Nazirlikdə kollegiya iclası keçirilib

İşsizlikdən sığorta sisteminin tətbiqi nəticəsində gələn il özünüməşğulluq proqramına cari ildəkindən bir neçə dəfə çox sayda aztəminatlı ailənin cəlb edilməsi dövlət məşğulluq orqanlarının fəaliyyətinin böyük məsuliyyət və işgüzarlıq tələb edən yeni keyfiyyət mərhələsinə keçməsini şərtləndirəcək.

İşsizlikdən sığorta sisteminin tətbiqi nəticəsində gələn il özünüməşğulluq proqramına cari ildəkindən bir neçə dəfə çox sayda aztəminatlı ailənin cəlb edilməsi dövlət məşğulluq orqanlarının fəaliyyətinin böyük məsuliyyət və işgüzarlıq tələb edən yeni keyfiyyət mərhələsinə keçməsini şərtləndirəcək. Ona görə də bu orqanların fəaliyyətinin müasir və səmərəli əsaslar üzərində təkmilləşdirilməsi istiqamətində islahat tədbirlərinin sürətləndirilməsi vacib məsələlərdən biridir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a verilən məlumata görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov nazirliyin məşğulluq orqanları tərəfindən həyata keçirilən aktiv məşğulluq tədbirlərinin nəticələrinə, bu tədbirlərin və özünüməşğulluq proqramının genişləndirilməsi, eləcə də işsizlikdən sığorta sisteminin tətbiqi ilə əlaqədar qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş kollegiya iclasında diqqətə çatdırıb.
S.Müslümov bildirib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin qeyri-neft sektorunun inkişafına yönələn islahatlar proqramının uğurlu nəticələri, dövlət investisiya layihələrinin icrası, yeni sənaye parklarının və zonalarının yaradılması, tranzit potensialının artırılması və inşaat sektorunun canlanması, xüsusilə ənənəvi kənd təsərrüfatı sahələrinin inkişaf etdirilməsi əmək resurslarının səmərəli məşğulluq imkanlarının artmasına səbəb olub: "Bunlarla paralel olaraq, dövlət başçısının tapşırığı əsasında sosial məsuliyyətin bölüşdürülməsi təşəbbüsü çərçivəsində işəgötürənlərlə birgə aktiv məşğulluq tədbirləri cari ildə də davam etdirilib. Qeyd olunan pozitiv proseslər ölkəmizin əmək bazarında sabit vəziyyəti şərtləndirən müsbət meyillərin formalaşmasına şərait yaradıb. Bunu ifadə edən göstəricilərdən biri kimi, cari ilin 10 ayında məşğulluq orqanlarına iş üçün müraciət edənlərin sayında ötən ilin müvafiq dövrünə nisbətən 46 faiz azalma özünü göstərib".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31