beton üzlük çəkilişi işlərinə başlanılıb. 2018-ci ildə aqroparkda 450 hektar buğda və hər birindən 50 hektar olmaqla qarğıdalı, yonca, günəbaxan, şəkər çuğunduru və bostan məhsullarının əkilməsi nəzərdə tutulub. 2017-cı ildə rayon üzrə mülkiyyətçilər tərəfindən 22.6 min hektar sahədə yazlıq bitkilərin əkini aparılıb. Taxıl sahələrindən 79.8 min ton məhsul əldə edilib. 2018-ci ilin məhsulu üçün isə 2017-cı ilin payızında 26.2 min hektar taxıl əkilib, bunun da 14.1 min hektarı bugda, 12.1 min hektarı isə arpa olub. Ötən 2017-ci ildə rayon üzrə iri buynuzlu mal-qara 41.3 min baş, xırda buynuzlu mal-qara isə 138.9 min baş təşkil edib.
Hesabat dövründə rayonda ümumi məhsul buraxılışının həcmi 289.8 milyon manat olub ki, məhsul buraxılışının həcmində də kənd təsərrüfatının payı 111.6, ticarətdə 79.2, tikintidə 53.6, sənayedə 41.8, nəqliyyat və rabitədə 3.5 milyon manat təşkil edib.
2017-ci ildə əsas kapitala yönələn investisiyalar 59 milyon manat, pərakəndə əmtəə dövriyyəsi isə 237 milyon manat təşkil edib. 1 yanvar 2018-ci il tarixə rayon əhalisinin sayı 102 min 400 nəfər olub ki, bu əhalinin də təqribən 47 min nəfəri iqtisadiyyatın müxtəlif sahələrində çalışanlardır. Adambaşına düşən ümumi məhsul buraxılışının həcmi 2830 manat, orta aylıq əmək haqqı isə 295.4 manat olmuşdur. Hesabat dövründə rayon üzrə əhalinin gəlirləri 333.3 milyon manat, adambaşına düşən gəlirlərin həcmi isə 3255 manat olub. 2017-ci ildə rayon üzrə 125 fərdi yaşayış evi tikilib. Məşğulluq Mərkəzi vasitəsi ilə 13 ailə özünüməşğulluq proqramları üzrə işə cəlb olunub, onlara 61 min manatlıq istehsal vasitələri verilib.
2017-ci ildə kənd təsərrüfatı məhsullarının istehsalı və emalı üzrə 9.7 milyon manat, sənaye üzrə 2.1 milyon manat investisya cəlb olunub. Bundan əlavə, ötən il "Aqropark Yaşıl Ada" MMC-yə 1.2 milyon manat, digər xidmət sahələri üzrə isə 1.8 milyon manat investisya cəlb olunub. Özəl investisiyaların cəlb edilməsi rayonun iqtisadiyyatının inkişafına, əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsininə xüsusi təkan verib. Bunun da nəticəsində 400-dən çox daimi iş yeri yaradılıb.
2017-ci ildə rayonda sahibkarlığın inkişafına kömək məqsədilə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 62 sahibkara 1 milyon manat kredit verilib. Hesabat dövründə görülmüş işlər nəticəsində rayonda 2647 yeni iş yeri açılıb. 2017-ci ildə rayonumuzda tikinti və abadlıq sahəsində xeyli işlər ğörülüb. Ələt-Astara mağistral avtomobil yolunda 546,8 min manatlıq, Biləsuvar-İran sərhəddi magistral avtomobil yolunda 72,7 min manatlıq yol təmir işləri aparılıb. Əliabad kəndinin mərkəzi küçəsində 2,0 km yol asfaltlaşdırılıb.
"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın dördüncü ilinin yekunlarına həsr olunmuş konfransdakı niqtindən irəli gələn vəzifələrin icrası ilə əlaqədar rayon İcra Hakimiyyətinin geniş tədbirlər planı hazırlanıb.
Tədbirlər planında Biləsuvar şəhərində və ayrı-ayrı kəndlərdə yeni salınmış yaşayış massivlərinin qazlaşdırılmasının başa çatdırılması, rayonun elektrik təsərrüfatının yenidən qurulması, yeni salınmış məhəllələrin tam elektrikləşdirilməsi, rayonun 6 kəndində modul tipli sudurulducu qurğularının tikilməsi, əlavə su xətlərinin çəkilməsi, şəhərdaxili, kənddaxili və kəndlərarası yolların təmiri və tikintisi, Sənaye məhəllələrinin yaradılması məqsədi ilə tədbirlərin görülməsi nəzərdə tutulub.
Bundan əlavə əkin torpaqlarının şoranlaşmasının qarşısının alınması məqsədi ilə şor kollektorların lildən keyfiyyətli təmizlənməsinin aparılması, həmçinin suvarılmayan torpaqların suvarma suyu ilə təminatının yaxşılaşdırılması, pivot sistemlərinin qurulması və genişləndirilməsi, pambıqçılığın inkişafının dəstəklənməsi, bu istiqamətdə əlavə işlərin görülməsi, rayonda taxılçılığın, tərəvəzçiliyin, heyvandarlığın inkişafının dəstəklənməsi, ailə fermer təsərrüfatlarının yaradılması, yerli turizmin inkişafı və digər məsələlər tədbirlər planında öz əksini tapıb.
Cənab Prezident tərəfindən növbəti beş il üçün dövlət proqramının hazırlanması barədə verdiyi tapşırıq isə bir daha göstərir ki, regionlarımız bundan sonra da abadlaşacaq, sosial infrastruktun yenilənməsi daim diqqət mərkəzində olacaq, kənd təsərrüfatının, xüsusilə pambıqçılığın inkişaf etdirilməsi, Aqroparkların salınması, əhalinin məşğulluğunun təmin edilməsi və yeni-yeni iş yerlərinin yaradılması qarşıda duran əsas vəzifələrdən olacaq.
Ölkə başçısının proqram xarakterli çıxışını rəhbər tutaraq 2018-ci ildə və sonrakı illərdə də rayonun sosial-iqtisadi inkişafını təmin edən tədbirlərin həyata keçirilməsini təmin ediləcək.
Qeyd edək ki, artıq Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransdakı nitqindən irəli gələn vəzifələrin icrası ilə əlaqədar Biləsuvar rayon İcra Hakimiyyətinin tədbirlər planı təsdiq olunub.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir