Azərbaycanda fikir, söz və məlumat azadlığı tam təmin olunub

Ölkə o zaman demoktratik ölkə, cəmiyyət o zaman demokratik cəmiyyət sayılır ki, orada ictimai və dövlət maraqları qorunsun, insanların hüquq və azadlıqları müdafiə edilsin, həmçinin fikir, söz və məlumat azadlığına hərtərəfli şərait yaradılsın. Vurğulamaq yerinə düşər ki, fikir, söz, məlumat və ifadə azadlığı həmçinin bu və ya digər ölkənin nə dərəcədə demokratik, hüquqi və müstəqil bir ölkə olduğunu sərgiləyir.

"Əgər internet heç bir senzura olmadan azaddırsa və əhalinin böyük hissəsi internet istifadəçisidirsə, medianın fəaliyyətinə məhdudiyyətdən danışmaq olmaz"

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Ölkə o zaman demoktratik ölkə, cəmiyyət o zaman demokratik cəmiyyət sayılır ki, orada ictimai və dövlət maraqları qorunsun, insanların hüquq və azadlıqları müdafiə edilsin, həmçinin fikir, söz və məlumat azadlığına hərtərəfli şərait yaradılsın. Vurğulamaq yerinə düşər ki, fikir, söz, məlumat və ifadə azadlığı həmçinin bu və ya digər ölkənin nə dərəcədə demokratik, hüquqi və müstəqil bir ölkə olduğunu sərgiləyir.

Təbii ki, sadaladıqlarım baxımından Azərbaycanı demokratik dövlət, cəmiyyətimizi isə demokratik cəmiyyət adlandırmağa haqqımız var. Çünki istər Ümumilli Liderimiz Heydər Əliyev, istərsə də Ulu Öndərin siyasi kursunun layiqli davamçısı kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən ölkəmizdə fikir, söz və məlumat azadlığının təmin olunması üçün hər cür şərait yaradılıb. Bunun bariz nümunəsi kimi respublikamızda mükəmməl qanunvericilik bazasının yaradılmasını və şəffaf hüquqi mühitin formalaşdırılmasını qeyd edə bilərik. Yəni, qanunlarımız, həmçinin Konstitutsiyamız hər bir Azərbaycan vətəndaşına öz hüquqlarını qorumaqda köməklik edir və ona öz sərbəst fikirlərini söyləmək imkanı verir. Məsələn, ölkəmizdə istənilən şəxs öz fikrini istər hansısa kütləvi informasiya vasitəsində, qəzet və ya jurnalda, istərsə də televiziya kanalında açıq şəkildə ifadə edə bilir. Həmin vətəndaş qarşılaşdığı, üzləşdiyi hər hansı bir çətinliyi, problemi ictimailəşdirməkdə, onu azad və müstəqil şəkildə söyləyməkdə sərbəstdir. Buna görə vətəndaşa və onun şikayətinin dərc olunduğu, yaxud yayıldığı kütləvi informasiya vasitəsinə heç bir basqı və təzyiq edilmir. Əksinə həmin şikayət və problem operativ şəkildə araşdırılır, onun qısa müddətdə həlli istiqamətində müvafiq dövlət strukturlarına tapşırıqlar və tövsiyələr verilir. Bu amil də fikir, söz, ifadə və məlumat azadlığının təmin olunması və ona yüksək dəyər verilməsi anlamını daşıyır.

Digər tərəfdən, istər Prezident İlham Əliyevin, istərsə də dövlət başçısının göstərişi ilə ayrı-ayrı dövlət orqanlarının rəhbərlərinin həm Bakı şəhərində, həm də respublikamızın ayrı-ayrı regionlarında vətəndaşlarla görüşməsi, onların problemləri ilə yaxından tanış olması, vətəndaşların müəyyən məsələlərlə bağlı şkayətlərini açıq şəkildə bəyan etməsi, problemlərin həlli istiqamətində məqsədəuyğun tədbirlərin həyata keçirilməsi, qanun pozuntularına yol verənlərin, ictimai narazılıq və narahatlıq yaradanların qanunmüvafiq qaydada cəzalandrılması və digər məsələlər də onu göstərir ki, istər dövlətimiz, istərsə də ölkə rəhbəri Azərbaycanda demokratik cəmiyyətin formalaşmasında maraqlıdır. Demokratik cəmiyyətin bərqərar olması isə fikir, söz və məlumat azadlığının ən yüksək səviyyədə təmin olunmasının göstəricisidir.  

