“Vətəndaş cəmiyyətinin inkişafında təhsilin rolu” müzakirə edilib
Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumu (MQF) Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “QHT-lərə institusional inkişaf sahəsində xidmətlərin göstərilməsi” layihəsi çərçivəsində “Vətəndaş cəmiyyətinin inkişafında təhsilin rolu” adlı dəyirmi masa keçirilib.
29 Sentyabr 2017 17:23 SosialAzərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumu (MQF) Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "QHT-lərə institusional inkişaf sahəsində xidmətlərin göstərilməsi" layihəsi çərçivəsində "Vətəndaş cəmiyyətinin inkişafında təhsilin rolu" adlı dəyirmi masa keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, tədbirdə MQF-nin prezidenti Rauf Zeyni, Azərbaycan Respublikası Təhsil Nazirliyinin və QHT nümayəndələri iştirak etmişdir. Tədbiri giriş sözü ilə açan Rauf Zeyni tədbir iştirakçılarını salamlayaraq layihənin ilk tədbiri olduğunu və tədbirin vətəndaş cəmiyyəti üçün əhəmiyyətinin böyük olduğunu vurğulayıb. Daha sonra Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun direktoru Vəfa Yaqublunu və Təhsil Nazirliyinin layihə koordinatoru Elçin Sərdarovu tədbir iştirakçılarına təqdim etmişdir. Daha sonra məhşur azərbaycanlı alim Lütfi -Zadənin ruhu bir dəqiqəlik sükutla yad edilib. Bundan sonra təhsilin inkişafında vətəndaş cəmiyyətinin rolundan bəhs edərək bildirib ki, 2014-cü ildə Təhsil Nazirliyi və Nəsirəddin Tusi adına Pedaqoji Universitetlə birgə eyni adlı tədbir keçirilib. Rauf Zeyni deyib ki, məqsədimiz vətəndaş cəmiyyətinin inkişafı ilə əlaqədar olaraq təhsilin rolunu dəyərləndirmək, qiymətləndirmək və bundan sonra görəcəyimiz işləri müəyyənləşdirmək, eyni zamanda cəmiyyətimizi narahat edən problemləri müzakirə etməkdən ibarətdir: "Vətəndaş cəmiyyətinin inkişafının tarixinə nəzər salsaq, böyük ustadımız Həsənbəy Zərdabi tərəfindən 1872-ci ildə əsası qoyulan "Cəmiyyəti- Xeyriyyə"-ni vətəndaş cəmiyyətinin, daha doğrusu qeyri-hökumət təşkilatlarının yaranış tarixi kimi qeyd etmək mümkündür. Hal-hazırda biz bir vətəndaş və vətəndaş cəmiyyəti olaraq bu cür maarifçilik hərəkatlarını davam etdiririk".