Azərbaycanda söz və mətbuat azadlığı ilə bağlı tarixi ənənə mövcuddur
Azərbaycanda söz və mətbuat azadlığı ilə bağlı tarixi ənənə mövcuddur Söz və mətbuat azadlığı hər bir cəmiyyətdə aşkarlıq, hesabatlılıq və siyasi plüralizm prinsiplərinin təminatında mühüm rol oynamaqla yanaşı, demokratik inkişafı şərtləndirən mühüm amillərdən sayılır. Hüquqi dövlət və vətəndaş cəmiyyətinin formalaşması prosesinin ayrılmaz tərkib hissələrindən biri də məhz kütləvi informasiya vasitələrinin müstəqil fəaliyyətinin təmin edilməsidir.
2 Oktyabr 2017 16:29 SosialSöz və mətbuat azadlığı hər bir cəmiyyətdə aşkarlıq, hesabatlılıq və siyasi plüralizm prinsiplərinin təminatında mühüm rol oynamaqla yanaşı, demokratik inkişafı şərtləndirən mühüm amillərdən sayılır. Hüquqi dövlət və vətəndaş cəmiyyətinin formalaşması prosesinin ayrılmaz tərkib hissələrindən biri də məhz kütləvi informasiya vasitələrinin müstəqil fəaliyyətinin təmin edilməsidir. Bəşər tarixi söz və mətbuat azadlığı uğrunda mübarizə səhifələri ilə zəngindir: sivil insan cəmiyyəti formalaşandan azad fikir, sərbəst düşüncə ifadə etməyə və eyni zamanda, dəqiq, obyektiv informasiya almağa ciddi mənəvi-fizioloji ehtiyac duymuşdur. Cəmiyyətin söz və mətbuat azadlığına qovuşması, hər bir fərdin ayrı-ayrılıqda özünüifadə istəyi əsrlər boyu insanların demokratik ideallar uğrunda mübarizəsinin də başlıca qayəsini təşkil etmişdir. Millət vəkili Rafael Hüseynov qeyd edir ki, Azərbaycanda söz və fikir azadlığı ənənəsi tarixən mövcud olmuşdur. Azad söz, müstəqil fikir uğrunda mübarizə bəşər sivilizasiyasına böyük töhfələr vermiş Azərbaycan xalqının tarixində də mühüm yer tutur. Sözə daim həssas yanaşaraq ona böyük dəyər verən, ucalığını, saflığını, müqəddəsliyini əməli fəaliyyəti ilə qoruyub saxlamağa çalışan azərbaycanlılar əsrlər boyu azad fikir, sərbəst düşüncə naminə mübarizə aparmış, demokratik ideallara sadiq olmuşlar. Azərbaycanın şifahi xalq ədəbiyyatının ən qədim nümunələrində, klassik yazıçı və şairlərimizin əsərlərində, eləcə də aşıq poeziyasında sözün müqəddəsliyini, ucalığını tərənnüm edən bədii, etik-fəlsəfi lövhələrə geniş rast gəlinir: "Ən qədim dövrlərdən bizim günlərədək sözə yüksək dəyər verən, onun mənəvi-etik məzmun yükünü duzgün dəyərləndirən insanlar yüksək mənəviyyat, qəlb və əxlaq sahibi kimi tanınmış, cəmiyyətin böyük rəğbətini qazanmışlar. Azərbaycan ötən əsrin sonlarında dövlət müstəqilliyini bərpa etdikdən sonra ictimai həyatın bir çox sahələrində olduğu kimi, mətbuatın inkişafında da ciddi dönüş yaranmış, siyasi plüralizmin, söz, məlumat azadlığının təmini istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir. Nəticədə müstəqil respublikamız bu gün söz, fikir və mətbuat azadlığının maksimum səviyyədə təminatı baxımından MDB məkanında qabaqcıl yerlərdən birini tutur. Respublikada bu yönümdə həyata keçirilən mütərəqqi islahatlar, ilk növbədə, demokratik, hüquqi və dünyəvi inkişaf yolunu prioritet seçərək bu yolla inamla irəliləyən Azərbaycanda kütləvi informasiya vasitələrinin fəaliyyətinə verilən yüksək qiymətin ifadəsi sayılmalıdır". Onun sözlərinə görə, müstəqilliyin ilk illərində mətbuatın formalaşma və inkişaf yolu heç də rəvan olmamışdır. 