Alternativ qətimkan tədbirlərindən niyə istifadə edilmir?

Dövlət başçısının “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə”imzaladığı sərəncama əsasən Cinayət-Prosüssual Məcəlləsi və Cəzaların İcrası Məcəlləsinə müvafiq dəyişikliklər edilib.

Həbs qətimkan tədbrində yaranan problemlər nə ilə bağlıdır?

Dövlət başçısının "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə"imzaladığı sərəncama əsasən Cinayət-Prosüssual Məcəlləsi və Cəzaların İcrası Məcəlləsinə müvafiq dəyişikliklər edilib. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 12-ci maddəsinə əsasən prosessual məcburiyyət tədbirinin tətbiqi ilə əlaqədar şəxsin Konstitusiya ilə təsbit olunmuş hüquq və azadlıqlarının müvəqqəti məhdudlaşdırılması barədə qərar yalnız zərurət olduqda, həmin Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada qəbul edilə bilər. Bakı şəhərinin rayon məhkəmələrində və Sumqayıt şəhər məhkəməsində təqsirləndirilən şəxslər barəsində 2008-ci ildə həbs qətimkan tədbirinin seçilməsi, həbsdə saxlanılma müddətinin uzadılması vəziyyəti barədə təqdimatlara və həbsin ev dustaqlığı ilə əvəz olunması haqda vəsatətlərə baxılması vəziyyəti öyrənilərkən müəyyən edilmişdir ki, məhkəmələr tərəfindən bu sahədə qanunvericiliyin tələblərinə əsasən əməl olunur. Bununla yanaşı, məlum olmuşdur ki, qanunvericiliyin tətbiqi zamanı bir sıra nöqsanlara da yol verilir, xüsusilə verilmiş təqdimatların əsaslılığı ətraflı yoxlanılmır, CPM-nin 154.2-ci maddəsində nəzərdə tutulan qətimkan tədbirllərinin ən ciddi növü hesab edilən həbs qətimkan tədbirinin seçilməsinin əsasları qərarda şərh olunmur, həbs qətimkan tədbirinin seçilməsinin əsası kimi təqsirləndirilən şəxsin cinayət prosesini həyata keçirən orqandan gizlənmək, istintaqın normal gedişinə mane olmaq, cinayət prosesini həyata keçirən orqanın çağırışına gəlməmək kimi ümumi ifadələr işlədilir, onların mövcudluğu ehtimalını təsdiq edən hər hansı faktiki hala istinad olunmur. Böyük ictimai təhlükə törətməyən və az ağır cinayət əməli törətməkdə təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbirinin seçilməsi və həbsdə saxlanılma müddətinin uzadılması barədə təqdimatlar təmin edilərkən bəzi hallarda cinayət-prosessual qanunvericiliyin tələbləri və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsi nəzərə alınmır. Vəkil Rövşən Qasımov bildirib ki, həbs qətimkan tədbiri barədə müstəntiq vəsatətlə çıxış edir, həmin vəsatətlə əlaqədar prokuror məhkəməyə təqdimat verir və bunların əsasında məhkəmə həbs qətimkan tədbiri barəsində qərar qəbul edir: "Göründüyü kimi, həbs qətimkan tədbiri prosesində müstəntiq, prokuror və məhkəmə eyni mövqedən çıxış edirlər. Nəticədə həmin subyektlərin birgə qərarı gələcəkdəki ittiham hökmünə start verir. Əks halda, yəni bəraət hökmü çıxarılan təqdirdə təqsirləndirlən şəxsin reabilitasiya ilə əlaqədar vurulmuş ziyana görə kompensasiya hüququ və eyni zamanda qanunsuz olaraq həbs qətimkan tədbirini seçmiş müstəntiq, prokuror və hakimin məsuliyyəti yaranır. Ona görə də belə qərarları qəbul etmiş şəxslər və onların təmsil etdiyi istintaq, prokurorluq və məhkəmə sonrakı məhkəmə mərhələlərdə bəraət hökmlərinin əsasları müəyyən edildikdə də, belə qərarları qəbul etmirlər". Vəkilin bildirdiinə görə, həbs qətimkan tədbiri cinayət qanunvericiliyinin çoxcəhətli, mərkəzi