Fırıldaqçı şirkətlərin məsuliyyətdən yayınmaq yolları

Son zamanlar hüquqi şəxslərin ləğv edilməsi, yaxud müflis elan edilməsi hallarına daha tez-tez rast gəlinir. Daha çox tikinti şirkətləri ilə bağlı olan bu məsələnin ziyanını vətəndaşlar çəkməli olurlar. Belə ki, adətən maliyyə fırıldağı üzə çıxan firma və şirkətlər bu metoddan istifadə etməklə məsuliyyətdən yayınmağa çalışırlar. Bəs, əslində hüquqi şəxslər hansı hallarda ləğv edilə bilər?  Əvvala qeyd edək ki, hüquqi şəxs - Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq hüquqi şəxs statusunda yaradılmış müəssisə və təşkilatlar.

Hüquqi şəxslər  hansı hallarda ləğv edilə bilər?

Son zamanlar hüquqi şəxslərin ləğv edilməsi, yaxud müflis elan edilməsi hallarına daha tez-tez rast gəlinir. Daha çox tikinti şirkətləri ilə bağlı olan bu məsələnin ziyanını vətəndaşlar çəkməli olurlar. Belə ki, adətən maliyyə fırıldağı üzə çıxan firma və şirkətlər bu metoddan istifadə etməklə məsuliyyətdən yayınmağa çalışırlar. Bəs, əslində hüquqi şəxslər hansı hallarda ləğv edilə bilər?  Əvvala qeyd edək ki, hüquqi şəxs - Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq hüquqi şəxs statusunda yaradılmış müəssisə və təşkilatlar. Hüquqi şəxslər fiziki şəxslərin birləşməsinə əsaslanan və spesifik qaydada yaradılan xüsusi qurumudur. Azərbaycan Respublikasının ərazisində hüquqi şəxs statusu almaq istəyən qurumların, habelə xarici hüquqi şəxslərin Azərbaycan Respublikasının ərazisində yaratdıqları nümayəndəlik və ya filialların hüquq qabiliyyətinin təsdiq edilməsi, hüquqi statusunun müəyyənləşdirilməsi və onlar barəsində məlumatların hüquqi şəxslərin vahid dövlət reyestrinə daxil edilməsindən sonra hüquqi şəxslər dövlət qeydiyyatına alınmış hesab olunurlar.

Vergilər Nazirliyindən bildirilib ki,  hüquqi şəxslərin ləğv edilməsi proseduru Azərbaycan Respublikasının Mülki Məcəlləsinin və  Vergi Məcəlləsinin müddəaları, "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu, "Dövlət vergi orqanlarında kommersiya qurumlarının dövlət qeydiyyatının və vergi ödəyicilərinin uçotunun ləğv edilməsi Qaydaları" ilə tənzimlənir. Mülki Məcəllənin 59-cu maddəsinə əsasən hüquqi  şəxs yalnız təsisçilərinin və ya nizamnamə ilə buna vəkil edilmiş orqanının qərarı ilə; hüquqi şəxsin yaradılması zamanı yol verilmiş qanunvericilik pozuntuları ilə əlaqədar onun qeydiyyatının məhkəmə tərəfindən etibarsız sayıldığı halda; müflis elan olunduqda ləğv oluna bilər. Hüquqi şəxsin "ləğv prosesində" olması barədə qeydin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün müvafiq sənədlər qeydiyyat orqanına təqdim edilməlidir. Ləğvetmə komissiyası (təsviyəçi) təyin olunduğu gündən sonra 15 gün müddətində hüquqi şəxsin aşağıdakı sənədlərini qeydiyyat orqanına təqdim etməlidir: Qurumun dövlət qeydiyyatından (vergi uçotundan) çıxarılması haqqında" Ərizə, ləğvetmə barədə qərar; ödəmə qabiliyyətinin olmasını təsdiq edən rəsmi bəyanat; hüquqi şəxsin ləğv edilməsi və kreditorlarının tələblərinin bildirilməsi qaydası və müddəti (60 gündən az ola bilməz) haqqında ilk məlumatın mətbu nəşrdə dərc olunmasını təsdiq edən sənədvə möhür.

Nazirlikdən o da bildirilib ki, hüquqi şəxs müflis elan olunduqda müflis elan edilmə  barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı və ya borclu müəssisənin müflis elan olunması barədə kreditorların ilkin yığıncağının qərarı qeydiyyat orqanına təqdim olunmalıdır. Qeyd olunan sənədlər qanunvericiliyin tələblərinə zidd olmadıqda qeydiyyat orqanı 5 gün müddətində hüquqi şəxsin ləğvetmə prosesində olması barədə qeydi hüquqi şəxslərin dövlət reyestrinə daxil edir, ləğvetmə komissiyasının üzvlərini və ya təsviyəçini qanuni təmsilçi kimi qeyd edib reyestrdən çıxarışı təqdim edir. Bundan sonra hüquqi şəxs tərəfindən sənədlərin tərtibi zamanı üzərində "ləğv prosesindədir" yazılmış möhürdən istifadə olunur və bütün sənədlərdə onun adından sonra "ləğv prosesindədir" sözləri əlavə edilir.

Lakin sadlanan sənədlərin təqdim edilməsi bütün məsələlərin həlli demək deyil. Ərizənin qəbulu zamanı bir sıra məlumatların yoxlanması zərurəti yaranır. Belə ki, vergi ödəyicilərinin uçot məlumat bazasında dövlət qeydiyyatı və vergi uçotu ləğv edilən hüquqi şəxslər barədə aşağıdakı halların mövcud olub-olmaması yoxlanılmalı və yoxlamanın nəticəsi olaraq məlumatlandırılmalıdır: qeydiyyatı və uçotu ləğv edilən hüquqi şəxsin təsisçiliyi ilə yaradılmış hüquqi şəxslərin mövcudluğu; hüquqi şəxsin əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyatda olub-olmaması; hüquqi şəxsin filialı, nümayəndəliyi və ya digər təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə vergi uçotunda olub-olmaması; hüquqi şəxsin uçota alındığı təsərrüfat subyektinin olduğu yer üzrə nəzarət-kassa aparatının qeydiyyatda olub-olmaması; hüquqi şəxsin uçota alındığı təsərrüfat subyektinin  olduğu yer üzrə Pos-terminalının qeydiyyatda olub-olmaması; hüquqi şəxsin aktiv bank hesablarının olub-olmaması; hüquqi şəxsin dövlət büdcəsinə vergi borcunun olub-olmaması; hüquqi şəxsin təqdim edilməmiş bəyannamələrinin olub-olmaması. Qeyd olunan hallardan biri olduqda hüquqi şəxs tərəfindən həmin halların aradan qaldırılması ilə əlaqədar zəruri işlər  görülməlidir. Ardınca hüquqi şəxsin dövlət reyestrindən çıxarılması üçün qeydiyyat orqanına tələb olunan sənədlər təqdim olunmalıdır. Qanunvericilikdə hüquqi şəxsin ləğv olunması üçün navafiq müddət nəzərdə tutulur. Belə ki, ləğvetmə prosesinin ümumi müddəti hüquqi şəxsin ləğvetmə prosesində olması barədə məlumatın hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan etibarən bir ildən çox olmamalıdır. Həmin müddətin keçməsi ləğvetmə prosesinin yenidən başlamasına  səbəb olur.  Xarici hüquqi şəxslərin filial və ya nümayəndəliklərinin ləğv edilməsinə kommersiya və publik hüquqi şəxslərin ləğvi üçün isə Azərbaycan Respublikasının Mülki Məcəlləsi və "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydalar tətbiq edilir.

Nurlan 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31