1991-ci il 18 oktyabr tarixli "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı"nda vətəndaşların söz, fikir, mətbuat azadlıqları təsbit edilsə də, müstəqilliyin ilk illərində müəyyən obyektiv və subyektiv səbəblər üzündən ölkənin yeni formalaşan mətbuat orqanları ciddi məhrumiyyətlərlə, çətinliklərlə üzləşmişlər: "Həmin dövrdə ölkədə hökm sürən gərgin ictimai-siyasi vəziyyət, silahlı dəstələrə arxalanan müxtəlif siyasi qrupların məkrli iddialarını gerçəkləşdirmək üçün qeyri-qanuni cəhdlər göstərməsi, Ermənistanın hərbi təcavüzünün doğurduğu ağır sosial-iqtisadi və psixoloji durum söz, mətbuat, məlumat azadlıqlarının təmin edilməsinə, bu sahədə dövlətin və vətəndaşların mənafelərinin qorunmasına ciddi maneələr yaradırdı. Mövcudluğunu qoruyub saxlamağa çalışan o zamankı siyasi hakimiyyət çıxış yolunu yeni təşəkkül tapmaqda olan müstəqil mətbuata təzyiqləri gücləndirməkdə görürdü. 1992-ci il aprel ayının 12-də hərbi senzura tətbiqi adı altında mətbuat üzərində nəzarət daha da gücləndirilmişdi. 1992-ci ildə hakimiyyətə gələn AXC-nin bir illik fəaliyyəti dövründə ölkədə söz və mətbuat azadlığı sahəsində vəziyyət daha da pisləşmişdi. O zamankı ölkə rəhbərinin 15 aprel 1993-cü il tarixli sərəncamı ilə hərbi vəziyyətlə bağlı senzura təkcə hərbi sirlərə deyil, bütün məlumatlara aid edilərək jurnalistlərin sərbəst informasiya fəaliyyətini daha da sərtləşdirmişdi. Ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın istəyi ilə hakimiyyətə qayıdışından sonrakı dövrdə isə Azərbaycan mətbuatının inkişafında tamamilə yeni mərhələ başlanmışdır. Həmin dövrdən respublikada mətbuat orqanlarının azad fəaliyyəti və inkişafı yolunda süni maneələrin aradan qaldırılması, qanunvericilik bazasının təkmilləşdirilməsi, qəzetlərin maddi-texniki təchizatının yaxşılaşdırılması sahəsində ardıcıl tədbirlərin həyata keçirilməsinə başlanılmışdır. "Jurnalist əməyi qeyri-adi əməkdir, çox səylər və hünər göstərilməsini tələb edən əməkdir" - deyən ulu öndər Heydər Əliyevin rəhbərliyi altında vətəndaş cəmiyyəti quruculuğunu özünün inkişaf modeli kimi qəbul edən Azərbaycan Respublikası 1993-cü ildən insan hüquqları, söz və mətbuat azadlığının təmin edilməsi ilə bağlı bir sıra beynəlxalq konvensiyalara, sazişlərə qoşulmuşdur. 1995-ci ildə ümumxalq referendumu ilə qəbul edilmiş Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsində hər kəsin informasiya əldə etmək hüququ təmin edilmişdir. Konstitusiyaya bu müddəanın daxil edilməsi respublikamızın da qoşulduğu beynəlxalq müqavilələrdən irəli gəlir. 