İsrail -İran dueli hələlik sözdə davam edir

Yaxın Şərq problemi uzandıqca İsrail-İran münasibətləri gərginləşməkdə davam edir. Artıq uzun müddətdir ki, iki dövlət müxtəlif beynəlxalq tribunalardan yararlanaraq bir-birlərinə qarşı ittihamla çıxış edirlər. Bəzən isə bu ittihamlar ultimatum həddinə çatır. Danılmaz faktdır ki, ABŞ-dan sonra İranı BMT ali tribunasından hədəfə alan ikinci ölkə İsrail olub. Baş nazir Netanyahu dəfələrlə çıxışının böyük hissəsini İrana həsr edib. Baxmayaraq ki, Azərbaycan da daxil olmaqla bir sıra müsəlman ölkələri ilə yaxın münasibətlər quran İsrail ərəb dövlətləri ilə də münasibətləri istiləşdirmək yolunda önəmli addımlar atmaq niyyətini bəyan edib.

Əlimusa İbrahimov: "İsrailin ətrafındakı İran çəmbəri daralmaqdadır"

Yaxın Şərq problemi uzandıqca İsrail-İran münasibətləri gərginləşməkdə davam edir. Artıq uzun müddətdir ki, iki dövlət müxtəlif beynəlxalq tribunalardan yararlanaraq bir-birlərinə qarşı ittihamla çıxış edirlər. Bəzən isə bu ittihamlar ultimatum həddinə çatır. Danılmaz faktdır ki, ABŞ-dan sonra İranı BMT ali tribunasından hədəfə alan ikinci ölkə İsrail olub. Baş nazir Netanyahu dəfələrlə çıxışının böyük hissəsini İrana həsr edib. Baxmayaraq ki, Azərbaycan da daxil olmaqla bir sıra müsəlman ölkələri ilə yaxın münasibətlər quran İsrail ərəb dövlətləri ilə də münasibətləri istiləşdirmək yolunda önəmli addımlar atmaq niyyətini bəyan edib. Bununla yanaşı, İsrail hələ də İranın dağıdıcı fəaliyyət göstərdiyi qənaətindədir. İranın nüvə proqramının Şimali Koreyanın nüvə silahı əldə etməsi ilə oxşar olduğunu deyən Netanyahu ciddi dəyişiklik olmasa İranın nüvə proqramının Şimali Koreyanın nüvə proqramı kimi olacağını dilə gətirib. Bir müddət öncə İsrail baş naziri qeyd etmişdi ki, İran Yaxın Şərqi ələ keçirməyə çalışır: "Tehran ballistik raket sınaqları keçirir, nüvə silahı əldə etməyə çalışır. Sanksiyalar ləğv olunduqdan sonra İran "ac pələng" kimi dünya ölkələrinə hücum edəcək". Onun sözlərinə görə, hazırda Suriya, Livan və İraqda terror və dəhşət saçmaqda davam edir. Eyni zamanda əlavə etmişdi ki, İsrail İranın Suriyada daimi hərbi bazalar qurması və İsrailə qarşı ölümcül silahlar istehsal etməsinin qarşısını almaq üçün hərəkətə keçəcək. Qeyd edək ki, ABŞ rəsmiləri də öz çıxışlarında İrana qarşı mövqelərini ortaya qoyublar. Tramp prezident seçildikdən sonra İrana qarşı mövqeyini ortaya qoysa da, BMT tribunasında Şimali Koreya və İranı hədəfə alması Amerikanın həm də yaxın dövrdəki siyasi xəttini müəyyən edib. Obama zamanında İranla əldə olunmuş anlaşmalar Tramp tərəfindən faktiki olaraq şübhə altına alınıb. Hətta anlaşmaların bir qisminin ləğv olunacağı gözlənilir. Nyu-Yorka səfəri zamanı İran prezidenti də bəyan edib ki, anlaşmalar ləğv olunsa bu, Amerikanın ziyanına olacaq. Məsələ ondadır ki, İran və ABŞ hazırda Yaxın Şərqdə qarşı-qarşıyadır. Çünki həm İraq, həm Suriyada, həm də bölgənin digər münaqişə bölgələrində İran və ABŞ maraqları toqquşur. Hər iki ölkənin dəstəklədiyi qüvvələr bir-biri ilə savaşır.

