Onlayn media söz və məlumat azadlığının təmin edilməsində əhəmiyyətli rol oynayır
Azərbaycanda söz və məlumat azadlığının təmin edilmsəində onlayn medianın rolu artmaqdadır. Bu amili nəzərə alan hökumət internet medianın inkişafına xüsusi diqqət yetirir. Çap mediasında olduğu kimi elektron mediaya da göstərilən qayğı bu növ kütləvi informasiya vasitələrinin inkişafında əhəmiyyətli rol oynayır.
5 Dekabr 2017 15:39 SosialAzərbaycanda söz və məlumat azadlığının təmin edilmsəində onlayn medianın rolu artmaqdadır. Bu amili nəzərə alan hökumət internet medianın inkişafına xüsusi diqqət yetirir. Çap mediasında olduğu kimi elektron mediaya da göstərilən qayğı bu növ kütləvi informasiya vasitələrinin inkişafında əhəmiyyətli rol oynayır.
Qeyd edək ki, ölkə parlamenti "Kütləvi İnformasiya Vasitələri haqqında" qanuna dəyişikliklər edib. Belə ki, qanuna edilən dəyişikliyə görə, 3-cü maddənin 3-cü abzasına "informasiya ehtiyatı" sözləri əlavə edilir. Kütləvi informasiya vasitələrinə - dövri mətbu nəşrlər, teleradio proqramları, informasiya agentlikləri, internet, informasiya ehtiyatı kinoxronika proqramları və digər yayım formaları daxil edilir. 5-ci maddəyə ediləcək dəyişikliklərə görə isə "Kütləvi informasiya vasitələri haqqında" qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, "Televiziya və radio yayımı haqqında", "Məlumat azadlığı haqqında", "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında", "Vətəndaşların müraciətlərinə baxılma qaydası haqqında", "Dövlət sirri haqqında", "Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında" qanunlardan, habelə digər müvafiq qanunvericilik aktlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrlə bu Qanun arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir. 10-cu maddəyə (Kütləvi informasiya azadlığından sui-istifadənin yolverilməzliyi) ediləcək dəyişikliklərdə göstərilib ki, Azərbaycan Respublikasının qanunvericiliyi ilə qorunan sirləri, habelə yayılması qadağan edilən digər informasiyanı yaymaq, mövcud konstitusiyalı dövlət quruluşunu zorakılıqla devirmək, dövlətin bütövlüyünə qəsd etmək, müharibəni, zorakılığı və qəddarlığı, milli, irqi, sosial ədaləti, yaxud dözülməzliyi təbliğ etmək, mötəbər mənbə adı altında vətəndaşların şərəf və ləyaqətini alçaldan şayiələr, yalan və qərəzli yazılar, pornoqrafik materiallar çap etdirmək, böhtan atmaq, yaxud digər qanunazidd əməllər törətmək məqsədi ilə kütləvi informasiya vasitələrindən istifadə olunmasına yol verilmir. Həmçinin qanuna yeni 19-1-ci maddə əlavə edilir. Əlavəyə əsasən Azərbaycan Respublikasının qanunları ilə yayılması qadağan edilən informasiyanın yerləşdirildiyi internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanunla ilə tənzimlənir. Qanun layihəsi səsə qoyularaq qəbul edilib. Bundan başqa, parlament "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında", "Telekommunikasiya haqqında" qanunlara və İnzibati Xətalar Məcəlləsinə də dəyişiklik edib. Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov Milli Məclisin İnzibati Xətalar Məcəlləsinə və "Kütləvi informasiya vasitələri haqqıda" Qanuna dəyişiklikləri müsbət qiymətləndirib. Onun sözlərinə görə, qanunvericilikdə internet məkanımızın tənzimlənməsi ilə bağlı yeniliklərin edilməsi müsbət haldır: "Çünki, burada söhbət məsuliyyət kateqoriyalarının konkretləşməsindən gedir. Buna görə düşünürəm ki, istər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə, istərsə də "Kütləvi informasiya vasitələri haqqıda" Qanuna dəyişikliklər olduqca əhəmiyyətlidir". Şura sədri əlavə edib ki, sənədə təklif edilən dəyişikliklər "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında", o cümlədən "Telekommunikasiya haqqında" Qanunların tətbiqi ilə əlaqədardır: "Mən xüsusən də "Kütləvi informasiya vasitələri haqqında" qanuna 19-1-ci maddənin əlavə edilməsini yüksək qiymətləndirirəm. Bildiyiniz kimi, maddə yayılması qadağan edilən informasiyanın yerləşdirildiyi internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılmasını nəzərdə tutur. Burada müxtəlif aspektlərdən danışmaq mümkündür. Əsasən bir məqam üzərində dayanacam. Əlbəttə, yayılması qanunla qadağan edilən informasiya yayan saytlara giriş məhdudlaşdırılmalıdır. Ancaq məncə, bu məhdudlaşdırma fəaliyyəti tamamilə dayandırmaq şəklində anlaşılmamalıdır. Yəni elə başa düşülməməlidir ki, hansısa sayta giriş məhdudlaşdırılırsa, bununla da fəaliyyəti dayanır. Hesab edirəm ki, qanunda müddət məsələsi də açıq əksini tapmalıdır. Məsələn, 3 ya 6 aylıq, yaxud 1 illik müddətlər. Daha çox da ola bilər. Müddətlər törədilmiş əmələ adekvat seçilməlidir. Dünyada da belə bir praktikadan istifadə edilir. Məsələn, Böyük Britaniyada media sahəsindəki şikayətləri araşdıran komissiya var. Həmin komissiya ayrı-ayrı internet informasiya ehtiyatlarının fəaliyyətinin məhdudlaşdırılmasına dair rəy çıxarır və konkret olaraq müddət müəyyənləşdirir. Belə prosedur eyni zamanda tərbiyəvi əhəmiyyət daşıyır. Hesab edirəm ki, biz də qanunun prinsipial əhəmiyyət daşıyan humanist mahiyyətinə söykənərək bunu tətbiq etsək, yaxşı olar". Onun sözlərinə görə, internet resursları da kütləvi informasiya vasitələri sayılır. Onlar da müəyyən məsələlərdə öz fəaliyyətlərini məhdudlaşdıra bilər. O xatırladıb ki, İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında qanuna internet resursları ilə bağlı bənd əlavə olunub: "İnternetlə əlaqədar, eyni zamanda operator, provayder və digər vasitələrlə bağlı qanunvericilik aktı təkmilləşdirildi. Həmin vasitələrin səlahiyyətləri də dəqiqləşdirildi. Yayılması qadağan edilən informasiyalar onların vasitəsilə siyahıya salınır, siyahıdan çıxarılırsa, o zaman provayderlərin qanun pozuntuları, cəzaları dəqiqləşdirilir. Bütün bunlar İnzibati Xətalar Məcəlləsində öz əksini tapıb. Bu gün KİV haqqında qanuna edilən dəyişikliklərdə əsas məqsəd odur ki, doğrudan internet üzərindən yayımlanan informasiyaları ciddi xəbər hesab ediriksə, qanunvericiliyin baza hissəsinə əlavələr olunmalıdır. Qanunun 19-cu maddəsinə görə, dövlət sirrini yaymaq, dövlətin bütövlüyünə qəsd etmək, müharibə zorakılıq, terrorizm sayağı çağırışlar etmək olmaz. Bu maddələrə internet resurslarında yayılması qadağan edilən informasiyalar da salındı. 19-1-ci bəndə əsasən internet informasiya resurslarına müraciətin nə zaman məhdudlaşdırılması əksini tapıb. Burada göstərilir ki, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanun əsas götürülür. Müəyyən məqamlar var. İnformasiya yanlışdırsa, terrorizmlə, qanunda qadağan olunmuş məsələlərlə bağlı informasiyalar yer alırsa, onların xəbər portallarından çıxarılması gündəmə gəlir. Bunu isə internet provayderlər həyata keçirir. Qanunvericilikdə bu yazıların 8 saata çıxarılması, müəyyən müddətə araşdırılması, qarşı tərəfin 5 gün müddətində məsələyə baxılma və s. nəzərdə tutulur. Hazırda dünyanın hər yerində bu qaydalardan istifadə olunur. Doğrudan da internet resurslarını KİV hesab ediriksə, onlar bütün qanunlara tabe olmalıdır". Jurnalist, yazıçı, təlimçi blogger Rizvan Fikrətoğlu bildirib ki, hazırda elə bir əsrdə yaşayırıq ki, yeni media sistemi ənənəvi medianı ötüb. Əsrin insanlarını sadəcə informasiyanın əsası maraqlandırır. Burada "informasiyanın əsası" anlayışını boşuna işlətmədik. Yəni, insanlar uzun-uzadı xəbərləri oxumur. Aparılan araşdırmalara görə, hansısa xəbər üzərində insanlar bir dəqiqədən artıq dayanmır. Bu mənada elektron mətbuat vaxt baxımdan sərf edir. Ənənəvi media belədir ki, bizim seçim imkanımız yoxdur: "Məlum olduğu kimi elektron medianın sahibi yoxdur. O, sərhədsizdir, ona də nə hansısa dövlət, nə də şəxs rəhbərlik etmir. Fikrimcə, dövlət daxilində elektron medianın hüquqi statusu məsələsi onun diqqət mərkəzinə alınması deməksə, senzuranı qaçılmaz edəcək. Sözsüz ki, senzura qadağan edilən ölkə üçün bu, yolverilməzdir. Ümumiyyətlə, elektron medianın tənzimlmlənməsində metodlar daim dəyişir. Yaradılmış olan rəhbər prinsiplər, müxtəlif yanaşma və modellər tez-tez yenilənir. Bunu belə başa düşək: məsələn, hansısa elektron media sahəsinin hüquqi statusu müəyyənləşdikdən qısa müddət sonra həmin media növündə xeyli yenilik olduğundan mövcud modellərdə zidiyyətlər yaranır və anlamını itirir. Elektron medianın hüquqi status alması məsələsinə iki cür yanaşılır: Köhnə (real) yanaşma və yeni (kiber) yanaşma. Real yanaşma tərəfdarları iddia edir ki, internet idarəetmə nöqteyi-nəzərdən yenilik gətirməyib.Bu yanaşma tərəfdarları interneti, radio, teleqraf, telefon və digər texniki qurğulardan ayırmır. Bu səbəbdən də bu sahələrdəki mövcud qanunvericilik bazasına kiçik əlavələr etməklə elektron mediaya tətbiq edilməsini məqsədəuyğun hesab edirlər. Birmənalı şəkildə biz bu yanaşmanı dəstəkləmirik. Kiber yanaşma tərəfdarları isə elektron medianın yeni texnologiya sahəsi olduğunu vurğulayır və bu sahənin tənzimlənməsi üçün fərqli və yeni hüquqi bazanın zəruriliyini diqqətə çatdırırlar. Biz "kiber" yanaşma tərzini qəbul edə bilərik". R.Fikrətoğlu hesab edir ki, fikir və söz azadlığından sui-istifadə edən KİV-lərə qarşı məhdudiyyətlər tətbiq edilməlidir. Həmin məhdudiyyətlər qanunla tənzimlənməli, həmçinin zərurət, uyğunluq və məqsəd prinsiplərini gözləməlidir: "Kiçik məsələni böyük məhdudiyyətlərlə qarşılamaq olmaz. Məsələn, hansısa qəzet kimisə təhqir edibsə, bu, qəzetin bağlanması məsələsini gündəmə gətirməməlidir. Onu qeyd edim ki, ölkəmizdə jurnalistika sahəsində problemlər, qanunda boşluqlar var. Bu problemlər təkcə Azərbaycan mediasına xass deyil. Bütün ölkələrdə müxtəlif cür özünü büruzə verir. Bu mənada jurnalistikanın, elektron medianın problemləri milli deyil, beynəlxalqdır. Azərbaycanda isə medianın inkişafı diqqət mərkəzindədir. Son günlərdə ölkə parlamenti tərəfində "Kütləvi İnformasiya Vasitələri haqqında" qanuna edilən dəyişiklik bunun bariz nümunəsidir".
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir