"Aktrisasan da, niyə "padxod" etməyim?" - Evli həmkarından aktrisaya əxlaqsız təklif - FOTO

Aktrisa Günel İmanovanın Milli.Az-a müsahibəsi.

- Günel, teatrda ilk addımlarınızı böyük sənətkarların yanında atmısınız. Onlarla bir səhnəyə çıxmaq sizi həyəcanlandırmır ki?

- Böyük sənətkarlarla səhnədə tərəf müqabili ola bilmək həddindən artıq gözəl bir hissdir. Məşqlərdə onları birdən əsəbləşdirərəm deyə fikirləşirəm, amma çox sağ olsunlar gözəl dəstək olub, motivasiya edirlər. Hacı İsmayılovla ata və qızını oynamışıq, o mənlə çox rahat olduğunu və səhnədə mənlə oynamaqdan zövq aldığını bildirmişdi.

- Hal-hazırda teatr mövsümü başlayıb. Keçən il sizi "Mənim günahım" tamaşasında gördük. Bu il hansı yeni tamaşalarda görəcəyik?

- Əgər qismət olsa, "Mənim günahım" tamaşasında görə bilərsiniz. Yeni bir tamaşada görməyəcəksiniz.

- Nə səbəbə teatrda sizə yeni rollar verilmir?

- Bunun teatra aidiyyatı yoxdur. Bu özümlə, həyata baxış bucaqlarımla bağlıdır. Mübariz ruhlu insanam. İnanıram ki, bütün sənət adamlarında bu vardır, lakin mən mübarizəmi öz sənətimdə də göstərməliyəm. Mübarizəmi apara biləcəyim işlər istəyirəm.

- Bu seçiminizə teatr rəhbərliyi necə münasibət bildirdi?

- Mən onsuz da ştatda olan bir aktrisa deyildim. Onlar üçün məncə mənim orada olub-olmamağımın heç bir fərqi olmaz. Mənə son zamanlarda yeni tamaşa da verilməmişdi. Böyük yerlər üçün hər zaman əvəzləyici vardır.

- Sizə rol verməməklərinin səbəbini soruşmadınız onlardan?

- Heç bu haqda sual da vermədim. İstəməyiblər, verməyiblər də. Buna heç məcbur da deyillər. Bunun üçün mübarizə aparmağa dəyməz. Mən insanlar və heyvanlar üçün mübarizə aparıram.

- Rejissorlar aktrisanı filmə dəvət edərkən hansı ölçüləri nəzərə alırlar?

- Birinci yəqin ki, rola uyğun olub-olmamağını nəzərdən keçirirlər. Daha sonra rolun xarakterini oynayıb oynaya bilməyəcəyinə baxılır. Bəzi rejissorlar isə instagramdakı izləmə sayının kimdə daha çox olduğuna baxır. Mənə görə bu düzgün deyil.

- Günelin İnstagram-da izləyiciləri az olduğuna görə film və seriallarda görünmür?

- Güneli hələ seriallarda görə bilməyəcəksiniz. Bu yaxınlarda bir film bitirmişik. Müharibə mövzusunda olan filmin adı "Son nəfəsədək" adlanır. Serial sənət deyil. Pul qazanmaq üçündür.

- Bəli, amma aktrisanı daha çox serialdan tanıyırlar.

- Tanınmaq əsasdırmı sizcə?

- Təbii ki, aktrisa tanınmalıdır. Mən seriala dəvət alanda tanınmağı düşünmürəm. Sənət teatr və filmdir. Amma hər filmə və tamaşaya da sənət demək olmaz. Sənət mübarizə aparan insanlar tərəfindən məhz küçədə yaranıb. Küçə musiqiçiləri sənətlə məşğuldur əslində, amma tanınmır. Onlar tanınmır deyə sənətkar deyillər? Teatr aktyorları var ki, tanınmır, onlar sənətlə məşğul deyil ki?

- Çox gözəl xanımsınız. Heç tərəf müqabiliniz sizə sevgi təklifi edibmi?

- Bəli, tərəf müqabillərimdən biri məni narahat edib. Evli ola-ola mənə sevgi etirafı edib. "Xəyallarımın adamı sənsən" deyə məni çox narahat edirdi. Bir dəfə də rejissorla söhbətdən sonra gecənin bir vaxtı mənə yazdı. Təkid edirdi ki, biz səninlə bir yerdə yaşamalıyıq. Çox əsəbləşmişdim. Zəng edib məni filmə çağıran şəxsə şikayət etdim. Gözəl ssenari olsa da film alınmadı. Sən demə o başqa aktrisalara da bu cür təkliflər edib, hətta onunla yatanlar da olub. Bu qızlar niyə belə axmaqdır? Bəzi aktrisalar filmə çəkilmək üçün pul verirlər, özlərini hədiyyə edirlər. Bilmirəm buna gülüm, ya ağlayım.

- Həmin insanla üz-üzə gəlirsiniz?

- Bəli, üz-üzə gəlirəm. Bizim cəmiyyətdə belə bir fikir var, kişi hər şey edə bilər, amma qadına olmaz. O da bu idealist fikir nümayəndələrindəndir. Ona olar və düz etdiyini fikirləşir. Mənə deyir ki, aktrisasan, niyə "padxod" etməyim?

- Həyat yoldaşına şikayət etmədiniz?

- Mən həyat yoldaşını tanımıram və tanısam da demərəm. Onun ailəsinin nə günahı var? Onsuz da idealist insanlar özlərini günahkar hiss etməz. O qadın ona heç nə deyə bilməz. Bu tək bizim işlərdə deyil, bir çox sahələrdə var. Cəmiyyətimizdə varlı kişilərin qızları pulları ilə özlərinə cəlb etməyi adi hala çevrilib. Qızlar işləmək istəmir, bir kişidən asılı qalmağı seçirlər. Bu hal çox pisdir.

- Heç aktyorla evlənmək istərdiniz?

- Mənim üçün aktyor və başqa sənət sahibinin olması vacib deyil, əsas odur ki, düşüncələrimiz bir olsun. Mənim həyat yoldaşım bütün fikirlərimə hörmət etməlidir. Dünyaya baxışımız eyni olmalıdır. İlk dəfə sevəndə 18 yaşım var idi.

- Kimlər mane oldu sevginizə?

- Bu yəqin əsl sevgi deyildi. Çox bilikli insan idi, danışanda heyran olurdum. O da gənc idi, çox elmli adam idi. Həyat bucağımız eyni olmadığına görə ayrıldıq.

- Ondan sonra həyatınızda sevgi olmadı?

- Xeyr, mən hələ ruhumun adamını tapmamışam. Bir gün Allahın bizi görüşdürəcəyinə inanıram.

- Günel illər öncə müsahibənizdə cəsarətlə "Teatrda fahişə rolunu oynayaram" demişdiniz. İndi də bu fikirdəsiniz?

- Bu cavabımı çox yaxşı xatırlayıram. Rolun mənəvi dəyərinə baxaraq həm teatrda, həm də filmdə oynayaram.

- Fikirlərinizi həmişə belə tez-tez dəyişir?

- Məncə elə də tez deyil, üstündən 3 il keçib. O müsahibədə heç 20 yaşım yox idi. Fikirlərin dəyişən, inkişaf edən vaxtı idi. Yataq səhnəsi olsa çox güman ki, çəkilməyəcəyəm. Hər şey ssenaridən aslıdır. Bu səhnələr dünya məktəblərində öyrədilir, öz texnikası və estetikası var. Bizim filmlərdə isə bu səhnələr inandırıcı alınmır.

- Yüksək qonorar versələr, çəkilərsiniz?

- Yataq səhnəsinə çəkilmərəm, çünki məktəbini bilmirəm.

- Bunun üçün mütləq şəkildə məktəb lazımdır?

- Mənə görə bunun məktəbini bilməliyik. Mən hələ filmlərimizdə bunu gözəl və estetik edən birini görməmişəm.

- Həyatınızı kimlərəsə görə qurursunuz, yoxsa sırf özünüzə görə?

- Mənə necə rahatdırsa elə də yaşayıram. "Kimlər nə düşünürlər, nə deyərlər" kimi fikirlər vecimə də deyil.

Əli Rəhimoğlu

Milli.Az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00