İsrailin Baş Naziri Benjamin Netanyahu növbəti dəfə hədə-qorxu dolu monoloqu ilə İranın üzərinə yüklənib. Məlum olduğu kimi İrana qarşı nifrət Netanyahunu o dərəcədə aludə edib ki, əlinə düşən imkanı boş buraxmır. Dəvət olunduğu, iştirak etdiyi və çıxış üçün söz verildiyi bütün beynəlxalq toplantılarda İran əleyhinə, onun indiki hakimiyyətinin əleyhinə mütləq hədə-qorxu, çantaj dolu leksikonunu işə salmalıdır. Almaniyanın Münhen şəhərində keçirilən Təhlükəsizlik Konfransı da istisna olmayıb. Diqqətəlayiqdir ki, baş nazir öz çıxışlarını əyani vasitələr üzərində qurur. Elə Münhendə də o, bu məqsədlə İsrail tərəfindən vurulmuş və İran istehsalı olduğu iddia edilən pilotsuz uçan aparatın bir hissəsini nümayiş etdirib. Çıxışı zamanı əlində tutduğu təyyarə parçasını İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifə uzadaraq səslənib: "Bunu tanıyırsan? Tanımalısan. Bu sizindir. Sən özünlə Tehranda olan tiranlara mesaj apar. Orada İsrailin qətiyyətini yoxlamağa qalxmasınlar". Netanyahu çıxışına davam edərək İranı hədələməyə keçib və bəyan edib ki, İsrail nəinki İranın Orta Şərq regionundakı əlaltılarına qarşı, yeri gəlsə, İranın özünə qarşı hərəkət etməkdən çəkinməyəcək. İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Netanyahunun yarım saatdan artıq çıxışı zamanı İrana qarşı irəli sürdüyü iddiaları rədd edərək, baş naziri tamaşa çıxarmaqda günahlandırıb.


Politoloq Əlimusa İbrahimov deyib ki, İsrail baş nazirinin İrana qarşı növbəti hiddətinə səbəb son günlər Suriya cəbhəsində baş verən hadisələrdir. Xəbər verildiyi kimi, İsrail aviasiyasının mütəmadi həyata keçirdiyi reydlərindən birində Suriyanın havadan müdafiə qüvvələri tərəfindən İsrailin qırıcı təyyarəsi vurulub salınıb: "Bu regionda illərlə baş verən münaqişə və müharibələr fonunda son 30 ildə ilk belə hadisə və İsrail hərbi texnikasının qazandığı imicə vurulan ciddi zərbədir. Deməli, İsrail öz hərbi güçü və hərbi texnikası ilə bundan sonra fəxrlə danışa bilməyəcək. İkinci məsələ ondan ibarətdir ki, bu hadisə ilə Suriya cəbhəsində İsrailin əl-qolu bağlanır. O, əvvəlki kimi quruda, suda, havada "at oynada" bilməyəcək. İsrail təyyarələri əvvəllər olduğu kimi bundan sonra da sağ-salamat geri qayıtmaya bilərlər. Məsələnin üçüncü tərəfinə gəlincə, dəfələrlə İrana qarşı hərbi əməliyyatlardan belə çəkinməyəcəyini bildirən İsrail İranın yardım etdiyi və bu gün hərbi qüvvələri acınacaqlı vəziyyətdə olan bir ölkənin - Suriyanın Hava Hücumundan Müdafiə Qüvvələri qarşısında acizdir".
Müharibənin İrana qarşı yönəlmə ehtimalına gəldikdə, politoloq qeyd edib ki,
İran isə öz növbəsində ona ünvanlanan hədə, şantaj, təhlükələrə baxmayaraq öz işindədir, ekspansiyasını davam etdirir: "İsrailin ətrafındakı İran çəmbəri daralmaqdadır. Başda Amerika olmaqla İsrail, Səudiyyə Ərəbistanı və onların region üzrə tərəfdaşlarının İrana qarşı atdıqları addımların və həyata keçirdikləri tədbirlərin son zamanlar intensivləşməsi belə bu ölkənin Orta Şərqdə irəliləməsinin qarşısını almaqda acizdir. İran bu zamana qədər ona yönələn təhdidləri böyük ustalıqla avantaja çevirməyi bacarıb və indi də eyni sxem üzrə hərəkət edir. Hər keçən gün İranın imkanlarını daha da artırır. Amerika, İsrail, Səudiyyə triosu isə ona qarşı tədbirlər plan fikirləşməkdə, starteji və taktiki gedişlərini razılaşdırmaqda davam edirlər. Onlar uyğun həll variantı tapanda isə artıq gec olacaq". İsrailin baş naziri Netanyahunun Münhendəki Təhlükəsizlik konfransındakı çıxışına gəlincə, politoloq hesab edir ki, sözügedən çıxışla bağlı bəzi maraqlı məqamlar var: "Maraqlı məsələlərdən biri ondan ibarətdir ki, Netanyahu baş nazir olsa belə, təhlükəsizlik üzrə konfransa silah parçası ilə necə buraxılıb? Təhlükəsizlik üzrə konfransda bir ölkənin digər ölkəni hədələməsi hansı beynəlxalq normalara uyğundur? Nəhayət,
Netanyahu əyani vasitələri özü ilə daşımaqda və nümayiş etdirməkdə davam edirsə və bunun üçün ona yaşıl işıq yandırılırsa, kim zəmanət verə bilər ki, növbəti mötəbər iclasların birində o partlamamış raket nümayiş etdirməyəcək?"

Zəka

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31