Regionların sosial iqtisadi inkişafı proqramları rayonların dirçəlməsində əhəmiyyətli rol oynayır

Ölkədə həyata keçirilən sosial-iqtisadi siyasət bölgələrin inkişafında xüsusi əhəmiyyət daşıyır. Əsasən regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarının icrası ayrı-ayrı rayonların inkişafına ciddi təsir göstərib. Belə rayonlardan biri də respublikanın cənub bölgəsində yerləşən Astara rayonudur.

Ölkədə həyata keçirilən sosial-iqtisadi siyasət bölgələrin inkişafında xüsusi əhəmiyyət daşıyır. Əsasən regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarının icrası ayrı-ayrı rayonların inkişafına ciddi təsir göstərib. Belə rayonlardan biri də respublikanın cənub bölgəsində yerləşən Astara rayonudur. Məlumta görə, 2017-ci il ərzində Astara rayonunda da bütün sahələrdə nailiyyətlər əldə edilib. Yerli gəlirlər 6 milyon 200 min manat olmaqla 103 %, yerli xərclər isə 93 % icra olunub. Rayonda iqtisadiyyatın əsas sahələri üzrə istehsal olunmuş məhsul və xidmətlərin ümumi dəyəri 227 milyon manat, əhalinin hər bir nəfəri üçün 2120 manat təşkil edib. Son illərdə rayonda 12300 yeni iş yeri açılmış, bunun da 9700-dən çoxu daimi iş yerləridir. Təkcə 2017-ci il ərzində rayonda 4024 yeni iş yeri açılıb. Regionların sosial-iqtisadi inkişafı dövlət proqramları çərçivəsində rayonun infrastrukturu yenidən qurulub, tikinti-quruculuq və abadlıq işləri davam etdirilib. Ölkə Prezidentinin sərəncamları ilə ayrılmış vəsait hesabına tikintisi yenicə başa çatdırılmış Taxtanəkəran-Miki və Taxtanəkəran-Toradi kəndlərarası avtomobil yollarının inşası xüsusilə qeyd olunmalıdır. Rayon mərkəzindən 35-50 km məsafədə yerləşən, ucqar dağlıq əraziləri əhatə edən avtomobil yollarının tikintisi ilə bu istiqamətdə yerləşən 38 yaşayış məntəqəsinin 12 min nəfər əhalisinin ən böyük problemi həllini tapıb. Tikinti-quruculuq sahəsində rayonda həyata keçirilən ən böyük layihələrdən biri də Xəzər dənizi sahilində salınmış park-bulvar kompleksi ərazisinin genişləndirilməsi olub. Azərbaycan Respublikası Prezidentinin 8 iyun 2017-ci il tarixli Sərəncamına uyğun olaraq park-bulvar kompleksinin genişləndirilməsi ilə əlaqədar ayrılan vəsait hesabına tikinti işlərinə başlanılıb, hazırlanmış layihəyə əsasən nəzərdə tutulan işlər ardıcıl olaraq həyata keçirilir. Burada tikinti işləri yekunlaşandan sonra park-bulvar kompleksinin ümumi ərazisi 18 hektar olacaq. Astara şəhərində 29 çoxmərtəbəli ictimai yaşayış binasının fasad və bloklarında əsaslı təmir işləri görülüb, 3 binanın dam örtüyü dəyişdirilib. Astara şəhərinin küçələrində, Lovayın-Pəlikəş, Kijəbə-Burzubənd, Astara-Qamışovka və Pensər-Şahağac avtomobil yollarında cari təmir işləri görülüb. Rayonun ümumtəhsil məktəblərinin maddi-texniki bazasını yaxşılaşdırmaq məqsədilə 7 məktəbdə cari təmir işləri aparılıb, 96 şagird yerlik Bala Şahağac kənd ümumi orta məktəbinin yeni binası ötən həftə istifadəyə verilib. Siyatuk kənd ibtidai məktəb üçün inşa edilən 56 yerlik modul tipli məktəb binası istifadəyə hazırdır. 2017-2018-ci tədris ilində 6 tam orta məktəbdə yaradılmış təmayül siniflərinə rayon üzrə IX sinfi bitirmiş 300 şagird cəlb edilib. Həmçinin rayon əhalisinə göstərilən tibbi xidmətin yaxşılaşdırılması istiqamətində müəyyən tədbirlər həyata keçirilib. Bir neçə səhiyyə müəssisəsi cari təmir edilib, Pəlikəş kənd sahə xəstəxanası üçün müasir tipli bina tikilib istifadəyə verilib. Dövlət başçısının göstərişinə əsasən fevral-may aylarında rayon Mərkəzi Xəstəxanasında və yerlərdəki tibb müəssisələrində keçirilən əhalinin tibbi müayinəsi ənənəvi hal alıb. Bu sağlamlıq aksiyasından 80 mindən çox insan yararlanıb, müayinə zamanı xəstəlik aşkar edilmiş 8100 nəfər müalicə üçün mərkəzi xəstəxanaya və respublikanın digər müalicə mərkəzlərinə cəlb edilib. Cari il fevral ayının 12-dən əhalinin növbəti tibbi müayinəsinə başlanacaq. May ayının 10-dək davam edəcək aksiyada əhalini fəal iştirakı təmin ediləcək. Lakin müasir tibbi avadanlıqlarla təchiz olunmasına baxmayaraq Mərkəzi Xəstəxanada həkim və digər tibb personalının çatışmaması narahatçılıq doğuran məsələlərdən hesab olunur. Astara şəhərinin su təchizatının yenidən qurulması ilə əlaqədar Xanbulançay su anbarından çəkilən su şəbəkəsinin qurulması istiqamətində işlər il ərzində davam edib. Şəhərin prospekti və küçələrində boru xətləri tikilib, 1677 mənzil çıxışları verilib. Bu il şəhərin yeni layihə üzrə içməli su təchizatının təmin edilməsi gözlənilir. "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan Ələt-Astara-İran sərhədi avtomobil yolunun, Astara stansiyasından İran sərhəddinə qədər olan 8.3 km-lik dəmir yolu xəttinin və Astara çayı üzərində 85 metr uzunluğunda dəmir yolu körpüsünün tikintisi başa çatdırılıb. Bu nəqliyyat layihələri istifadəyə verildikdən sonra bölgəmizə turist axını xeyli artacaq. Rayonun qaz təchizatının yaxşılaşdırılması sahəsində də işlər davam etdirilib. Nəticədə 323 ev təsərrüfatı qazlaşdırılıb, rayon üzrə quraşdırılmış sayğacların ümumi sayı 16937-yə çatdırılıb. Rayonda istehlakçıların fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin olunmasından ötrü elektrik xətt təsərrüfatının yaxşılaşdırılması istiqamətində işlər davam edib. Bir neçə ərazidə dayaqlar yeniləri ilə əvəz edilib, 6 ədəd köhnə transformatorlardan ibarət şəbəkə yeni müasir tipli şəbəkə ilə əvəz olunub. Ərçivan və Şahağac nümayəndəliklərində ümumilikdə 600 ədəd SMART tipli sayğac quraşdırılıb. Əvvəllər elektrik təchizatı olmayan Şəvqo kəndinin elektrikləşdirilməsi ilə əlaqədar yeni xətt təsərrüfatı tikilərək 48 evə elektrik enerjisinin verilişi təmin edilib. Ümumilikdə il ərzində 400 yeni abonent üçün sayğac quraşdırılıb, 3060 abonentin sayğacı dəyişdirilib. Rayon telekommunikasiya qovşağı tərəfindən əhaliyə göstərilən rabitə xidmətinin həcmi 800 min manat təşkil etmiş, bu da ötən illə müqayisədə 49 min manat çox olmuşdur. Qovşaqda genişzolaqlı internet xidmətləri lahiyəsi əsasında xətt şəbəkəsinin genişləndirilməsi istiqamətində işlər davam etdirilib. Astara Poçtamtı 428 min manat olan tarif gəliri proqnozunu 100 % icra edib.
Dövlət proqramlarının inkişafı rayon sakinlərinin sosial rifah halının yüksəməsilə nəticələnib, əhalinin məşğulluq probleminin aradan qaldırılmasında mühüm rol oynayıb. Belə ki, dövlət başçısının Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar şəhid olmuş şəxslərin ailələrinin sosial məişət şəraitinin yaxşılaşdırılmasına dair müvafiq Sərəncamının icrası olaraq rayonda mənzil növbəsinə alınmış 1 ailə üçün fərdi yaşayış evi tikilərək istifadəyə verilib, daha bir ailə üçün fərdi evin tikintisinə başlanılıb. Rayonda işsizlik probleminin aradan qaldırılması istiqamətində ciddi addımlar atılıb. Belə ki, Rayon Məşğulluq Mərkəzində 1160 nəfər işaxtaran qeyri-məşğul vətəndaş qeydiyyata alınıb ki, onların 461 nəfəri müxtəlif idarə və müəssisələrdə işlə təmin olunub, 15 nəfər işaxtaran vətəndaşa işsizlik statusu verilib. 15 aztəminatlı ailə özünüməşğulluq layihəsinə cəlb edilməklə dövlət dəstəyi ilə öz ailə bizneslərini qurub. Gələcəkdə bu layihəyə daha çox ailələrin cəlb edilməsi nəzərdə tutulur.
