Uşaqlar və hamilə qadınlar arasında anemiya halları artır

Hazırda dünyada ən geniş yayılmış anemiya forması dəmir defisitli anemiyadır (DDA). Statistik məlumatlara görə, dəmir defisitindən dünyada 2 milyarddan artıq insan əziyyət çəkir. Anemiyanın həm böyüklərə, həm də uşaqlara mənfi təsirlərinin olması elmi cəhətdən sübut edilib. Belə ki, hamiləlik və doğuş zamanı ana ölümünün 40%-i anemiya ilə əlaqədardır.

Unun zəginləşdirilməsi prosesi isə yubadılır
 

Hazırda dünyada ən geniş yayılmış anemiya forması dəmir defisitli anemiyadır (DDA). Statistik məlumatlara görə, dəmir defisitindən dünyada 2 milyarddan artıq insan əziyyət çəkir. Anemiyanın həm böyüklərə, həm də uşaqlara mənfi təsirlərinin olması elmi cəhətdən sübut edilib. Belə ki, hamiləlik və doğuş zamanı ana ölümünün 40%-i anemiya ilə əlaqədardır. Anemiyası olan qadınlar 30-40% hallarda daha çox çəkiləri az olan uşaqlar doğurlar. Anemiya zamanı fiziki qüvvənin və dözümlülüyün 20-40% azalması qeyd olunur, nəticədə əmək qabiliyyətli fiziki əməklə məşğul olanlar arasında 17%, zehni əməklə məşğul olanlar arasında isə 5% azalır. Uşaqlarda zəif intellektual inkişaf, əqli inkişaf əmsalının 5-7 bal azalması, psixomotor inkişafın geri qalma, infeksiyalara qarşı zəif immunitet, diqqətin toplanmasının azalması qeyd edilir. Dəmir defisiti sağlamlığa vurduğu ziyanla yanaşı, mənfi iqtisadi nəticələrə də gətirib çıxarır. Anemiyanın geniş yayıldığı ölkələrdə ümumi daxili məhsul 2% azalır. Ölkә səviyyəsində aparılan tədqiqatlar nəticəsində Azәrbaycanda da anemiyanın çox geniş yayılması aşkar edilmişdir və bu problemin səhiyyənin ən vacib problemlərindən biri olduğu tәsdiqlәnmişdir. Bu isə o deməkdir ki, artıq DDA-ya tәk tibbi problem kimi baxmaq kifayət deyil, bu xəstəliklə mübarizədə dövlәt sәviyyәsindә tәdbirlәr hәyata keçirilmәsi vaxtı gəlib çatmışdır.
Məlumat üçüm qeyd edək ki, hazırda ictimai sağlamlığın yaxşılaşdırılmasının әn səmərəli üsullarından biri tez-tez istifadә edilәn әrzaqların zәnginlәşdirilmәsidir. Belə ki, qidanı zәnginlәşdirmәk və onun qida tәrkibini yaxşılaşdırmaq üçün gündәlik istifadә edilәn ərzağa әsas vitamin vә minerallar (dәmir, fol turşusu, yod, vitamin A, B) әlavә edilmәlidir. Mütəxəssislər hesab edirlər ki,Azərbaycanda sözügedən problemin aradan qaldırılmasının ən asan, daha əlverişli və ucuz həlli yolu gündəlik istifadə olunan qida məhsullarının zənginləşdirilməsidir. Onu da qeyd edək ki, artıq dünyanın əksər ölkələrində unun elektrolit dəmir və vitamin kompleksi ilə zənginləşdirilməsi geniş tətbiq olunur və yüksək səmərəliliyi ilə diqqəti cəlb edir. Azərbaycanda zənginləşdirmək üçün ən münasib qida buğda unudur. Xatırladaq ki, Azərbaycanda unun zənginləşdirilməsi problemi üzrə işlərin uzun müddətdən bəri gündəmdə olan məsələdir. Hətta AİB-nin Mәrkәzi Asiya proqramı çərçivəsində Azәrbaycanda da unun zәnginlәşdirilmәsinin pilot layihәsi hәyata keçirilib. Azәrbaycanda fәaliyyәt göstәrәn bir necə dәyirman layihәdә iştirak edib. Pilot layihәsinin tәhlili nәticәsindә mәlum olub ki, unun zәnginlәşdirilmәsi çox səmərəlidir vә bir il әrzindә ardıcıl qaydada zәnginlәşdirilmiş undan istifadә reproduktiv yaşda olan qadınlar arasında anemiyanın sәviyyәsinin enmәsinә sәbәb olub. Bu pilot layihə çərçivəsində DDA-nın qarşısının alınması və unun zənginləşdirilməsi istiqamətində UNİCEF və Səhiyyə Nazirliyi birlikdə bir sıra vacib işlər görüblər. Belə ki, digər dövlət orqanları və maraqlı tərəflərin iştirakı ilə işçi qrupu yaradılıb, DDA-nın qarşısının alınması üçün məlumat paketi hazırlanaraq 43 rayonda paylanıb. Hətta "Dəmir defisitli anemiyanın qarşısının alınması və buğda ununun zənginləşdirilməsi üzrə" qanun layihəsi 2005-ci ildə Milli Məclisə təqdim edilib. Lakin nədənsə bu işlər məntiqi sona qədər çatdırılmayaraq on ildən çox vaxtın keçməsinə baxmayaraq bu istiqamətdə irəliləyiş olmayıb. Nəticədə respublikamızda unun zənginləşdirilməsi bu günə qədər tətbiq edilməmiş qalmaqdadır.
Yeri gəlmişkən qeyd edək ki, anemiya qanda qırmızı qan hüceyrәlәrinin (eritrositlәrin) sayının orqanizmin fizioloji tәlәblәrinin tәmini üçün kifayәt qәdәr olmaması vәziyyәtidir. Bu vəziyyət qida rasionunda dəmirin çatışmazlığı, bağırsaqlarda dəmirin absorbsiyasının lazımi dərəcədə olmaması və ya orqanizmdə dəmirə ehtiyacın artması ilə də əlaqədardır. Konkret fizioloji tәlәblәr insanın yaşından, cinsindәn, işinin ağırlığından, orqanizmin fizioloji və patoloji vəziyyətlərindən, yaşadığı regionun iqlimindən, ekoloji şəraitdən, qidalanma vərdişləri və milli xüsusiyyətlərdən, tibbi xidmət imkanlarının yetərliliyindən, əhalinin bilik səviyyəsindən və s. çoxsaylı amillərdən asılı olaraq dәyişir. DDA-nın meydana çıxmasında dəmirlə zəngin ərzaq məhsullarının (xüsusilə, ət, balıq, yumurta kimi heyvani məhsullar, meyvələr, tərəvəzlər və s.) kifayət qədər bahalığı ucbatından əhalinin böyük qisminin belə zülal və Fe (dəmir) mənbəyi olan məhsulları lazımi səviyyədə istehlak edə bilməməsi, səmərəsiz qidalanma, qida məhsullarının yüksək dərəcədə saflaşdırılması, xörəklərin əlverişsiz hazırlanma texnologiyası, düzgün olmayan qidalanma vərdişləri və s. amillərin rolu xüsusi qeyd edilməlidir. Əhali arasında qidalanma mədəniyyətinin aşağı olması, qidalanma barədə elmi əsaslandırılmış məlumatsızlıq mənimsənilmənin stabilizator (əksər meyvə və tərəvəzlərdə olan C vitamini, fermentlənmiş məhsullar tərkibindəki üzvü turşular rasiondakı Fe-nin mənimsənilməsini yüksəldir) və inhibitorları (dənli məhsullar, paxlalılar, tərəvəzlərin tərkibindəki fitatlar, polifenollar, qida lifləri Fe-nin mənimsənilməsini tormozlayır), rasionda məhsulların və xörəklərin düzgün uzlaşdırılması və s. barədə biliklərin bəsitliyi barədə məlumatların olmamasının problemin daha da dərinləşməsində rolu da unudulmamalıdır. Problemin ən asan, daha əlverişli və ucuz həlli yolu gündəlik istifadə olunan yeyinti məhsullarının fortifikasiyasıdır. Bütün dünyada bu məqsədlə unun elektrolit dəmir və vitamin kompleksi ilə zənginləşdirilməsi geniş tətbiq olunur və yüksək səmərəliliyi ilə diqqəti cəlb edir. Ölkəmizdə də bu sahədə lazımi təcrübə mövcuddur. Lakin son 10 ildə sporadik və nəticəsiz təşəbbüslər nəzərə alınmazsa, problem tamamilə diqqətdən kənarda qalmışdır.
Səhiyyə nazirinin müavini Elsevər Ağayev qeyd edib ki, fortifikasiya üyüdülmə zamanı una az miqdarda vitamin və mineralların (vitamin-mineral kompleksinin) əlavə edilməsi prosesindən ibarətdir. Bu proses məhsulun keyfiyyətini və bəsləyici dəyərini artırır. Unun dəmirlə zənginləşdirilməsi analar arasında anemiya ilə bağlı ölüm hallarını azaltmağa, uşaqların əqli inkişaf səviyyəsini, habelə fiziki dözümlülüyü artırmağa imkan verir. 2003-2005-ci illərdə Asiya İnkişaf Bankının maliyyə dəstəyi ilə Azərbaycanın 6 iri unüyüdən müəssisəsində unun fortifikasiyasının sınaqdan keçirildiyini və nəticələrin bu prosesin səmərəli olduğunu göstərdiyini xatırladan E.Ağayev deyib: "Unun zənginləşdirilməsi əhalinin sağlamlığını möhkəmləndirməyə xidmət edəcək. Bundan əlavə, bu addım iqtisadi nöqteyi-nəzərdən də çox sərfəlidir. Belə ki, hər il uşaqlar və hamilə qadınlar arasında anemiya halları ilə bağlı iqtisadi itkilər 14,1 milyon manat, böyüklər arasında anemiya ilə bağlı əmək qabiliyyətinin azalması nəticəsində itkilər isə 141,7 milyon manat təşkil edir. Ancaq unun zənginləşdirilməsi yolu ilə bu xərcləri 35-40 faiz, yaxud 55 milyon manat azaltmaq olar. Bu zaman unun zənginləşdirilməsinə çəkilən xərclər 2,3 milyon manat təşkil edəcək və unun fortifikasiyasına xərclənən hər bir manat dövlətin 24-27 manat civarında qənaət etməsinə imkan verəcək". Milli Məclisin səhiyyə komitəsinin üzvü Məlahət İbrahimqızı unun fortifikasiyası haqqında qanunvericiliyə dəyişikliklər edilməsinə böyük ehtiyac olduğunu vurğulayaraq bildirib ki, unun vitamin və minerallarla zənginləşdirilməsi yolu ilə dəmir və vitaminlər qıtlığının yerinin doldurulması iqtisadi nöqteyi-nəzərdən çox səmərəli, təhlükəsiz, sabit və geniş yayılmış üsuldur. Məsələn, hazırda dünyanın 87 ölkəsində, o cümlədən ABŞ, Böyük Britaniya, Kanada və Avstraliyada un fortifitikasiya edilir. M.İbrahimqızı onu da xatırladıb ki, 2003-cü il yanvarın 1-dən "Yod çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası məqsədi ilə duzun yodlaşdırılması haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minib. Azərbaycanda yod çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası məqsədi ilə duzun yodlaşdırılması ilə əlaqədar tədbirlərin hüquqi, təşkilati və iqtisadi əsaslarını müəyyən edən və bu sahədə yaranan münasibətləri tənzimləyən bu qanun özünün çox səmərəli olduğunu təsdiq edib.

Zəka

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31