Nümayəndəlik institutu rəsmən ləğv edildi

Milli Məclisin oktyabrın 31-də keçirilən plenar iclasında 1994-ü ildə imzalanan "Əsrin müqaviləsi"nin müddətinin uzadılması ilə bağlı qanun layihəsi müzakirəyə çıxarılıb. Qanun layihəsi barədə Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov məlumat verib.

Əli Hüseynov: "Vəkillərin sayının artırılması məsələsinə baxılacaq"

Milli Məclisin oktyabrın 31-də keçirilən plenar iclasında 1994-ü ildə imzalanan "Əsrin müqaviləsi"nin müddətinin uzadılması ilə bağlı qanun layihəsi müzakirəyə çıxarılıb. Qanun layihəsi barədə Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov məlumat verib. Bildirib ki, sazişin əsas mətni bu gün qüvvədə olan mətndən fərqlənmir: "Amma sazişə bəzi əlavələr edilib. "Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Çıraq yataqlarının və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında" saziş 1994-cü ilin sentyabrın 20-də imzalanıb. 1995-ci ildən 2017-ci ilə qədər bu saziş çərçivəsində ümumi xərclər 43,5 milyard dollar təşkil edib. Bu saziş çərçivəsində əsaslı xərclər 35 milyard dollar olub. Layihənin icrası müddətinə Azərbaycan tərəfinə 130 milyard dollara yaxın mənfəət nefti şəklində çatıb. Bu müddət ərzində podratçı şirkətlər tərəfindən mənfəət vergisi 15 milyard dollara yaxın olub. Dövlət Neft Şirkətinin törəmə şirkəti olan ACG 6 milyard dollara yaxın mənfəət əldə edib. Kontrakt sahəsi üzrə texnoloji ehtiyaclar üzrə işlənməmiş 42 milyard kubmetrə yaxın qaz çatdırılma məntəqəsində Azərbaycan hökumətinə təhvil verib. Bu, mövcud qiymətlərlə bir neçə milyard dollar edir". Millət vəkili Vahid Əhmədov yeni neft müqaviləsinin Azərbaycan üçün çox böyük əhəmiyyətə malik olduğunu vurğulayıb: "Bu layihənin iqtisadi əhəmiyyəti ilə yanaşı, çox böyük siyasi əhəmiyyəti var. Belə bir mühüm layihənin reallaşmasında əməyi olan hər kəsə minnətdarlıq edirəm, siyasi iradəsinə görə Azərbaycanın dövlət başçısına təşəkkürümü bildirirəm". Deputat Əli Məsimli də öz növbəsində Milli Məclisin çox tarixi bir sazişi müzakirə etdiyini bildirib: "Bu saziş ölkəmizin karbohidrogen ehtiyatlarını bir daha dünyaya tanıtdı. Həmçinin, Azərbaycan neft ölkəsi kimi özünü bir daha təsdiq etdi. Yeni müqavilənin ayrı-ayrı ölkələrin şirkətləri ilə bağlanması Azərbaycanın müstəqilliyinə önəm verilməsinin əlamətidir".
Plenar iclasda həmçinin "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanuna, Mülki Prosessual və İnzibati Prosessual məcəllələrinə dəyişiklik layihələri müzakirəyə çıxarılıb. Layihə barədə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. Komitə sədri qeyd edib ki, Ali Məhkəmənin Milli Məclisə təqdim etdiyi layihəyə əsasən, fiziki şəxslərə yalnız yaxın qohumlarının məhkəmələrində qanuni nümayəndə kimi iştirak etmələrinə icazə verilir. Dəyişiklik layihəsində bir sıra məhkəmə çəkişmələrində nümayəndəlik institutunun daha peşəkar-vəkillik institutu ilə əvəzlənməsi nəzərdə tutulur, vəkillik institutunun daha da gücləndirilməsi təklif edilir. Layihəyə əsasən, kassasiya instansiyasında, yəni, Ali Məhkəmədə işlərə baxılan zaman nümayəndənin iştirakına yol verilməyəcək. Ə.Hüseynov onu da bildirib ki, cari ilin dekabr ayında vəkillər kollegiyasının iclası keçiriləcək və vəkillərin sayının artırılması məsələsinə baxılacaq. O, qeyd edib ki, bir çox ölkələrdə - qonşu Türkiyədə, Almaniyada vətəndaşların nümayəndəsi vəkil ola bilər. Komitə sədri deyib ki, bizdə vəkillərin sayının az olması nəzərdə tutulan keçidin həyata keçməsinə mane ola bilər: "Qanun layihəsinə keçid müddəalar əlavə olunub. Bu keçid müddəalarına əsasən məhkəmə prosesinə çıxan nümayəndələrə məhkəmə prosesi bitənədək məhkəməyə çıxmaq imkan veriləcək. Digər keçid müddəasına əsasən qanun dekabrda deyil, yanvar ayının 1-də qüvvə minməsi nəzərdə tutulur". O, həmçinin əlavə edib ki, keyfiyyətli hüququ yardım peşəkarlar