Elçin Hüseynbəyli yazır... Anlamaq dərdi...
Bu adda məşhur əsər də var. Çoxlarınız oxuyub, ya da eşidib, yəqin... Səhər idman meydanına gedəndə qarşımdan bir sürü qara-qura it keçdi. “Yenə də itlər!?” deyə ürəyimdə acıqlandım, “şəhəri it basıb!” Amma bu söhbəti sonra edəcəm. Gələn köşəmdə. İndi isə daha aktual məsələdən danışmaq istəyirəm...
4 Dekabr 2017 13:48 SosialElçin Hüseynbəyli
Anlamaq dərdi...
Bu adda məşhur əsər də var. Çoxlarınız oxuyub, ya da eşidib, yəqin...
Səhər idman meydanına gedəndə qarşımdan bir sürü qara-qura it keçdi. "Yenə də itlər!?" deyə ürəyimdə acıqlandım, "şəhəri it basıb!" Amma bu söhbəti sonra edəcəm. Gələn köşəmdə. İndi isə daha aktual məsələdən danışmaq istəyirəm...
Ağlım kəsəndən, gözüm görəndən milli, dini, irqi qayrı-seçkiliyin əleyhinə olmuşam. Yəni bizi bu cür tərbiyə ediblər. Amma idman meydanında bir yığın qara-qura adamları görəndə bu hissləri unuduram. Yəni onlar özləri unutdururlar. Bilmirəm hardandırlar: əfqanmı, ərəbmi, nigeriyalımı, amma bir şey dəqiqdir ki, müsəlmandırlar. Çünki onları görəndə istər-istəməz "harda müsəlman görürəm, qorxuram" misrasını xatırlayıram. Mən onlara baxa-baxa avropalıların afrikalı qaçqınları öz ölkələrinə buraxmamalarını, bir zamanlar ispanların "morisk" adlandırdıqları müsəlmanları ölkələrindən qovmalarını da yavaş-yavaş anlamağa başlayıram. Pedant almanları, fransızları qınamıram, amma "müsəlmanlar yüz faiz insan deyil" deyən avropalıya da haqq qazandırmıram. Ona görə yox ki, biz də müsəlmanıq. Sadəcə, tanrının yaratdığı bəndəni inkar eləmək olmaz. Amma...
İşin "əmması" ondadır ki, həmin o, qara-qura adamlar özlərini apara bilmirlər. Məskunlaşdıqları yerin adətlərinə, qaydalarına uyğunlaşmaq əvəzinə, özlərinin qaydalarını, daha doğrusu intizamsızlıqlarını tətbiq eləmək istəyirlər.
Mən onları son zamanlar görməyə və müşahidə eləməyə başlamışam. Qəfil hardansa çıxırlar. Sanki rotasiya üsulu ilə meydana gəlirlər. Hər dəfə də başqa-başqa adamlar. Onları paltarlarından, hərəkətlərinədn tanıyıram.
Həmin o, əcnəbilər cocuqların oynadığı idman meydanında səhərlər durub gəzirlər. Gəzirlər deyəndə ki, dünyanın ən iyrənc işləriylə məşğuldurlar. Cındırından cin hürkən, qara paltar və ayaqqabı, bəzən isə sürütmə və qaloş geymiş bu adamların işi-gücü hayxırıb yerə tüpürmək, idman bruslarının üstündə oturmaq, qotur ayaqlarını yerdən düzəldilmiş və turnik kimi istifadə etdiyimiz idman avadanlığına qoymaqla məşğuldurlar.
Adama elə gəlir ki, tanrı onları zövqsüzlük naminə, acıqdan yaradıb.
Onların üzündən meydanda gəzişən adamlar da azalıb. Heç kim yoluxucu xəstəliyə tutulmaq və onun daşıyıcısı olmaq istəmir.
İdmandan qayıdandan sonra adamın çay içməyə də iştahı olmur. Düzdü, bizdə də elə adamlar var. Bir də görürsən ki, idman meydanının yanında ucalan on yeddi mərtəbəli binadan içi zibil dolu sellofan torba atıldı. Yerə düşəndə bomba kimi partlayır. Halbuki, elə həmin adamların uşaqlarıdır burda futbol oynayan...
İdman meydanından qayıdanda bayaqkı qara-qura itlər qarşımdan keçdi.
Deyəsən, ərəblər itə "kiləbun" deyirlər.
Bayaq dediyim kimi, itlərdən gələn köşəmdə yazacam...
Anlamaq böyük dərddir, dostlar...
Dekabrın əvvəli, 2017