“Ələt azad iqtisadi zonası haqqında” qanun layihəsi müzakirəyə çıxarıldı

Milli Məclisin (MM) Təbii ehtiyatlar, energetika və ekologiya, İqtisadi siyasət, sənaye və sahibkarlıq, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında “Ələt azad iqtisadi zonası haqqında” qanun layihəsi müzakirə olunub.

Milli Məclisin (MM) Təbii ehtiyatlar, energetika və ekologiya, İqtisadi siyasət, sənaye və sahibkarlıq, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında "Ələt azad iqtisadi zonası haqqında" qanun layihəsi müzakirə olunub. "Olaylar"ın xəbərinə görə, əvvəlcə Milli Məclis sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov Azərbaycan Prezidentinin imzası ilə parlamentə daxil olmuş qanun layihəsi barədə ətraflı məlumat verib. O, bildirib ki, bu sənəd Prezidentin "Bakı şəhəri Qaradağ rayonunun Ələt qəsəbəsində yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi daxil olmaqla azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın yaradılması ilə bağlı tədbirlər haqqında" Sərəncamına əsasən hazırlanıb. "Ələt azad iqtisadi zonası haqqında" qanun layihəsini dövlətimizin başçısının "Azad iqtisadi zonalar yaradılması işinin sürətləndirilməsi haqqında" 2017-ci il 31 may tarixli Sərəncamına əsasən təşkil edilmiş İşçi Qrup hazırlayıb. V. Ələsgərov bildirib ki, sənədi hazırlayan mütəxəssislər, hüquqşünas və ekspertlər dünyada gedən proseslərə ciddi diqqət yetiriblər. Azad iqtisadi zonalara dair beynəlxalq qanunvericilik dərindən öyrənilib və ən uğurlu nəticələr verən, investorlar üçün əlverişli şərait yaradan müddəalar əsas götürülüb.
MM-in Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli qeyd edib ki, sənəddə dövlət maraqları ilə investorların maraqları uzlaşdırılıb. Layihə azad iqtisadi zonaların fəaliyyəti üçün müvafiq hüquqi təminat yaradacaq. MM-in İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə son illər Azərbaycanın logistika və nəqliyyat mərkəzi kimi mövqeyinin gücləndirilməsi, həmçinin ölkəmizdə çoxşaxəli nəqliyyat infrastrukturunun yaradılması istiqamətində görülmüş işləri önə çəkib. Hazırkı şəraitdə belə bir qanunun qəbulunun vacibliyini vurğulayıb. Müzakirələrdən sonra "Ələt azad iqtisadi zonası haqqında" qanun layihəsi yekdilliklə MM-in müzakirəsinə tövsiyə olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31