Regionların iqtisadi inkişafı ölkənin ərzaq təminatında əhəmiyyətli rol oynayır
Regionların sosial-iqtisadi inkişafı Azərbaycan dövlətinin prioritet hesab etdiyi məsələlərdəndir. Elə bu səbədən də dövlət regionların inkişafı məqsədilə çoxsaylı dövlət proqramları qəbul edib. Onu da diqqətə çatdıraq ki, sözügedən proqramların icrası prezident İlham Əliyevin diqqətindədir.
18 Yanvar 2018 15:35 SosialRegionların sosial-iqtisadi inkişafı Azərbaycan dövlətinin prioritet hesab etdiyi məsələlərdəndir. Elə bu səbədən də dövlət regionların inkişafı məqsədilə çoxsaylı dövlət proqramları qəbul edib. Onu da diqqətə çatdıraq ki, sözügedən proqramların icrası prezident İlham Əliyevin diqqətindədir. Dövlət başçısının mütəmadi olaraq regionlara səfər etməsi, dövlət proqramları çərçivəsində görülən işlərlə şəxsən tanış olması bunu bir daha təsdiq edir. Onu da qeyd edək ki, regionların sosial-iqtisadi inkişafına xüsusi diqqət ayrılmasının məqsədi bölgələrin inkişafı ilə yanaşı, həm də lkənin ərzaq məhsulları ilə təmin edilməsi üçün bazanın yaradılmasından ibarətdir. Məhz bu məqsədlə ölkədə "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı" qəbul edilib. Sözügedən dövlət proqramında nəzərdə tutulan tədbirlərin icrası məhz regionların inkişafına önəmli təsir göstərib. İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, əhalinin təhlükəsiz ərzaq məhsulları ilə etibarlı təminatı hər bir dövlətin qarşısında duran ən vacib vəzifələrdən biridir. Ölkədə yerli kənd təsərrüfatı məhsulları istehsalının artırılması və hər bir vətəndaşın sağlam və məhsuldar həyat tərzi üçün qəbul edilmiş normalara uyğun ərzaq məhsulları ilə tam təmin edilməsinə nail olmaq məqsədilə Azərbaycan Respublikası Prezidentinin 25 avqust 2008-ci il tarixli Sərəncamı ilə "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı" təsdiq edilib. Sözügedən Dövlət Proqramının icrası ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 27 avqust tarixli və 2008-ci il 12 sentyabr tarixli müvafiq sərəncamları qəbul edilib. Bu sərəncamlara uyğun olaraq aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanları tərəfindən təsdiq olunmuş qrafiklərə əsasən, ölkədə ərzaq məhsullarının istehsalının artırılması, əhalinin təhlükəsiz və keyfiyyətli ərzaq məhsulları ilə təmin edilməsi məqsədilə müvafiq tədbirlər ardıcıllıqla həyata keçirilib. Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2014-cü il tarixli "Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə" Fərmanına əsasən, "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"nın maliyyələşdirilməsi ilə bağlı 2015-ci ilin dövlət büdcəsində 186,2 mln. manat vəsait nəzərdə tutulmuşdu. Dövlət Proqramı çərçivəsində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində 1 yanvar 2016-ci il tarixinə qarğıdalı da daxil olmaqla 951,0 min hektar dənli və dənli paxlalı bitki sahələrindən yığılan taxılın ümumi həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 25,8 faiz artaraq 2999,0 min tona çatıb. Bundan başqa, hesabat ilində sahələrdən 839,8 min ton və ya əvvəlki ilə nisbətən 2,5 faiz çox kartof, 1273,3 min ton və ya 7,2 faiz çox tərəvəz, 484,5 min ton və ya 9,9 faiz çox bostan məhsulları, 886,3 min ton və ya 4,2 faiz çox meyvə və giləmeyvə, 578,9 ton və ya 22,1 faiz çox yaşıl çay yarpağı, 157,0 min ton və ya 6,3 faiz çox üzüm toplanıb. 2015-ci il ərzində ölkədə diri çəkidə 515,6 min ton ət, 1924,4 min ton süd, 17,0 min ton yun və 1538,6 milyon ədəd yumurta istehsal edilmişdir. 2014-cü illə müqayisədə ət istehsalı 2,0 faiz, süd istehsalı 3,7 faiz, yun istehsalı isə 1,4 faiz artıb. 2015-ci ilin yanvar-dekabr aylarında kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 5635,3 milyon manat olub. Onun sabit qiymətlərlə dəyəri 2014-cü illə müqayisədə 6,6 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 2,5 faiz, bitkiçilik məhsulları üzrə isə 11,3 faiz artıb.
