Cocuq Mərcanlı sakinlərinin məşğulluq məsələsi həllini tapacaq

 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində yerli əhalinin səmərəli məşğulluğuna əlavə dəstək verilməsi, xüsusən kənddə özünüməşğulluq proqramı çərçivəsində müxtəlif iqtisadi fəaliyyət növləri üzrə fərdi təsərrüfatların qurulması üçün aktiv məşğulluq tədbirlərinə hazırlıq işləri aparır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində yerli əhalinin səmərəli məşğulluğuna əlavə dəstək verilməsi, xüsusən kənddə özünüməşğulluq proqramı çərçivəsində müxtəlif iqtisadi fəaliyyət növləri üzrə fərdi təsərrüfatların qurulması üçün aktiv məşğulluq tədbirlərinə hazırlıq işləri aparır. Bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən Cocuq Mərcanlı kəndində bu kəndin və ətraf ərazilərin yerli əmək resurslarının məşğulluğunun təminatı ilə əlaqədar görüləcək işlərin müzakirəsinə həsr olunmuş müşavirə keçirilib. "Olaylar" xəbər verir ki, tədbirdə vurğulanıb ki, Cocuq Mərcanlı kəndində və ətraf ərazilərdə yerli əmək bazarının vəziyyəti, mövcud məşğulluq sahələri, əmək resursları, aktiv əmək bazarı proqramlarının, o cümlədən özünüməşğulluq proqramının icrası üçün yerli potensial və s. ilə bağlı geniş müzakirələr aparılıb, aidiyyəti üzrə təkliflər verilib. Qeyd olunub ki, hazırda bu kənddə yerli iqtisadiyyat əsasən əkinçilik və heyvandarlıq üzərində qurulub. Kənd sakinlərinin bu ənənəvi fəaliyyət sahələri üzrə ailə əməyinə əsaslanan fərdi təsərrüfatlarını qurmaları, eləcə də mövcud təsərrüfatlarını genişləndirmələri özünüməşğulluq proqramı vasitəsilə dəstəklənəcək. Eyni zamanda, Cocuq Mərcanlı kəndində yerli sakinlərdən öz doğma kəndlərində müxtəlif ictimai-iaşə xidmətlərinin göstərilməsi üçün fərdi təsərrüfatlar, istehsal və ya emal yönümlü müəssisələr qurmaq istəyənlərin özünüməşğulluq proqramına cəlb edilməsi təmin olunacaq. Müvafiq hallarda seçdikləri fəaliyyət növlərində zəruri peşə bacarıqlarına yiyələnmələri üçün onların peşə hazırlığına cəlb olunmalarına da imkan yaradılacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31