Avtomobil Yolları Dövlət Agentliyi media nümayəndələrini mükafatlandırdı
Bu gün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində yol təsərrüfatı işçilərinin peşə bayramı münasibətilə media nümayəndələri ilə görüş keçirilib.
21 Fevral 2018 17:26 SosialBu gün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində yol təsərrüfatı işçilərinin peşə bayramı münasibətilə media nümayəndələri ilə görüş keçirilib. Görüşdə çıxış edən Dövlət Agentliyinin sədr müavini Əvəz Qocayev təmsil etdiyi qurumun daim kütləvi informasiya vasitələri ilə yaxından əməkdaşlıq etdiyini diqqətə çatdırıb. Medianın da öz növbəsində Avtomobil Yolları Dövlət Agentliyinin fəaliyyətinə diqqət yetirdiyini deyən Əvəz Qocayev bir sıra KİV-lərdə təmsil etdiyi qurum barədə əksini tapan tənqidi materialları da normal qarşıladıqlarını diqqətə çatdırıb. Onun sözlərinə görə, bir şərtlə ki, tənqid də sağlam tənqid olsun. Əvəz Qocayev deyib ki, sağlam tənqid və bəzi nöqsanlar, problemlər barədə mətbuatda əks olunan obyektiv, qərəzsiz yazılar onları daha məsuliyyətli, səmərəli çalışmağq sövq edir. Dövlət Agentliyinin rəsmisi media ilə bağlı bəzi iradlarını da çatdırıb. Bildirib ki, bəzən mətbutdan tamamilə uzaq adamlar qeyri-sağlam fəaliyyət, reketçiliklə məşğul olaraq KİV-in adınq ləkə gətirir: "Təbii ki, biz Avtomobil Yolları Dövlət Agentliyi olaraq bu kimi media nümayəndələri ilə əməkdaşlıqdan uzaq dururuq. Amma qərəzsiz, sağlam ruhda fəaliyyət göstərən, sırf media, jurnalistika ilə məşğul olan media qurumları ilə yaxından əməkdaşlıq edirik və bundan sonra da bu əməkdaşlıq davam edəcək. Çünki bizim gördüyümüz işləri cəmiyyətə onlar çatdırır, işıqlandırırlar". Əvəz Qocayevin çıxışından sonra Avtomobil Yolları Dövlət Agentliyi ilə yaxından əməkdaşlıq edən KİV-lər qurum tərəfindən təltif olunub. Qeyd edək ki, Avtomobil nəqliyyatını idarə etmək üçün Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 10 iyun tarixli Fərmanı ilə "Azəravtonəqliyyat" Dövlət Konserni və "Azəravtoyol" Dövlət Şirkəti ləğv edilib və Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin tərkibində müvafiq olaraq "Avtonəqliyyatservis" və "Yolnəqliyyatservis" Departamentləri yaradılıb. Azərbaycan Respublikası prezidentinin nəqliyyat-yol kompleksində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında 22 fevral 2007-ci il tarixli sərəncamına əsasən isə Nəqliyyat Nazirliyinin "Yolnəqliyyatservis" Departamenti Məhdud Məsuliyyətli Cəmiyyətinin təşkilati-hüquqi forması dəyişdirilərək Nəqliyyat Nazirliyinin tabeliyində "Azəryolservis" Açıq Səhmdar Cəmiyyəti yaradılıb. 2016-cı ili "Azəryolservis" Açıq Səhmdar Cəmiyyəti üçün yeni dövrün başlanğıcı kimi xarakterizə etmək olar. Özü də müstəqil bir cəmiyyət kimi. Çünki Azərbaycan prezidenti İlham Əliyev "Azəryolservis" ASC-nin Nəqliyyat Nazirliyinin tabeliyindən çıxarılması barədə 28 dekabr 2015-ci il tarixində sərəncam imzalayıb. Bir müddət əvvəl isə qurum Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi adlanıb.
Süleyman