Kənd təsərrüfatının modernləşdirilməsinin sürətləndirilməsi, aqrar sektorda mövcud problemlərin həllinə sistemli və kompleks yanaşmanın təmin edilməsi, bu sahəyə dövlətin inzibati və maliyyə resurslarının səmərəli şəkildə cəlb edilməsi, ölkənin aqrar potensialının geniş təbliğ edilməsi məqsədilə dövlət başçısının 12 yanvar 2015-ci il tarixli Sərəncamı ilə 2015-ci il Azərbaycan Respublikasında "Kənd təsərrüfatı ili" elan edilib. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin 3 aprel 2015-ci il tarixli Sərəncamı ilə "2015-ci ilin Azərbaycan Respublikasında "Kənd təsərrüfatı ili" elan edilməsi ilə bağlı Tədbirlər Planı" təsdiq edilmiş və uğurla icra olunub. Kənd təsərrüfatı məhsulları istehsalını artırmaq və bu sahədə sahibkarlığın inkişafını sürətləndirmək məqsədilə kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan hüquqi şəxslər Azərbaycan Respublikasının 22 noyabr 2013-cü il tarixli Qanunu ilə 2014-cü il yanvarın 1-dən başlayaraq 5 il müddətinə Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş hüquqi şəxslərin mənfəət vergisini, əlavə dəyər vergisini, sadələşdirilmiş sistem üzrə vergini və həmin fəaliyyət prosesində istifadə olunan obyektlərdən əmlak vergisini ödəməkdən azad edilib.Ölkədə ərzaq təhlükəsizliyinin daha da gücləndirilməsi istiqamətində məhsul istehsalçılarının yüksək məhsuldar toxumlara tələbatının dolğun şəkildə ödənilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2 mart 2015-ci il tarixli Sərəncamı ilə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Dövlət Toxum Fondu yaradılmışdır. Eyni zamanda, Nazirlər Kabinetinin 8 dekabr 2015-ci il tarixli Qərarı ilə "Dövlət Toxum Fonduna toxumun tədarükü, saxlanılması və istifadəsi Qaydaları" təsdiq edilib.
Əhalinin ərzaq təminatını yerli istehsal hesabına daha da yaxşılaşdırmaq məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, respublikanın 19 rayonunda (Ağcabədi, Beyləqan, Kürdəmir, Ağsu, İmişli, Hacıqabul, Cəlilabad, Salyan, Xaçmaz, Füzuli, Saatlı, Şamaxı, Yevlax, Ağdaş, Şəmkir, Siyəzən, İsmayıllı, Samux və Şəmkir) 40 min hektardan artıq sahədə 29 iri fermer təsərrüfatı yaradılır. Hazırda təsərrüfatlarda müasir suvarma sistemləri qurulmuşdur. Hər hektardan məhsuldarlıq arpa və buğda üzrə 60 sentnerədək, qarğıdalıda isə 120 sentnerədək təşkil edir. Azərbaycan Respublikası Prezidentinin "Bitkiçiliyin inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" 15 aprel 2015-ci il tarixli Sərəncamı ilə kənd təsərrüfatı məhsullarının istehsalçılarına hər hektar əkin sahəsinin becərilməsində və çoxillik əkmələrin aparılmasında istifadə etdikləri yanacaq və motor yağlarına görə verilən yardımın həcminin 25 faiz artırılması, habelə mineral gübrələrin güzəştlə satışının təkrar (aralıq) əkinlər aparan istehsalçılara da şamil olunması bitkiçilik məhsullarının istehsalının stimullaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Həmçinin, kənd təsərrüfatının inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı lizinqə verilən və ya lizinq yolu ilə satılan suvarma sistemləri dəstinə və avadanlığına onların ilkin dəyərinin 40 faizi həcmində güzəştin müəyyən edilməsi, Azərbaycan Aqrar Elm Mərkəzinin, onun regional bölmələrinin və tabeliyindəki elmi-tədqiqat institutlarının yenidən qurulması və müasir laboratoriya avadanlığı ilə təchiz olunması üçün ölkə başçısının müvafiq sərəncamları imzalanıb.
Bundan əlavə, Azərbaycan Respublikasının Prezidenti tərəfindən ölkəyə iribuynuzlu damazlıq heyvanların idxalının və heyvandarlıqla məşğul olan kənd təsərrüfatı məhsulları istehsalçılarına 50 faiz güzəştlə lizinq yolu ilə satışının həyata keçirilməsi, əhalinin heyvandarlıq məhsulları ilə təminatının daha da yaxşılaşdırılması, yüksək məhsuldar genetik potensialı olan heyvanların baş sayının artırılması və bu sahəyə marağın gücləndirilməsi üçün süni mayalanma yolu ilə alınmış hər baş buzova görə heyvan sahiblərinə 100,0 manat həcmində subsidiyanın verilməsi, heyvan mənşəli məhsulların istehsalının artırılması, mal-qaranın cins tərkibinin yaxşılaşdırılması, süni mayalanma tədbirlərinin həyata keçirilməsinin sürətləndirilməsi məqsədilə müvafiq sərəncamlar imzalanıb. Həmçinin Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2015-ci il tarixli Sərəncamına əsasən əhalisi 400 min nəfərə yaxın olan 40 şəhər və rayonun 148 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün 150 subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə 10,0 milyon manat, Naxçıvan Muxtar Respublikasının ərazisində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün subartezian quyularının qazılması məqsədilə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 2,0 milyon manat vəsait ayrılıb. Ümumilikdə, Dövlət Proqramında əkinə yararlı torpaq sahələrindən səmərəli istifadə olunub, bitkiçiliyin, xüsusən taxılçılığın, meyvəçiliyin, tərəvəzçiliyin, heyvandarlığın, o cümlədən ət və süd məhsulları istehsalının inkişaf etdirilməsi üzrə nəzərdə tutulmuş tədbirlərin vaxtında və uğurla həyata keçirilməsi, güzəştli kreditlərin verilməsi, emal müəssisələri və məhsul saxlama anbarlarının şəbəkəsinin genişləndirilməsi, kənd təsərrüfatı texnikası ilə təminatın yaxşılaşdırılması, cins mal-qaranın satışı kənd təsərrüfatı məhsullarının istehsalına öz müsbət təsirini göstərib. Bu istiqamətdə həyata keçirilən məqsədyönlü tədbirlər ölkədə ərzaq məhsullarının istehsalında artıma və hər bir ölkə vətəndaşının keyfiyyətli və təhlükəsiz ərzaq məhsullarına olan tələbatının tam ödənilməsinə geniş şərait yaradıb.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir