Şəkərin diabet üzü: Statistika yüksəlir
2008-ci il idi, oğlumun səhhətində yaranan problem ilə əlaqədar 1 həftə xəstəxanada qalmalı oldum. Balaca əlləri ilə özünə insulin vuran uşaqları orda gördüm ilk dəfə. Gördüyüm ən kədərli mənzərə idi. Gözləri saatda, qabaqlarındakı masada yemək, onlar iynənin tətbiq saatını gözləyirdilər yeməkxanada. Həkimlər analara müəyyən yaşa çatmış uşaqların sərbəst iynə tətbiq etməsinə imkan yaratmalarını tapşırmışdı. Ömür boyu yoldaşlıq edəcəkləri xəstəliklə dost ola bilsinlər deyə...
1 Noyabr 2017 19:00 Sosial2008-ci il idi, oğlumun səhhətində yaranan problem ilə əlaqədar 1 həftə xəstəxanada qalmalı oldum. Balaca əlləri ilə özünə insulin vuran uşaqları orda gördüm ilk dəfə. Gördüyüm ən kədərli mənzərə idi. Gözləri saatda, qabaqlarındakı masada yemək, onlar iynənin tətbiq saatını gözləyirdilər yeməkxanada. Həkimlər analara müəyyən yaşa çatmış uşaqların sərbəst iynə tətbiq etməsinə imkan yaratmalarını tapşırmışdı. Ömür boyu yoldaşlıq edəcəkləri xəstəliklə dost ola bilsinlər deyə...
Xəstəliyindən xəbərsiz nə qədər insan var
Azərbaycanda 241 323 şəkərli diabet xəstəsi qeydiyyatdadır. Qeyd etdiyim rəqəmə 1543 nəfər diabetli uşaq da daxildir. Bu sadəcə qeydiyyatda olanlardır, ölkəmizdə qeydiyyatdan qaçan, xəstəliyini gizlədən və ya bundan bixəbər olan diabetlilər də az deyil.
Kiçik bir haşiyə də çıxım. Bu günlərdə bir ailə məclisində idim. Məclisimizdə tibb işçisi olan bir şəkərli diabet xəstəsi də var idi. Xalqımızın tibb işçisi görəndə sual yağışına tutma kimi ənənəvi bir adəti var, bilirsiniz. Kimisi ağzındakı quruluqdan, kimisi arıqlamağından şikayətləndi, şəfqət bacısını diabetlə bağlı suallara tutduq, o isə "gəlin kiçik bir eksperiment edək" dedi.
Tibb çantasından diabeti ölçən qlukometr adlanan kiçik bir alət çıxardı, ucluqları dəyişə-dəyişə barmağımızdakı qanımızdan şəkər nisbətini təyin etdi. Nəticə şokedici idi. Eksperimentdən keçən 11 nəfərdən 7-də yüksək dərəcəli şəkərli diabet vardı və onlar bunu bilmirdilər. Şəkərli diabet olduğunu bilən bir gənc qızın xəstəliyini də o məclisdə öyrəndik.
Maraqlıdır ki, bu xəstəliyi daşıyanlar, xüsusilə də gənc diabetlilər adətən bunu gizlədir. Səbəbi sadədir - kimsə onunla evlənməz, yoldaşlıq etməz. Onlar məhz bu səbəbdən dərmanla təmin olunmaq üçün qeydiyyata da düşmürlər. Halbuki, Azərbaycanda diabet haqqında qanun, habelə diabet xəstələri üçün dərman vəsaitlərinə büdcədən vəsait ayrılmasını nəzərdə tutan Dövlət Proqramı mövcuddur. Ölkəmizdə "Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə göstərilən illik tibbi yardımın həcmi, ineksiya vasitələrinin, insulin, özünənəzarət vasitələrinin siyahısı və miqdarı haqqında" qərar qəbul edilib və qeydiyyatda olan diabetlilər lazımı preparatlarla təmin edilir. Dövlət büdcəsində "Səhiyyə üzrə xərclər" bölməsində ünvanlı olaraq şəkərli diabet xəstəliyinin profilaktikası və müalicəsi üçün hər il vəsait ayrılır. 2003-cü ildə "Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında" qanun və şəkərli diabet üzrə dövlət proqramı hazırlanıb. Bütün bunlar diabet xəstələrinə dövlət dəstəyinin bariz nümunəsidir.
Diabet necə yaranır və necə qorunmalı?
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesablamalarına görə isə, hər il dünya üzrə vəfat edən insanların 5 faizi məhz bu xəstəlik səbəbindən vəfat edir. Həkimlər deyir ki, şəkərli diabet bütün orqanlara, xüsusilə göz, böyrək, ürək və aşağı ətraflara fəsadlar verir. Düzgün qidalanma, stress, həyəcan, xaosdan uzaq sakit bir həyat tərzi xəstəliyin qarşısını alan əsas amillərdəndir. Bu gün bu xəstəliyin bütün dünyada artmasına təsir edən səbəblər arasında mədəaltı vəzin skleroza uğraması, kompyuter arxasında çox oturmaq, passiv həyat tərzi, fasd-food qidalarından istifadədir. Bu amillətin piylənməyə səbəb olmasını da nəzərə alaraq demək olar ki, artıq çəki də endokrinoloji xəstəliklərin yaranmasında başlıca səbəbdir.
Həkim-endikronoloq Süleyman Baxışlı deyir ki, diabet 2 səbəbdən yaranır:
1. Orqanizm kifayət etməyən qədər insulin istehsal edir və ya heç etmir.
2. Effektiv formada istehsal olunan insulini orqanizm istifadə edə bilmir.
Dünyada geniş yayılmış bu xəstəliyin 2 növü var:
1. İnsulindən asılı olan diabet - Bu tip xəstələr hər gün insulin qəbul etmək məcburiyyətindədir.