Regionların sosial iqtisadi inkişafı proqramı çərçivəsində Astara rayonunda kənd təsərrüfatı sahəsinin də inkişafı diqqət mərkəzində olub. Bu məqsədlə rayonda xüsusi infrastruktur layihələri reallaşdılıb. Rayonda 100 min paqonometrdən çox müxtəlif ölçülü kanallar lildən təmizlənib, suvarma suyunu itkisiz su tələbatçılarına çatdırmaq üçün arxlar qazılaraq istismara verilib. Rayonda mövcud olan bütün hidrotexniki qurğularda, qapalı şəbəkələrdə, nasos stansiyasında cari təmir işləri vaxtında aparılıb, Lovayn su anbarı tam həcmdə su ilə doldurulub. Görülən tədbirlər nəticəsində rayonda aparılan əkin sahələrində, xüsusən çəltik, çay və sitrus bağlarında xırda problemlər nəzərə alınmasa su çatışmazlığı əsasən müşahidə edilməyib. Yeri gəlmişkən xatırladaq ki, Astara rayonunun təbii iqlim şəraiti arıçılığın inkişafı üçün əlverişli hesab olunur. Bu sahənin prioritet olması nəzərə alınaraq arıçılığın inkişafı istiqamətində görülmüş işlər nəticəsində ümumilikdə arı ailələrinin sayı 12 minə çatdırılıb. Hesabat ilində 100 tona yaxın təbii bal və digər arıçılıq məhsulu istehsal edilərək, bazar və yarmarkalarda satışı həyata keçirilib. Son illər ölkəmizdə İqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı bütün digər sahələr kimi aqrar bölmənin də inkişaf etdirilməsi üçün əlverişli imkanlar yaradıb. Aqrar sahənin inkişafına dövlət dəstəyinin artması, bir sıra stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi nəticəsində kənd təsərrüfatının daha da inkişaf etdirilməsinə, əhalinin məşğulluğunun təmin edilməsinə və güzəranının yaxşıladırılmasına səbəb olub. Hesabat ilində 685 nəfər kənd təsərrüfatı məhsulları istehsalçılarına ümumilikdə 67 min 693 manat subsidiya verilməsi təmin edilib. Regionların sosial-iqtisadi inkişaf proqramı çərçivəsində Astara rayonunda ətraf mühitin mühafizəsi məqsədilə xüsusi tədbirlər həyata keçirilib. Konkret olaraq rayon ərazisində 300 hektar sahədə meşə bərpa tədbirləri aparılıb. Quru və yıxılmış ağaclardan 650 kub metr odun yanacağı tədarük edilərək ümumtəhsil məktəblərinə, xəstəxanalara, hərbi hissələrə, şəhid, əlil və kimsəsiz ailələrə verilib. İl ərzində meşə qanunvericiliyinin pozulması ilə əlaqədar 6000 min manat dəyərində qırıntı aşkar edilərək müvafiq tədbirlər görülüb. Regionların social-iqtisadi inkişaf proqramı rayonda turizmin inkişafına da təsirsiz ötüşməyib. Belə ki, aparılan quruculuq abadlıq işləri turizmin inkişafı üçün daha geniş imkanlar açıb. Dəniz sahilində müasir tələblərə cavab verən park-bulvar kompleksinin salınması və ucqar dağ kəndlərinə gedən yolların asfaltlaşdırılması, turizm potensialının genişlənməsinə əlavə imkanlar yaradıb. Bunun nəticəsidir ki, rayona gələn əcnəbi və yerli turistlərin sayı əvvəlki illərlə müqayisədə xeyli artıb. Ələt-Astara avtomobil yolu istifadəyə verilməsi rayonda turizmin inkişafına böyük təkan verəcək.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31