“Kod adı “Rey”” təqdim olundu
Noyabrın 24 – də “Azərkitab”da Rey Kərimoğlunun “Kod adı “Rey”” kitabı “Azərkitab” Kitab Təbliğatı Mərkəzində təqdim olundu. Təqdimatda tanınmış yazıçılar, ziyalılar, millət vəkilləri, jurnalistlər iştirak edib. Kitabda ikinci qrup Qarabağ qazisi, jurnalist Rey Kərimoğlunun əsasən 1991 -1992 –ci illərdə Qarabağ müharibəsində gördükləri xatirə şəkilində yer alıb. “Kəşfiyyatçının xatirələri” adı ilə təqdim olunan yazılar Lent.az saytında davamlı yayımlanıb. “Kod adı “Rey” kitabə Lent.az – ın kitabxanası layihəsi çərçivəsində dərc olunan növbəti kitabdı. Kitabda yer alan xatirələrin redaktor Səhər Əhməddi. Kitab müəllifin ilk kitabıdır.
24 Noyabr 2017 16:20 SosialNoyabrın 24 - də "Azərkitab"da Rey Kərimoğlunun "Kod adı "Rey"" kitabı "Azərkitab" Kitab Təbliğatı Mərkəzində təqdim olundu. Təqdimatda tanınmış yazıçılar, ziyalılar, millət vəkilləri, jurnalistlər iştirak edib. Kitabda ikinci qrup Qarabağ qazisi, jurnalist Rey Kərimoğlunun əsasən 1991 -1992 -ci illərdə Qarabağ müharibəsində gördükləri xatirə şəkilində yer alıb. "Kəşfiyyatçının xatirələri" adı ilə təqdim olunan yazılar Lent.az saytında davamlı yayımlanıb. "Kod adı "Rey" kitabə Lent.az - ın kitabxanası layihəsi çərçivəsində dərc olunan növbəti kitabdı. Kitabda yer alan xatirələrin redaktor Səhər Əhməddi. Kitab müəllifin ilk kitabıdır.
Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov tədbiri açıq elan edərək kitab haqqında öz fikirlərini bildirdi. "Adından göründüyü kimi kitabın kod adı da Reydi, müəllifin adı da Reydi. Rey Kərimoğlunu biz döyüşçü kimi, kəşfiyyatçı kimi tanımaqla yanaşı həm də jurnalist, publusist kimi də tanıyırıq. Bütün bunlarla bərabər Rey qoxmaz, ədalətli, vətənsevər bir insandı.
Tarixçilər hər zaman antik dövrlərdən bəhs edərkən, hər hansı hadisə ilə bağlı fikir yürüdərkən belə bir ifadə işlədirlər: "salnaməçilərin dediyinə görə". Dağlıq Qarabağla, başımıza gələn faciələrlə bağlı çoxsaylı kitablar yazılıb. Bundan sonra da yazılacaq. Və bu kitabların çoxu müharibədə iştirak edən insanların xatirəsi əsasında yazılıb. Digər bir hissəsi isə ədəbiyyatçılarımızın müharibə ilə bağlı düçüncələrinin məcmusudu. Rey Kərimoğlunun kitabı əsasən xatirələr əsasında yazılmış kitabdı. Kitabda ağrı, əzab hiss olunmaqla yanaşı, ölümə, vətən uğrunda ölümə, ağrıya sevgi var. Bu kitab insanlara onu aşılayır."
Kitab haqqında iştirakçılara məlumat verən Əflatun Amaşov bildirdi ki, bu günkü tədbirdə kitabda adları çəkilən, hadisələrin iştirakçıları olan keçmiş kəşfiyyatçılar da iştirak edir. Millət vəkili kitabda bəzi epizodların bədii və hətta dünya ədəbiyyatına nümunə ola biləcəyini qeyd edərək, bildirdi ki, gələcəkdə bu kitabı daha geniş bir variantda - roman kimi də təqdim etmək olar və hətta kitabdakı xatirələr əsasında ssenari yazılaraq, film kimi də işləmək mümkündü.
Çıxışının sonunda Əflatun Amaşov Mətbuat Şurasının diplomunu Rey Kərimoğluna təqdim etdi.
