Ölkədə cəza siyasəti humanisləşdirilir

Ölkəmizdə insan hüquq və azadlıqlarına daim diqqət yetirilməsi, humanizm prinsiplərinin əsas götürülməsi bu sahədə mövcud olan bəzi qanunvericlik aktlarına əlavə və dəyişikliklərin edilməsini zərurətə çevirir. Xüsusilə, cəza növünün yüngüllləşdirilməsini bu sıraya aid etmək olar. Belə ki, Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə Milli Məclisə Cinayət Məcəlləsinə yeni 52-1 maddəsinin (azadlığın məhdudlaşdırılması) əlavə edilməsi təklif olunur. Maddəyə görə, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanmaqla azadlıq hüququnun məhdudlaşdırılmasından ibarətdir.

Ölkəmizdə insan hüquq və azadlıqlarına daim diqqət yetirilməsi, humanizm prinsiplərinin əsas götürülməsi bu sahədə mövcud olan bəzi qanunvericlik aktlarına əlavə və dəyişikliklərin edilməsini zərurətə çevirir. Xüsusilə, cəza növünün yüngüllləşdirilməsini bu sıraya aid etmək olar. Belə ki, Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə Milli Məclisə Cinayət Məcəlləsinə yeni 52-1 maddəsinin (azadlığın məhdudlaşdırılması) əlavə edilməsi təklif olunur. Maddəyə görə, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanmaqla azadlıq hüququnun məhdudlaşdırılmasından ibarətdir. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxsə isə  yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, cəzanın icrasına nəzarət edən orqanın razılığı olmadan yaşayış yerini dəyişməmək, habelə həmin orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi tələblər qoyulur. Məıumata görə, azadlığın məhdudlaşdırılması 6 aydan 5 ilədək hesablanacaq. Bildirilir ki, məhkəmənin müəyyən etdiyi vəzifələri mütəmadi və ya qərəzli olaraq yerinə yetirməkdən boyun qaçıran məhkumun cəzasının çəkilməmiş hissəsi cəzanın icrasına nəzarət edən orqanın təqdimatı əsasında məhkəmə tərəfindən müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilir. Bu zaman iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrum etmə ilə hesablanır.

Məsələ ilə bağlı fikirlərini bildirən millət vəkili Vüsal Hüseynov da qeyd edib ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə cəza siyasətinin humanistləşdirilməsi barədə Prezidentin Sərəncamının icrası ilə əlaqədar əlavə və dəyişikliklərin edilməsi təklif edilir. Onun sözlərinə görə, yeni Qanun layihəsinə əsasən Məcəllənin 141 maddəsinə əlavə və dəyişikliklər ediləcək, 5 yeni maddə əlavə olunacaq və 2 maddə tamamilə çıxarılacaqdır: "2 maddənin çıxarılması ilə 2 cinayət dekriminallaşacaq, yəni həmin əməlləri törətmə artıq cinayət məsuliyyəti yaratmayacaq". Vüsal Hüseynov deyib ki, bu yeniliklərdən biri Cinayət Məcəlləsində cəza növlərinə azadlığın məhdudlaşıdırılması adlı cəza növünün daxil edilməsidir: "Bu cəza növü azadlıqdan məhrum etmə cəza növündən daha yüngül cəzadır. Bu cəza növü tətbiq olunacaq şəxslər cəmiyyətdən tam təcrid olunmayacaq. Onların daimi yaşayış yerində yaşaması və müəyyən edilən sair ərazilərdə hərəkətinə icazə veriləcək. Məhkum (məhkəmə tərəfindən cəzaya məhkum edilmiş şəxs) cəza çəkmə müddətində təhsil ala və işləyə biləcək. Azadlığın məhdudlaşdırılması adından da göründüyü kimi şəxsi azadlıqdan məhrum etmir, onun bu hüququnu müəyyən şərtlər daxilində məhdudlaşdırır. Yəni, şəxsin üzərinə passiv (müəyyən hərəkətləri etməmək) və aktiv (müəyyən hərəkətləri etmək) öhdəliklər qoyulur. Bu cəza növünün altı aydan beş ilədək müddətə təyin edilməsi nəzərdə tutulur". Millət vəkilinin sözlərinə görə, cəza növünün Cinayət Məcəlləsinə əlavə olunması ilə artıq bir sıra cinayətlər barədə azadlıqdan məhrum etmə cəzasına alternativ cəza növü kimi azadlığın məhdudlaşdırılması tətbiq oluna biləcək. Bu isə məhkum olunmuş şəxslərə təyin olunan cəzaların humanistləşdirilməsidir.

Məlumat üçün qeyd edək ki, 2011-ci ildə Milli Məclis Cinayət Məcəlləsində və Cəzaların İcrası Məcəlləsində dəyişiklikləri təsdiqləyib. Dəyişikliklər "azadlığın məhdudlaşdırılması" cəza növünün cinayət cəzaları sistemindən çıxarılması ilə bağlı olub. Bununla əlaqədar olaraq adıçəkilən sənədlərdən müvafiq müddəalar çıxarılıb və ya digər cəza növü ilə əvəzlənib. Cəzaların İcrası Məcəlləsinə bununla bağlı keçid müddəa əlavə olunub. Keçid müddəalarında qeyd olunurdu ki, əlavə və dəyişikliklər qüvvəyə minəndən sonra azadlığın məhdudlaşdırılması növündə cəza çəkən şəxslər barəsində hökmlərə yenidən baxılacaq. Məhkəmələr bu cəzaya məhkum olunmuş şəxslərin ərizəsi və ya cəzanı icra edən müəssisənin təqdimatı əsasında yenidən baxırdı. Qanun qüvvəyə mindiyi günədək azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi bir ildən artıq olmadıqda 1 gün azadlığın məhdudlaşdırılmasına 1 gün islah işləri hesablanmaqla, islah işləri cəzası ilə və ya 300 manatdan 500 manatadək cərimə cəzası ilə, cəzanın çəkilməmiş hissəsi 1 ildən 2 ilədək olduqda 1 gün azadlığın məhdudlaşdırılmasına 1 gün islah işləri hesablanmaqla, islah işləri cəzası ilə və ya 500 manatdan 800 manatadək miqdarda cərimə cəzası ilə əvəzlənirdi. Azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 2 ildən artıq olduqda isə 800 manatdan 1000 manatadək miqdarda cərimə cəzası tətbiq olunurdu.

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31