Aprel hadisələri xalq həmrəyliyini sarsılmaz ittifaqa çevirdi
2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş dördgünlük müharibə zamanı, Azərbaycan Silahlı Qüvvələrinin birləşmələri Goranboy rayonuna və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəklikləri, eləcə də Seysulan məntəqəsini azad edib, Füzuli rayonu istiqamətində yerləşən "Lələ təpə" adlandırılan yüksəkliyə nəzarəti ələ keçirdilər.
2 Oktyabr 2017 12:51 Sosial2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş dördgünlük müharibə zamanı, Azərbaycan Silahlı Qüvvələrinin birləşmələri Goranboy rayonuna və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəklikləri, eləcə də Seysulan məntəqəsini azad edib, Füzuli rayonu istiqamətində yerləşən "Lələ təpə" adlandırılan yüksəkliyə nəzarəti ələ keçirdilər. Döyüşlər nəticəsində, Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ağdərə-Madagiz istiqamətində yolların nəzarətdə saxlanılması təmin edildi. Hərbi əməliyyatlar zamanı Azərbaycan Silahlı Qüvvələrinin 88 hərbi qulluqçusu həlak oldu, 1 Mi-24 helikopteri vuruldu və 1 tank mina partlayışı zamanı sıradan çıxdı. Döyüşlərdə ermənilərə məxsus 30 tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edildi, 320 döyüşçüsü öldürüldü və 500-dən artıq döyüşçüsü yaralandı. Qeyd edək ki, aprel döyüşlrində Azərbaycan Silahlı Qüvvələrinin düşmənə sarsıdıcı zərbə endirməsinin bir sıra əsasları mövcuddur. Etiraf edilməlidir ki, bu qələbə Azərbaycan dövlət başçısının siyasi iradəsi, orduda vətənpərvərlik ruhunun yüksək olması, eləcə də iqtidarla xalq birliyinin nəticəsində mümkün oldu. Məhz bu amillərə inamın nəticəsi idi ki, həmin döyüşlərdə xalq siyasi rəhbərlik və ordu ilə həmrəylik nümayiş etdirdi. Dövlət başçısına, ordusuna güvənən Azərbaycan vətəndaşı hətta təmas xəttindən bir addım da olsa belə, geri çəkilmədi. Əksinə, orduya yazılaraq düşmənə amansız zərbə endirmək eşqilə alışıb yandı. Məhz bu kimi amillərin nəticəsində aprel döyüşləri hərb tariximizə şanlı qələbə kimi düşdü. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev aprel döyüşçüləri ilə görüşündə təsadifi olaraq qeyd etməmişdi ki, bu döyüşlərdə xalqımız qəhrəmanlıq nümayiş etdirdi: "Aprel döyüşləri zamanı təmas xəttinə yaxın yerlərdə yaşayan vətəndaşlarımızın biri də yerindən tərpənmədi. Biz bu döyüşlər zamanı və döyüşlərdən sonra xalqımızın qəhrəmanlığını gördük. Ermənistan həmişə olduğu kimi, döyüş meydanında məğlubiyyətə uğrayarkən mülki əhaliyə atəş açır. Bu dəfə də belə oldu. Bizim yüzlərlə kəndlimizin evləri dağıdıldı, bir neçə mülki şəxs həlak oldu. Ancaq təmas xəttinə yaxın yerlərdə yaşayan insanlarımız, vətəndaşlarımız çox böyük cəsarət göstərmişlər. Biri də yerindən tərpənmədi. Öz evlərini, kəndlərini tərk etmədilər". Şübhəsiz ki, gərgin döyüşlərin getdiyi cəbhə xəttinə yaxın ərazilərdə yaşayan mülki vətəndaşların belə çəsarət nümayiş etdirməsi ölkədə bərqərar olmuş iqtidar-xalq birliyinin təzahürü idi. İşğalçı dövlətdə isə tamamilə başqa ab-hava müşahidə olunurdu. Öz ordusuna, dövlətinə və dövlət başçısına inamını itirmiş erməni əsgərləri kütləvi şəkildə cəbhədən qaçırdılar. Ermənistanda hərbi-siyasi vəziyyət o dərəcədə ağırlaşmışdı ki, imkan tapan şəxslər ölkədən köç etməyi üstün tuturdular. Erməni hərbçilərinin "vətənpərvərlik" hissi o dərəcədə tükənmişdi ki, bir-birlərinə atəş açmaqdan belə çəkinmirdilər. Bu isə onun deməyə əsas verir ki, Ermənistanın hərbi-siyasi xuntası öz gənclərini zorla cəbhə bölgəsinə göndərir. Əks halda, döyüşdən qaçan 15-ə yaxın əsgər yuxarı rütbəlilər tərəfindən güllələnməzdi. Təsəvvür edin, Azərbaycan əsgəri yaralanmış hərbçi yoldaşını çiynində kilometrlərlə yol qət edərək döyüş bölgəsindən çıxarır, erməni zabiti isə öz əsgərini güllələyir. Məhz bu kimi amillər ermənilərin illərlə formalaşdırdığı ideoloji əsasını sarsıtdı. Dövlət başçısı qeyd edib ki, aprel döyüşləri demək olar ki, Ermənistanın ideoloji əsaslarını dağıtdı. Bu gün Ermənistan cəmiyyəti sarsıntı, təşviş içindədir. Artıq vəziyyətə daha praqmatik baxımdan yanaşan qüvvələr açıq-aydın bildirirlər ki, əgər Azərbaycanla münasibətlər yoluna qoyulmasa, Ermənistanın gələcəyi yoxdur: "Mən bunu dəfələrlə demişəm ki, Ermənistanın bir ölkə kimi bundan sonra da yaşaması üçün yeganə yol qonşularla münasibətləri tənzimləməkdir. Bunun üçün də yeganə yol var. Bu yol ondan ibarətdir ki, bizim işğal edilmiş torpaqlardan işğalçı qüvvələr qeyd-şərtsiz və dərhal çıxmalıdır. Bu baxımdan bu döyüşlərin çox böyük təsiri oldu. Bu təsir bu gün də özünü göstərir. Bu döyüşlər Azərbaycan xalqının, dövlətimizin, ordumuzun gücünü əyani şəkildə göstərdi. Göstərdi ki, son illər ərzində ordu quruculuğuna yetirilən diqqət, aparılan siyasət, maddi-texniki bazanın möhkəmləndirilməsi, ordumuzun döyüş potensialının gücləndirilməsi, bax, bu nəticələrə gətirib çıxarır". Bu gün həm danışıqlar prosesində, həm də bölgədə yeni bir vəziyyətin yarandığını vurğulayan Prezident İlham Əliyev deyib: "Düzdür, Ermənistan çalışır ki, danışıqlardan boyun qaçırsın. Ancaq buna müvəffəq olmayacaq. Nə qədər çalışsa da, məcbur olub danışıqlara qayıdacaq. Çünki danışıqlar aparılmasa, onlar yaxşı bilirlər ki, vəziyyət hansı istiqamətdə inkişaf edəcək. Əlbəttə ki, aprel döyüşlərindən sonra danışıqlar masasında bizim mövqeyimiz daha da möhkəmlənib və bunu bütün beynəlxalq aləm əyani şəkildə gördü". Onu qeyd edək ki, Azərbaycan dövləti indinin özündə də əsgər və zabitlərə xüsusi diqqət və qayğı ilə yanaşır. Əslində bu dövlətin orduya, öz vətəndaşlarına münasibətin bariz bir nümunəsidir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva 2016-cı ilin aprel döyüşləri zamanı Azərbaycan Ordusunun yaralanmış bir qrup əsgər və zabiti ilə görüşündə qeyd edib ki, bu gün Azərbaycan dövləti Azərbaycan əsgərlərinə, Azərbaycan ordusuna bütün lazımi dəstək göstərməyə qadirdir: "Biz hamımız çox yaxşı bilirik ki, Azərbaycanın ən böyük problemi məhz bu münaqişədir. Hamımız inanırıq ki, ədalətin bərpa olunacağı gün tezliklə gələcək, torpaqlarımız azad olunacaq, qaçqınlarımız, məcburi köçkünlərimiz öz doğma torpaqlarına, doğma evlərinə qayıdacaqlar. Əlbəttə, Azərbaycan Ordusunun, Azərbaycan əsgərinin bu işdə əməyi əvəzsizdir. Buna görə dövlətlə yanaşı, hər bir vətəndaşımız, Azərbaycan xalqı o günlər birlik nümayiş etdirdi. Hər kəsdə ruh yüksəkliyi var idi. Hər kəs özünü tamamilə çox güvənli hiss edirdi. Əminəm ki, bu qələbəni hər bir ailə evində qeyd edirdi. Hər bir azərbaycanlının borcudur ki, orduya, əsgərlərə yardım göstərsin. Bir daha deyirəm ki, Azərbaycan dövləti bu yardımı edir və bunu etməyə qadirdir. Dövlətimizin bütün imkanları var, bu yardımı edir və edəcək. Lakin mən hiss edirəm ki, insanlar da bu dəstəyi verməyə hazırdır. Bir daha demək istəyirəm ki, siz həmin günlərdə əsl qəhrəmanlıq göstərmisiniz. Sizin göstərdiyiniz qəhrəmanlıq, əlbəttə, ilk növbədə, hərbi qələbə idi. Bu qələbə sayəsində torpaqlarımızın bir hissəsi azad olundu. İndi orada qəsəbələr salınır, insanlar öz evlərinə qayıdacaqlar. Amma bu, hərbi qələbə ilə yanaşı, həm də ümumxalq qələbəsidir.Çünki siz insanlara yeni bir nəfəs, yeni bir inam verdiniz. Torpaqlarımızın bir hissəsi işğaldan azad olundu. Yəni, inam yarandı ki, biz bütün torpaqlarımızı işğaldan mütləq azad edəcəyik. Çünki ədalət bərpa olunmalıdır. Cənab Prezident çıxışlarında dəfələrlə söyləyib ki, bizim heç bir dövlətin torpağında gözümüz yoxdur. Bizim əsgərlərimiz başqa dövlətin torpağında deyillər. Bizim oğullarımız doğma torpaqlarını müdafiə edirlər, doğma torpaqlarına görə vuruşurlar və həyatlarını qurban verirlər. Aprel hadisələri Azərbaycan dövlətinin qüdrətini, Azərbaycan xalqının birliyini göstərdi. Azərbaycan Ordusu bu gün qüdrətli, lazımi müasir silah və texnika ilə tam təmin olunmuş ordudur. Azərbaycan əsgərləri yüksək peşəkarlıq, vətənpərvərlik, qəhrəmanlıq göstərərək işğal altında olan torpaqların bir qismini azad etdilər". Bu isə o deməkdir ki, Azərbaycan dövləti hər zaman öz vətəndaşının yanındadır, orduya diqqət və qayğını əsirgəmir. Ona görə də Azərbaysanda iqtidarla xalq arasında mövsud olan həmrəylik sarsılmaz ittifaqa çevrilib.
Alim Hüseynli
Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə ABUC-un həyata keçirdiyi "Aprel döyüşlərinin qəhrəmanlıq nümunələrinin təbliği" layihəsi çərçivəsində çap olunur