problemidir: "Birincisi, hüquqi məsələ kimi insanın azadlığı və şəxsi toxunulmazlığı fundamental hüququ ilə bilavasitə bağlıdır, ona müstəsna hallarda tətbiq edilən prosessual məcburiyyət tədbiri kimi baxılmalıdır və zərurəti əsaslandırılmalıdır. İkincisi, mənəvi baxımdan sosial ədalətin bərpasına xidmət etmək mahiyyəti daşımalıdır. Üçüncüsü, həbs qətimkan tədbirinin, eyni zamanda iqtisadi aspektləri mövcuddur, çünki məhsuldar insanın cəmiyyətdən, ailəsindən təcrid olunması, işindən məhrum edilməsi ailə büdcələri üçün böyük itki, eləcə də dövlət büdcəsi üçün yükdür. Qeyd edildiyi kimi, ittiham hökmləri ilə həbs qətimkan tədbirləri arasında ciddi funksional əlaqələr mövcuddur". R.Qasımov bildirib ki, istintaq və məhkəmə orqanları tərəfindən həbs qətimkan tədbiri barədə mövcud olan qanunvericiliyin qaydalarına tam əməl olunmur: "Cinayət-Prosessual Məcəlləsində göstərilir ki, qətimkan tədbiri cinayət işi üzrə icraatda şübhəli və ya təqsirləndirilən şəxsin qanuna zidd davranışının qarşısını almaq, hökmün icrasını təmin etmək məqsədilə bu Məcəllənin 155.1-ci maddəsində nəzərdə tutulmuş hallarda onların barəsində seçilən prosessual məcburiyyət tədbiridir. Qətimkan tədbirinin seçilməsi barədə qərarda şübhəli və ya təqsirləndirlən şəxsin törətdiyi cinayət və ilkin sübutlara istinad edilməklə qətimkan tədbirinin seçilməsi zəruriliyinin əsasları göstərilməlidir.Təqsirsizlik prezumpsiyasına müvafiq olaraq şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində aidiyyatı sübut olunmadıqda, o, həbs oluna və ya zərurət olmadıqca həbsdə saxlanıla bilməz." Onun bildirdiyinə görə, həbs qətimkan tədbiri barədə Ali Məhkəmənin və eləcə də Konstitusiya Məhkəməsinin Plenumunun qərarları da mövcuddur. Həmin qərarlarda məhkəmlər üçün mühüm göstərişlər və tövsiyələr verilmişdir. Təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbirnin seçilməsi ilə bağlı təqdimatlara baxılarkən, məhkəmələr tərəfindən qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2009-cu il tarixli Qərarında göstərilir ki, məhkəmələr həbs qətimkan tədbiri seçərkən yalnız CPM-nin 155-ci maddəsində göstərilən prosessual əsasları formal sadalamaqla kifayətlənməməli, hər bir əsasın konkret təqsirləndirilən şəxsə münasibətdə mövcudluğunun nədən ibarət olmasını və cinayət işinin materialları ilə onların təsdiq edilib-edilməməsini yoxlamalıdırlar. Bu zaman təqsirləndirilən şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyətini səciyyələndirən məlumatlar, o cümlədən yaşı, ailə vəziyyəti, məşğulluq növü, sağlamlığı və bu kimi digər halar nəzərə alınmalıdır. Həbs qətimkan tədbirinin seçilməsi haqqında təqdimata baxarkən, onlar ilk növbədə Azərbaycan Respublikası CPM-nin 154-cu maddəsində nəzərdə tutulmuş digər qətimkan tədbirnin seçilməsinin mümkünlüyünu yoxlamalı, təqdimat təmin edildikdə isə həbslə əlaqədar olmayan qətimkan tədbirinin seçilməsinin qeyri-mümkün olmasını əsaslandırmalıdırlar. Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 157.5-ci maddəsinin şərh olunmasına dair 09 iyul 2010-cu il tarixli qərarı"nda da göstərilir ki, hər kəsin azadlıq hüququ və şəxsi toxunulmazlıq hüququ insan hüquq və azadlıqlarına həsr olunmuş beynəlxalq aktlarda, o cümlədən, İnsan hüquqları üzrə Ümumi Bəyannamənin 3-cü maddəsində, Mülki və Siyası Hüquqlar haqqında Beynəlxalq Paktın 9-cu maddəsində, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 5-ci maddəsində də təsbit olunmuşdur. Hər kəsin bu hüququnun müdafiəsi təmin edilməlidir. Bu, onu nəzərdə tutur ki, Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndində göstərilmiş şərtlər istisna olmaqla, heç kəsin azadlığı məhdudlaşdırlmamalı və ya məhdudlaşdırılması davam etdirilməməlidir. Azadlıq hüququndan Konvensiyanın 5-ci maddəsinin 1-bəndi ilə təmin olunmuş istisna siyahısı məhdud xarakterlidir və bu istisnaların yalnız dar təfsiri sözügedən müddəanın məqsədinə uyğundur. Beləliklə, mövcud olan hüquqi baza həbs qətimkan tədbiri barəsində məsələnin bütün cəhətlərini tənzimləyir. Qanunvericiliyin məzmunundan da görünür ki, həbs qətimkan tədbiri müstəsna prosessual məcburiyyət tədbiridir və bunun zəruriliyi məhkəmənin qərarında əsaslandırılmalıdır. Qanunvericiliyin tələbi belədir: "Lakin təcrübədə bunun əksini görürük. Çox vaxt müstəntiqlərin vəsatətində təqsirləndirilən şəxsin istintaqdan yayınması və ya ibtidai istintaqın, məhkəmə baxışının normal gedişinə mane olması kimi formal, qeyri-müəyyən, ümumi ifadələr göstərilir, analoji ifadələr prokurorun təqdimatına köçürülür və belə ümumi mülahizələr məhkəmənin qərarının əsasını təşkil edir. Məhkəmələr həbs qətimkan tədbiri barəsində işə baxarkən prokurorun təqdimatının arqumentlərini, həbsin zəruriliyinin nədən ibarət olmasını, konkret olaraq nədə ifadə olumasını araşdırmır, ilkin sübutlara qiymət vermir, bütövlükdə həbs qətimkan tədbiri kimi mühüm, taleyüklü məsələyə formal mülahizələr əsasında baxırlar. Bir qayda olaraq müdafiə tərəfinin sübutlarla bağlı iradlarına birinci instansiya və apellyasiya məhkəmələrində işə mahiyyəti üzrə baxılmır, sübutlara qiymət verilmir kimi cavablandırılır. Sual olunur, sübutlara qiymət vermədən həbsin qanuniliyini necə müəyyən etmək olar? Bundan başqa, həbsdə saxlama müddətinin uzadılması prosesində də eyni formada qanunsuzluqlara yol verilir. Təqsirləndirilən şəxs həbs edildikdən sonra İstintaq Təcridxanasına köçürülür və müstəntiq tərəfindən "yaddan çıxarılır", aylarla heç bir istintaq hərəkəti aparılmır, həbsdə saxlama müddəti başa çatdıqdan sonra yenidən əsassız olaraq həbsdə saxlama müddəti uzadılır, belə halda da məhkəmə istintaqın hərəkətlərinə hüquqi qiymət vermir və bir qayda olaraq həbsdə saxlama müddətinin uzadılması barədə avtomatik qərar qəbul edilir. Halbuki İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinə uyğun olaraq, təqsirləndirlən şəxsin barəsində həbs qətimkan tədbirnin seçilməsinə əsas olmuş eyni hallara əsaslanmaqla həbsdə saxlanılma müddətinin uzadılması İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında Avropa Konvensiyasının 5-ci maddəsinin tələbləri baxımından şəxsin azadlıq və şəxsi toxunulmazlıq hüququnun pozulması kimi qiymətləndirilir. Nəhayət, Cinayət-Prosessual Məcəlləsində qətimkan tədbirinin - ev dustaqlığı, girov, şəxsi zaminlik, təşkilatın zaminliyi və s. 10 növü nəzərdə tutulmuşdur. Lakin təcrübədə alternativ qətimkan tədbirlərindən istifadə edilmir, bu barədə müdafiənin verdiyi vəsatətlər əsassız olaraq təmin olunmur. Halbuki alternativ qətimkan tədbirləri hüququn ədalət və humanizm prinsiplərindən irəli gəlir".

Zəka

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31