Qeyd edək ki, dövlət müstəqilliyini əldə etdikdən sonra Azərbaycanda fikir, söz və məlumat azadlığının təmin edilməsi, müstəqil medianın formalaşdırılması vətəndaş cəmiyyəti quruculuğu və demokratikləşmə prosesinin əsas istiqamətlərindən biri kimi daim dövlətin diqqət mərkəzində olub. Ona görə də 1995-ci ildə qəbul olunmuş Konstitusiyamızda müvafiq normalar təsbit olunub, Ümummilli Liderimiz Heydər Əliyevin fərmanı ilə 1998-ci ildə ölkəmizdə senzura ləğv edilib, KİV azadlığının təmin olunması üçün qanunvericilik bazası təkmilləşdirilib və beynəlxalq standartlara uyğunlaşdırılıb. Bunlardan əlavə, medianın iqtisadi müstəqilliyinin gücləndirilməsi üçün çoxsaylı praktiki addımlar atılıb. Bütün bunların nəticəsidir ki, son illərdə Azərbaycanda vətəndaş cəmiyyətinin xeyli dərəcədə inkişaf etməsində hər kəsin fikir, söz və məlumat azadlığının təmin olunması, siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının və Kütləvi İnformasiya Vasitələrinin fəaliyyəti üçün zəruri şəraitin yaradılması da mühüm rol oynayıb. Ümummilli Liderimiz Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı olan Prezident İlham Əliyev Ulu Öndərin siyasi xəttinə sadiq qalaraq həm ölkəmizdə fikir, söz, ifadə və məlumat azadlığının təmin edilməsi istiqamətində davamlı addımlar atır, KİV-lərə diqqət və qayğı ilə yanaşır, müstəqil medianın inkişafı üçün əlindən gələni əsirgəmir, həm də plüralizm ənənələrini inkişaf etdirir. Bütün bu amillər isə beynəlxalq aləmdə Azərbaycanın müsbət imicinin formalaşmasına müsbət təsirini göstərir.

Lakin qazanılan uğurlara baxmayaraq, çoxsaylı problemlərimiz də mövcuddur. Xüsusilə də son illərdə Azərbaycanın müstəqil siyasəti və əldə etdiyi mühüm nailiyyətlər, ölkəmizin sosial-iqtisadi, hərbi və digər sahələrdə qüdrətlənməsi, bəzi məsələlərə görə regionda vahid söz sahibi olması bəzi beynəlxalq təşkilatları, Qərbdəki ermənipərəst dairələri qıcıqlandırır və getdikcə daha çox narahat edir. Ona görə də həmin təşkilatlar tərəfindən ölkəmizlə bağlı absurd iddialardan ibarət qətnamələrin qəbul olunması artıq adət halını alıb. Belə ki, sözügedən təşkilatlar heç bir qanuni sənədə və tutarlı faktlara əsaslanmayan bəyanatlar verirlər, qeyri-obyektiv və qərəzli qətnamələr qəbul edirlər. Məqsəd isə Azərbaycanın beynəlxalq nüfuzuna zərbə vurmaq, Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi və ictimai-siyasi islahatlarına kölgə salmaq, informasiya mühaibəsində ölkəmizin erməni lobbisinə və onun havadarlarına uduzmasına şərait yaratmaqdır. Bir sözlə, Azərbaycanın suveren iradəsini, müstəqil daxili və xarici siyasətini narahatlıqla qarşılayan qüvvələr, erməni lobbisi və antiazərbaycan dairələr qarayaxma kampaniyası vasitəsilə ölkəmizə təzyiq etməyə çalışırlar.
Xatırladaq ki, bir müddət əvvəl Prezident İlham Əliyev Davos Dünya İqtisadi Forumu çərçivəsində bir sıra önəmli görüşlər keçirməklə yanaşı, panel müzakirədə də iştirak edib. İqtisadi Forum çərçivəsində "Strateji perspektivlər: Avrasiya" adlı panel müzakirəsində çıxış edən ölkə başçımız xüsusilə vurğulayıb ki, Azərbaycanda bütün əsas azadlıqlar , o cümlədən, söz və media azadlığı da tam şəkildə təmin olunmaqdadır: "Buraya media azadlığı da aiddir ki, Azərbaycanda media tamamilə azaddır. Ölkə əhalisinin təxminən 80 faizi internet istifadəçisidir. Əgər internet heç bir senzura olmadan azaddırsa və əhalinin böyük hissəsi internet istifadəçisidirsə, medianın fəaliyyətinə məhdudiyyətdən danışmaq olmaz".

Mətbuat Şurasının sədr müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli KİV-ə açıqlamasında deyib ki, Davos İqtisadi Forumu Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün mühüm bir tribunadır. Prezident İlham Əliyev Forum çərçivəsindəki "Strateji perspektivlər: Avrasiya" adlı panel müzakirələrindəki məzmunlu çıxışı ilə Azərbaycanın dolğun mənzərəsini cıza bildi, ölkəmizin region və dünya üçün əhəmiyyətini anlada bildi: "Prezident İlham Əliyevin ölkəmizdə media, söz və ifadə azadlığının durumu ilə bağlı söylədiyi fikirlər də çox ilgincdir. Əvvəla, Prezidentin nitqi ilə bütün dünya Azərbaycandakı söz və ifadə azadlığının durumu barədə geniş bilgi almış oldu. İkincisi isə bəzi siyasi güclərin söz və ifadə azadlığı məsələsi üzərində siyasi manipulyasiyalar etdikləri açıq tekstlə qeyd edildi. Bəzi dünya güclərinin söz və ifadə azadlığı üzərində siyasi manipulyasiyalar etməsi faktı, əslində öz təsdiqini tapmış bir haldır. Bu, yaxın illərin gerçək mənzərəsidir. Amma bu həqiqəti yüksək tribunadan, açıq tekstlə söyləyən prezidentlərdən, bəlkə də birincisi İlham Əliyevdir".

Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov KİV-ə açıqlamasında bildirib ki, Azərbaycanda heç kim sərbəst düşüncəsinə, yaydığı məlumata, yazdığı yazıya görə təqib edilmir və edilməyəcək. Onun dediyinə görə, ölkəmizdə fikir, söz və məlumat azadlığı tam təmin olunub. Hər kəs öz fikrini ifadə etməkdə, onu mətbuata çıxartmaqda, cəmiyyətə çatdırtmaqda azaddır: "Demokratik ölkə olan Azərbaycanın mətbuatında bu və ya digər məsələlərlə bağlı fərqli fikirlər, mövqelər mövcuddur. Çoxsaylı mətbuat orqanları hər gün heç bir maneə ilə rastlaşmadan dövlət orqanlarının fəaliyyətini araşdırır, təhlil edir, yüksək vəzifəli şəxslər, məmurlar barədə tənqidi yazılar verir. Bəzi hallarda mətbuatda etik tələblərin pozulması, təhqirlər də yer alır. Belə ölkədə "söz, mətbuat azadlığı yoxdur" fikri fiksiyadır. Biz demokratik azadlıqların olmadığı ölkələrdəki vəziyyəti bilirik, oradakı mətbuatın durumundan məlumatlıyıq. Azərbaycanda söz və mətbuat azadlığının guya boğulduğunu, azad fikrin olmadığını iddia edən bəzi xarici təşkilatlar, beynəlxalq və yerli dairələr cəmiyyətimizdə insanların sərbəst şəkildə öz fikirlərini ifadə etmək və ya mətbuata vermək imkanlarının məhdudlaşdırılmasına dair fakt göstərə bilərlərmi? Yaxud konkret fakt əsasında deyə bilərlərmi ki, insanların azad şəkildə informasiya almaq, mətbuatı oxumaq, televiziyaya baxmaq, radiolara qulaq asmaq, internetdən istifadə etmək imkanı yoxdur? Belə faktlar olmadığına görə onların hesabatları, bəyanatları, yaydıqları məlumatlar subyektiv və qeyri-obyektiv mülahizələrdən ibarətdir. Bütün ölkələrdə, hətta beynəlxalq qanunlarda da söz və məlumat azadlığına bu və ya digər şəkildə məhdudiyyətlər tətbiq olunub. "Kim nəyi necə istəyir, elə də yazır" praktikası heç bir ölkədə mövcud deyil".

YAP İcra katibinin müavini, Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov "AZƏRTAC"-a müsahibəsində vurğulayıb ki, ölkəmizə qarşı təzyiq və şantaj həyata keçirmək istəyən bəzi antiazərbaycan dairələr Azərbaycanda bərqərar olan söz və mətbuat azadlığı məsələsini manipulyasiya alətinə çevirməyə çalışırlar. Halbuki ölkəmizdə fikir plüralizminə yaradılan şərait, müstəqil mətbuatın inkişafına göstərilən diqqət və qayğı göz önündədir: "Ölkəmizdə azad sözün inkişafı üçün 1998-ci ildən etibarən KİV-lər üzərində dövlət senzurası tamamilə aradan qaldırılıb. KİV-lərin azad fəaliyyətinin təmin olunması üçün bir sıra qanunların qəbulundan sonra bu sahədə formalaşan mühit onu deməyə əsas verir ki, Azərbaycanda fikir və söz azadlığı etibarlı şəkildə və yüksək səviyyədə təmin olunub. Azərbaycanda mövcud olan hüquqi baza da vətəndaşların fikir və düşüncələrini sərbəst ifadə etməsi üçün geniş imkan yaradır. "Kütləvi İnformasiya Vasitələri haqqında", "Məlumat azadlığı haqqında" və digər qanunlarla ölkədə media qurumlarının sərbəst şəkildə yaradılması və fəaliyyəti təmin edilib. Digər tərəfdən, Azərbaycanda jurnalistlərin mənzil-məişət şəraitinin və sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində atılan addımlardan siyasi mövqeyindən asılı olmayaraq bütün jurnalistlər yararlana bilirlər, hər hansı bir ayrı-seçkilik müşahidə edilmir. Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu vasitəsilə ayrılan maliyyə vəsaiti isə dövlətin mətbuatın inkişafına göstərdiyi diqqət və qayğının bariz nümunəsidir".

Nahid Canbaxışlı

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31