Müasir dövrümüzdə qadınlarımız müstəqil Azərbaycanın inkişafına öz dəyərli töhfələrini verirlər

Qadınlar da gənclər kimi hər zaman ölkənin həyatında mühüm rol oynayaraq onun inkişafına, tərəqqisinə müəyyən mənada öz töhfələrini veriblər. Ümumiyyətlə, tarixin bütün dövrlərində qadınlar cəmiyyətin aparıcı qüvvəsi rolunu oynayıblar.

Qadınlar da gənclər kimi hər zaman ölkənin həyatında mühüm rol oynayaraq onun inkişafına, tərəqqisinə müəyyən mənada öz töhfələrini veriblər. Ümumiyyətlə, tarixin bütün dövrlərində qadınlar cəmiyyətin aparıcı qüvvəsi rolunu oynayıblar. Hələ XX əsrin əvvəllərində demək olar ki, bütün dünyada qadın hüquqları tapdalandığı, onların cəmiyyət həyatında iştirakına maneçiliklər tətbiq edildiyi halda, 1918-ci ildə elan edilən Azərbaycan Xalq Cümhuriyyəti qadınlara seçib-seçilmək hüququ vermişdi. Eləcə də ondan sonrakı illərdə Azərbaycan qadınları bütün sahələrdə öz fəallıqları ilə seçilmişlər. İstər İkinci Dünya Müharibəsi zamanında, istər Sovetlərin dövründə Azərbaycan qadını öz fəaliyyəti, işi ilə özünü təsdiqləmiş, sözünü demişdi. Elə bu səbəbdəndir ki, müstəqillik əldə etdikdən sonra Azərbaycanda qadınların ölkənin ictimai siyasi həyatındakı roluna daha çox önəm verildi, onlar cəmiyyətin aparıcı qüvvəsinə çevrildilər. Gənc araşdırmaçı Samir Zeynalov deyir ki, müasir dövrümüzdə də qadınlarımız müstəqil Azərbaycanın inkişafına öz dəyərli töhfələrini verir, beynəlxalq qadın hərəkatında fəal iştirak edirlər: "Təsadüfi deyil ki, ümummilli lider Heydər Əliyev qadınların bu xidmətlərini - gənc nəslin sağlam, vətənpərvərlik ruhunda böyüməsində sərf etdikləri əməyi yüksək qiymətləndirir, onlara daim böyük diqqət və qayğı göstərirdi. Ulu öndərimiz deyirdi: "Qadınlar bir belə əziyyət çəkərkən nə istəyirlər? Sadəcə onlara diqqət, qayğı və ehtiram! Bu anlayışlar çox genişdir. Diqqət də, qayğı da müxtəlif formalarda ola bilər. Ancaq kişilər gərək qadınları həmişə yüksəkdə görsünlər, qadınlara gərək xüsusi hörmət etsinlər, qadınlara diqqətlə yanaşsınlar". 8 martın qadınların bayramı olduğuna görə onlar məhz bu gün daha çox diqqətə, qayğıya ehtiyac duyurlar. Qadın övlad yanında ana olur, bacı-qardaş yanında bacı olur, həyat yoldaşı, ər yanında, qeyrətli kişi yanında və qayğı əhatəsində qadın olur - zəif, zərif, gözəl qadın... Qadınları qayğısız, diqqətsiz qoymayın, kişilər! Çünki bütün qadınlar həmişə mənəvi dayağa, ülvi məhəbbətə, ilıq nəfəsə ehtiyac duyurlar". Samir Zeynalov qeyd edib ki, qadınlar xarakter baxımından bir-birinə bənzəməz: - zəifi olur, güclüsü olur: "Onları birləşdirən yeganə bir ad var - ana adı! Qadınlar fərqli olsalar da, analar fərqli olmur. İstəkləri, arzuları, sevinc və kədərləri ilə bir-birlərinə bənzəyirlər. Bütün analar övlad yolunda hər cür cəfaya hazır olur: gözlərinin nurunu, saçlarının rəngini, gecələr yuxusunu balasından əsirgəmir. Ümummilli lider Heydər Əliyev 8 Mart Beynəlxalq Qadınlar bayramı ilə bağlı deyirdi: "Bu bayram, doğrudan da bizim bütün bayramlar içərisində ən gözəl bayramdır. Çünki bu qadınlara həsr olunubdur. İnsan cəmiyyətində qadının rolu, əhəmiyyəti məlumdur. Qısaca onu demək olar ki, qadınsız insan yoxdur, qadınsız həyat yoxdur. Qadınlar cəmiyyətdə, həyatda göstərdikləri bütün başqa xidmətlərlə yanaşı, ona görə ən yüksək qiymətə layiqdirlər ki, onlar anadırlar". Natiq qeyd edib ki, bu gün ümummilli lider Heydər Əliyevin 2000-ci ildə imzaladığı "Azərbaycan Respublikasında Dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında" fərmandan irəli gələn məsələlərin həlli Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir: "Qadınlar ölkənin bütün ali orqanlarında əzmlə, məsuliyyətlə çalışırlar. Bu gün Azərbaycanın birinci xanımı, YUNESKO-nun və İSESKO-nın xoşməramlı səfiri, birinci vitse-prezident Mehriban Əliyeva istər ölkəmizdə, istərsə də vətəndən uzaqlarda öz işi, bacarığı və əvəzsiz keyfiyyətləri ilə Azərbaycan xanımlarını ən yüksək səviyyədə təmsil edir və Azərbaycan qadınının nələrə qadir ola biləcəyini gördüyü işlərin sanbalı ilə sübut edir. Qadın adını, ana adını və şərəfli nənə adını daşımağı hər bir azərbaycanlı xanıma arzu edirəm. Çünki onlar buna və bundan da yüksək, ali mənsəbə, hörmətə və məhəbbətə layiqdirlər. Unutmamalıyıq ki, bəşəriyyətin yarıdan çoxunu təşkil edən qadınlar, analar - bu zərif məxluqlar həyatın mənası, bəzəyi və əbədi gözəlliyidir".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31