tərəfindən həyata keçirilməlidir. Komitə sədri onu da qeyd edib ki, dəyişiklərdən sonra yeni layihədə fiziki şəxsin yaxın qohumuna məhkəmələrdə qanuni nümayəndə kimi iştiraka icazə verilir. Bununla bağlı Mülki Prosessual Məcəlləyə əvvəlki dəyişiklikdə əlavə kimi təklif olunan 69.1-1 maddəsinə əlavələr edilir. Digər yenilik isə ondan ibarətdir ki, "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanunun 1.4 və 1.6 maddələri məhkəmələrdə baxılmaqda olan işlər üzrə nümayəndə qismində iştirak edən şəxslərə həmin işlər müvafiq instansiya məhkəmələrində mahiyyəti üzrə həll edilənədək şamil olunmur. Deputat Zahid Oruc bildirib ki, sadə insanları nümayəndəsiz qoymağımız yanlışdır. Hazırda məhkəmələrdə 100 minə yaxın mülki iş var. Vəkillərin sayını artırmadan bu prosesi həyata keçirmək çətin olacaq. Millət vəkili bildirib ki, Azərbaycan vəkillərin sayına görə Gürcüstan və Ermənistandan geridədir: "Azərbaycanı beynəlxalq təşkilatlar qarşısında çətin vəziyyətdə qoyacağıq. Ali Məhkəməni düşünməyə çağırıram". Deputat Fazil Mustafa da nümayəndəlik institutunun ləğvinin əleyhinə səsə verəcəyini deyərək bildirib ki, qanuna dəyişikliyin əsas mahiyyəti məhəkəmə və vəkillik institutunda islahatların başlanğıcı kimi qəbul edirəm: "Amma bununla belə təklif edirəm ki, heç olmasa Qazaxıstandakı kimi nümayəndəlik institutu müəyyən müddət qalsın, ancaq bunların mütləq hüquqşünaslar olmasını təklif edirəm". F.Mustafa onu da təklif edib ki, qanuna dəyişikliyi 6 ay müddətinə təxirə salaq və bu müddət ərzində ölkədə vəkilllərin sayını müəyyən normaya qaldıraq: "Heç olmasa vəkillərin sayını hər yüz min nəfərə 20 nəfər olmasını təşkil edək və ondan sonra qanunu yenidən gündəmə gətrib, dəyişikliyə baxaq. Odur ki, bu qanun artıq cəmiyyətdə, hüquqşünaslar arasında da ciddi narazılığa səbəb olub. Ona görə də qanunun müzakirəsinin təxirə salınmasını təklif edirəm". Deputat Siyavuş Novruzov bildirib ki, bu, çox aktual bir məsələdir: "Biz bunu müzakirə edib qəbul etməliyik. Hər hansı bir çatışmazlıq olarsa, növbəti mərhələdə baxıla bilər. Amma bu layihəni "qəbul olunmamalıdır" deyib saxlamaq olmaz. Biz çalışmalıyıq ki, qanun layihəsi qəbul olunduqdan sonra vəkillik institutu ilə ciddi şəkildə məşğul olaq. Hüquq firmaları açılmalıdır". O, qeyd edib ki, hüquq-mühafizə orqanlarından rüşvət üstündə, qanunsuz fəaliyyətinə görə qovulan bəzi şəxslər işsiz qalan kimi vəkillik fəaliyyəti ilə məşğul olur: "Ali məktəbin yeni bitirmiş tələbələrə üstünlük verilməlidir, nəinki həmin şəxslərə. Çünki onlar hakimlərlə danışıqlara gedirlər və öz maraqları naminə çalışırlar". Məsələyə Milli Məclis sədrinin müavini Valeh Ələsgərov da münasdibət bildirib. Onun sözlərinə görə, nə qədər ki, nümayəndəlik institutu var, vəkillik institutu inkişaf etməyəcək: "Çünki nümayəndə olan yerdə vəkilə ehtiyac olmur". MM sədrinin müavini deputatları qanun layihəsinə səsverməyə çağırıb: "Hamımız qanun layihəsinin lehinə səs verməliyik. Başqa maraqlardan çıxış edənlər əleyhinə də səs verə bilər. Düşünürəm ki, məsələni siyasiləşdirmək düzgün deyil". İcasda iştirak edən Ali Məhkəmənin Mülki Kollegiyasının sədri Şəlalə Məmmədova bildirib ki, bütün mübahisəli məqamlarla bağlı müzakirələr aparılıb: "Biz yalnız məhkəmə prosesində nümayəndələrin iştirakına qarşıyıq. Burada fikirlər səsləndi ki, işsizlər ordusu yaranacaq. Amma nümayəndələr onsuz da, bu sistemin işçiləri deyildi. Biz nümayəndəlik institutunun fəaliyyətini məhdudlaşdırırıq. Bir misal deyim. Boşanmalar olur. Hakim nümayəndəyə sual verəndə ki, onlar niyə boşanır, suala cavab verə bilmir. Nümayəndələr tərəflərdən biri məhkəməyə getməyəndə orada ola bilər. Tərəflərin ikisi də məhkəmədədirsə, hakimin suallarını cavablandırırsa, o zaman nümayəndənin orada vəkil kimi iştirakı lazımsızdır".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31