Tədbirdə çıxış edən Lent.az saytının baş redaktoru Qabil Abbasoğlu kitaba dəstək olan hər kəsə təşəkkürünü bildirdi: "Lent.az yaranandan bizim seçdiyimiz xətlərdən biri gördüyümüz işin gündəlik və kütləvi informasiyaya çevrilməsindən daha çox, tarixi fakta çevirməkdi. Bu baxımdan "Lent.az -ın kitabxanası" layihəsində saytda yayımlanmış, oxucuya çatdırılan böyük layihələri kitab kimi bir daha oxuculara təqdim edirik. "Kod adı "Rey"" kitabı layihə çərçivəsində ilk kitabımız deyil. Daha öncə "Əsir düşərgəsi" layihəsi əsasında Vüsalə Məmmədovanın iki kitabı, mərhum yazıçı Zakir Sadatlının "Əfqanıstan uçurumu" əsəri bu silsilələrdəndi. Gələcəkdə məzmun və ictimai əhəmiyyəti etibarilə maraqlı olan digər nəşrləri də oxuculara təqdim edəcəyik.
Kitabı oxumaq nə qədər ağırdısa, o şəraitdə hadisələrin iştirakçısı olmağın necə bir hiss olduğunu təsəvvür edirəm. Vətən üçün əlinə silah alıb, üzünü torpağa söykəyib vuruşmuş insanların haqqı sizə halal olsun".
Daha sonra çıxış edən yazıçı Sabir Rüstəmxanlı bildirdi ki, Rey Kərimoğlunun kitabı haqqında danışmaq o qədər də çətin deyil. Çünki, onun kitabı illər uzunu müxtəlif qəzetlərdə, saytlarda verilib. Jurnalist kitabı əslində o qədər də gözlənilməz deyil. "Çünki, bizlər zamanla o kitabı fəsil -fəsil oxumuş oluruq. Buna görə də Rey Kərimoğlu imzası ilə yazılan kitab gözümüzün qabağındadı.
Ağrıdan yazmaq çətindi. Və bizim millət məğlubiyyət hissini qəbul edə bilmir. Bizim bütün dastanlarımız ən ağır tarixi hadisələr altındadı. Qarabağ haqqında romanlar yazılacaq. Amma Qarabağ haqqında əsil kitablar bu savaş bitəndə yazılacaq. Azərbaycanın qələbəsi ilə bitəcək və biz bütün olanları unudub qələbə dastanları yazacağıq. Biz erməni kimi düşmənə yenilməyi qəbul edə bilmirik. Çünki, biz reallığı bilirik... Bu ağrı ilə barışmaq son dərəcə çətindi. Biz müharibənin pərdəarxasında dayanan faciəli səhifələrindən xəbərsizik. Dağlıq Qarabağdan qovulan və ya orda ermənilərin zülmünü görən insanların talelərindən yazsaq bitməz...
Bütün bunlardan sonra biz mümkün qədər təsəlli yerləri axtarırıq. Bu kitab faciəni qabartmadan, faciənin içərisindəki qəhrəmanlıq ruhunu göstərən kitabdı".
"Çox önəmli kitabdı. Mən Lent.az saytında bu yazılar gedəndə "Ədalət" qəzetinə də yerləşdirirdim. Və hər dəfə oxuyanda tüklərim biz-biz olurdu. Müharibənin ağrılarını özündə daşıyır bu kitab. Yeri gəlmişkən, kitabın redaktoru Səhər Əhmədin ön sözü də məni kövrəltdi" - deyə, millət vəkili Aqil Abbas qeyd etdi.
Tədbirdə çıxış edən millət vəkili Hadı Rəcəbli "Kod adı: Rey" kitabının xalqımız üçün önəmli olduğunu vurğuladı: "Rey Kərimoğlunun kitabı o dövrü duymaq üçün əvəzsiz materialdı. Bu kitabın əsas, diqqəti cəlb edən tərəfi ondan ibarətdir ki, kitab sadə, oxunaqlıdı."
Təqdimatda çıxış edən şair Ramiz Rövşən kitab haqda fikirlərini iştirakçılarla bölüşərək bildirdi ki, kitabı oxumayıb. "Amma Rey mənim köhnə dostumdu. Sizə deyim ki, biz çox qəribə nəsilik. Biz müharibədən sonrakı nəsilik. Uşaq vaxtı da işimiz dava-dava oynamaq idi. Atalarımız vuruşdu əvvəl, sonra da övladlarımız müharibəyə getdi. Bir dəfə bunu demişdim: biz müharibəni oğurlamış nəsilik."
Çıxışının sonunda şair Ramiz Rövşən "Kişilər bir olmur, atam balası" şeirini səsləndirdi.
Daha sonra kitabın redaktoru Səhər Əhməd, Qarabağ Qaziləri Birliyinin rəhbəri Etimad Əsədov və başqaları kitab haqqında fikirlərini bildiriblər.
Qeyd edək ki, "Kod adı "Rey"" kitabı "Qanun" nəşriyyatında dərc olunub.
Nigar Adil
Foto-APA