Pirşağı tullantı sutəmizləyici qurğusu tikilir
Azərbaycan hökumətinin və Koreya Respublikası İxrac-İdxal Bankının birgə maliyyələşdirdiyi “Pirşağı Tullantı Sutəmizləyici Qurğusu” layihəsi çərçivəsində Bakı şəhəri Sabunçu rayonunun Pirşağı qəsəbəsi ərazisində yeni tullantı sutəmizləyici qurğusunun tikintisi intensiv qaydada davam etdirilir. “Azərsu” ASC-dən “OLAYLAR”-a bildirilib ki, icrasına 2017-ci ilin birinci yarısında başlanmış layihə çərçivəsində ərazidə planlama və texniki təchizat işləri tam yekunlaşıb.
27 Noyabr 2017 17:14 SosialAzərbaycan hökumətinin və Koreya Respublikası İxrac-İdxal Bankının birgə maliyyələşdirdiyi "Pirşağı Tullantı Sutəmizləyici Qurğusu" layihəsi çərçivəsində Bakı şəhəri Sabunçu rayonunun Pirşağı qəsəbəsi ərazisində yeni tullantı sutəmizləyici qurğusunun tikintisi intensiv qaydada davam etdirilir. "Azərsu" ASC-dən "OLAYLAR"-a bildirilib ki, icrasına 2017-ci ilin birinci yarısında başlanmış layihə çərçivəsində ərazidə planlama və texniki təchizat işləri tam yekunlaşıb.
Qurğuda təmizlənmiş suların dənizə axıdılması üçün dənizin dibi ilə 1300 mm diametrli çıxış xətti tikilməsinə hazırlıq görülür. Çıxış xəttinin tikintisi xüsusi ixtisaslaşmış gəmilər vasitəsilə həyata keçiriləcəkdir. Pirşağı tullantı sutəmizləyici qurğusunun tikintisində əsasən Azərbaycanda istehsal olunmuş inşaat materiallarından istifadə olunur. İnşasında ən son texnologiyalardan istifadə olunacaq qurğuda Koreyada istehsal edilmiş mexaniki avadanlıqlar quraşdırılacaq. Artıq həmin avadanlıqların bir hissəsi tikinti meydançasına tədarük olunub. Qurğuda tullantı suları ekoloji standartların tələblərinə tam uyğun olaraq təmizlənib zərərsizləşdiriləcək. Azərbaycanda ilk dəfə olaraq bu qurğuda tullantı sularının zərərsizləşdirilməsi ultrabənövşəyi şüa texnologiyası ilə aparılacaqdır. Yarana biləcək qoxunun neytrallaşdırılması üçün xüsusi biosüzgəclərdən istifadə olunması nəzərdə tutulur. Bu qurğuda Azərbaycan üçün daha bir ilk təcrübə tətbiq olunacaq. Belə ki, qurğuda təmizlənmiş suların bir hissəsinin gələcəkdə suvarma məqsədilə istifadə edilməsi planlaşdırılır.
2018-ci ildə inşası başa çatdırılacaq bioloji tipli qurğunun məhsuldarlığı sutkada 40 min kubmetr layihələndirilib. Yeni qurğu istismara verildikdən, həmçinin ətraf qəsəbələrdə kanalizasiya infrastrukturu yaradıldıqdan sonra Abşeron yarımadasının şimal hissəsində böyük bir ərazidə yaranan tullantı sularının birbaşa Xəzər dənizinə axıdılmasının qarşısı alınacaq. Gələcəkdə Pirşağı, Kürdəxanı, Məhəmmədi, Nardaran, Digah, Maştağa, Mehdiabad, Digah, Goradil, Fatmayı və Novxanı qəsəbələrində yaranan tullantı suları bu qurğuda təmizlənərək kənarlaşdırılacaqdır. Bu layihə Xəzər dənizinin ekoloji təhlükəsizliyinin qorunmasına töhfə verəcəkdir.