1948-ci ildə BMT tərəfindən qəbul edilən İnsan Hüquqları Bəyannaməsinin 19-cu maddəsi, eyni zamanda 1966-cı ildə yenə BMT tərəfindən qəbul edilən Mədəni və Siyasi hüquqların qorunmasına dair Konvensiyanın 19-cu maddəsi, 1950-ci ildə Romada qəbul edilən Avropa İnsan Hüquqlarının qorunmasına dair Konvensiyanın 10-cu maddəsi bütünlükdə hər kəsin məlumat azadlığını - informasiyanın axtarılması, əldə edilməsi, hazırlanması, ötürülməsi və yayılması hüququnu təsbit edir". Deputat əlavə edib ki, 1996-cı il noyabrın 15-də "Dövlət sirri haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edildikdən sonra Nazirlər Kabineti yanında Dövlət Sirlərini Mühafizə edən Baş İdarənin iş metodlarında müsbətə doğru ciddi dəyişikliklər edilmişdir. Buna baxmayaraq, ölkədə demokratikləşmə prosesinin tədricən dərinləşməsi əlavə qərarların qəbulunu da zəruri edirdi. Ulu öndər Heydər Əliyevin 1998-ci il 18 iyun tarixli "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı" isə vətəndaşların Azərbaycan Konstitusiyasında əksini tapmış söz, mətbuat, fikir azadlıqlarının təminatına əlverişli imkanlar açmışdır. Həmin Dövlət Proqramından az sonra Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 6 avqust tarixdə imzaladığı "Azərbaycan Respublikasında söz, fikir və mətbuat azadlığının təmin edilməsi sahəsində tədbirlər haqqında" fərman kütləvi informasiya vasitələrinin sərbəst inkişafı, onların cəmiyyətin dinamik şəkildə demokratikləşməsinə təsir edən qüdrətli vasitəyə çevrilməsi yolunda dövlət siyasətinin həyata keçirilməsində mühüm addım olmuşdur. Fərman, eləcə də kütləvi informasiya vasitələri əməkdaşlarının beynəlxalq mərkəzlərin tədqiqat və təhsil proqramlarında, beynəlxalq konfrans, seminar və digər tədbirlərdə iştirakı üçün geniş şərait yaradılmasını nəzərdə tuturdu. Həmin fərmanla 1966-cı il 27 oktyabr tarixdə yaradılan və Azərbaycanın bütün informasiya vasitələri üzərində senzura fəaliyyəti həyata keçirən Nazirlər Kabineti yanında Dövlət Sirlərini Mühafizə edən Baş İdarə ləğv olundu. Fərmanla, həmçinin Azərbaycan Respublikası Prezidentinin hərbi senzura yaradılması haqqında 16 aprel 1992-ci il tarixli fərmanı, eləcə də bütün informasiya yayımı üzərində nəzarət tətbiq edilməsi ilə bağlı 15 aprel 1993-cü il tarixli sərəncamı qüvvədən düşmüş hesab olundu. Bu qətiyyətli addım 1875-ci ildə "Əkinçi" qəzeti ilə əsası qoyulan Azərbaycan milli mətbuatının ilk dəfə senzuradan tamamilə azad edilməsi demək idi. Mətbuat üzərində dövlət senzurasının ləğvi barədə fərman kütləvi informasiya vasitələrinin sürətli inkişafına ciddi təkan verməklə yanaşı, cəmiyyət həyatında onların səmərəli rolunun artırılması sahəsində geniş Dövlət Proqramının əsas istiqamətlərini müəyyənləşdirdi. Bütün sadlananlar Azərbaycanda söz və mətbua azadlığının təmin olunması ietiqamətində atılan addımlarln bir hissəsidir. Təkcə bi faktlar deməyə əsas verir ki, Azərbaycanda söz və mətbuat azadlığının inkişafı dövlətin daim diqqət mərkəzindədir.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir