SOCAR-ın Elm Fondu qrant müsabiqəsi elan edir
SOCAR-ın Elm Fondu fundamental və innovasiya yönümlü elmi tədqiqat layihələrini və digər elmi tədbirləri dəstəkləmək, Azərbaycan Milli Elmlər Akademiyasında fəaliyyət göstərən alimlərin və yaradıcı kollektivlərin fəaliyyətini dəstəkləmək və onlara əlavə yaradıcılıq imkanları yaratmaq, elmi araşdırmaları stimullaşdırmaq məqsədilə müsabiqə elan edir.
29 Sentyabr 2017 11:42 SosialSOCAR-ın Elm Fondu fundamental və innovasiya yönümlü elmi tədqiqat layihələrini və digər elmi tədbirləri dəstəkləmək, Azərbaycan Milli Elmlər Akademiyasında fəaliyyət göstərən alimlərin və yaradıcı kollektivlərin fəaliyyətini dəstəkləmək və onlara əlavə yaradıcılıq imkanları yaratmaq, elmi araşdırmaları stimullaşdırmaq məqsədilə müsabiqə elan edir. "OLAYLAR"-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, müsabiqəyə yer, texnika və kimya elmlərini əhatə edən layihələr təqdim oluna bilər. Neft-qaz yataqlarının neftveriminin artırılması, quyularda parafin, qətran, asfalten və qum çökmə problemləri, neft sənayesində qazma, hasilat, nəql, emal və s. proseslərdə innovativ texnika və texnologiyaların (o cümlədən nanotexnologiyaların) tətbiqi, quruda və dənizdəki neft-qaz obyektlərinin monitorinqində müasir robot texnikasından istifadə, neft-qaz hasilatının identifikasiyası məqsədilə elmi cihaz və avadanlıqlar yaradılması, eləcə də digər mövzularda elmi layihələrə üstünlük veriləcəkdir. Müsabiqə fundamental və tətbiqi xarakterli elmi tədqiqat layihələrini, xüsusi layihələri və gənc alimlər üçün nəzərdə tutulan "həvəsləndirici mükafat"la qiymətləndirilən yaxın bir ildə tamamlanmış elmi tədqiqat layihələrini əhatə edən nominasiyalar üzrə keçirilir. Fundamental və tətbiqi xarakterli kiçik həcmli layihələr üçün 50 min manata qədər, orta həcmli layihələr üçün 50 mindən 100 min manata qədər, böyük həcmli layihələr üçün isə 100 mindən 200 min manata qədər maliyyə vəsaitlərinin ayrılması nəzərdə tutulur.