2. Nəzarət altına alına bilinən diabet- Belə xəstələr həm dərman və insulin qəbul etmədən də yaşaya bilirlər, amma lazım olanda onlar da insulin və dərmandan istifadə edir.
Həkimin sözlərinə görə, dırnaqda göbələk infeksiyası və ya daxilə batıq, halsızlıq və tez yorulma, dəridə rəng dəyişikliyi, ayaqda və biləkdə şiş, tez-tez sidiyə getmə, dəridə çatlaqlar, ağızda quruluq, sürətli arıqlama, qızdırma, dəridə döyənək diabetin ilkin əlamətləridir.
ÜST-ün proqnozlarına görə, 2030-cu ilə qədər diabetdən dünyasını dəyişənlərin sayı 2 dəfə arta bilər. Xəstəlikdən əvvəllər ən çox yoxsul ölkələr əziyyət çəkirdi. Belə ki, diabetə tutulanların 80 faizi aşağı və orta gəlirli dövlətlərdə yaşayırdı. Amma son dövrlərdə inkişaf etmiş ölkələrdə də diabet nisbəti yüksəlir.
Cəmiyyət diabetli uşaqları xor görür
Ətrafımda diebet xəstəsi olan uşaqlar da var və təəssüflə qeyd edim ki, onların həmyaşıdları diabetli uşaqla yoldaşlıq etmək istəmir. Uşaqlar öz yaşlarının müəyyən dövründə qəddar ola bilirlər, valideyn nəzarəti və nəsihəti bu vaxt iki dəfə çox lazımdır. Amma diabetin nə olduğunu, nədən yarandığını, yoluxucu xəstəlik olmadığını bilməyən çox valideyn var. Övladını diabetli sinif yoldaşı ilə yoldaşlıq etməyə qoymayan valideynlər də tanıyıram.
Uşaqlıq çağında ortaya çıxan diabetlərin böyük bir qismi, təxminən 90-95%-i I tip diabetə daxildir. Yəni bu cür xəstələr bir qayda olaraq insulinə möhtacdırlar. Buna görə bu xəstələrin davamlı olaraq insulin istifadə etməsi lazımdır. Təbiidir ki, ailə çox çətin gələcəyə hazır olmalıdır. Birinci növ diabet uşaqlar və yeniyetmələr arasında ildə 3% və məktəb yaşına çatmamış uşaqlar arasında isə təhlükəli şəkildə ildə 5% artmaqdadır. Hər il 15 yaşına çatmamış 70 000 uşaqda birinci növ diabet xəstəliyi yayılır, bu gündə 200 uşağın bu adı şirin özü acı xəstəliklə tanış olması deməkdir. II tip diabet isə əvvəllər yetkinlik yaşına çatmış insanlar arasında müşahidə edilirdi. Hazırda diabetin bu növü də uşaqlar və yeniyetmələr arasında təhlükəli dərəcədə artmaqdadır.
Baş endokrinoloq: "İnsanlarımız hərəkət etmir"
Azərbaycanın baş endokrinoloqu Rafiq Məmmədhəsənovun sözlərinə görə, insanların gün boyu qəbul etdiyi qidaların əksəriyyəti karbohidratdır. O deyir ki, şəkərli diabetdən əziyyət çəkənlərin 10 faizi I tip, yerdə qalanları isə II tip xəstədir. II tip şəkərli diabetin əsas səbəbi hipodinamiya (hərəkətsizlik), piylənmə-düzgün olmayan qidalanma və stressdir.
Baş endokrinoloq deyir ki, qlükozanı yandırmaq üçün hərəkət etmək mütləqdir. O cümlədən bu xəstəliyin yaranmasında stress, genetik amillər də rol oynayır. Yəni atada şəkərli diabet xəstəliyi varsa, bunun övlada ötürülmə faizi 35-dir. Anadan bu xəstəliyin ötürülmə faizi isə iki dəfə azdır.
Məlumat üçün qeyd edək ki, amputasiyaya məruz qalan xəstələrin təxminən 25 %-i şəkərli diabetdən əziyyət çəkənlərin payına düşür. Həkimlər görmə qabiliyyətinin itirilməsinin 25-30 %-nin də məhz bu xəstəliklə əlaqəli olduğunu deyir. O cümlədən hemodializ alan xəstələrin təxminən 50 faizi şəkərli diabet xəstəsidir. Doğrudur, dövlətin qayğısı nəticəsində bu gün şəkərli xəstələrin orta yaşama ömrü çox uzanıb. Amma Azərbaycanda pəhrizə tam əməl edən diabetlilər demək olar ki, yoxdur. Xüsusilə uşaqların pəhrizi çox çətin olur. Şokalad, qızardılmış kartof, kolbasa-sosislər, tort və digər un məmulatlarını çox sevən uşaqlar üçün diabet pəhrizinə əməl etmək demək olar ki, mümkün deyil. Bu da təbii ki, xəstəliyin inkişafına kömək edir.
Şəkərli diabet sağalan xəstəlik deyil, orqanizm bir dəfə yaxalandısa, demək, ömür boyu bu "şirin bəla" ilə dil tapmaq məcburiyyətindədir. Diabet müalicəsinin ən birinci şərti yüksək qan şəkərini nəzarət altına ala bilməkdir. Bunu asanlaşdırmaq üçün isə 4 əsas qayda var - sağlam qidalanmaq, davamlı məşq etmək, lazım olduğu zaman insulin və dərman qəbul etmək və qan şəkərini daimi ölçdürmək.
Həmişə sağlam olun, çünki bundan daha dəyərli sərvət yoxdur. Azadinform.az