Bir qrup yazıçı Biləsüvarda məcburi köçkünlərlə görüşüb
Sentyabrın 27-də Cəbrayıl məcburi köçkün qəsəbəsində (Biləsüvar) “Azərbaycan Yazarlar Klubu” İctimai Birliyinin “Canımız Qarabağ, Yazımız Qarabağ 2” layihəsi çərçivəsində ziyalılar, gənclər və ictimaiyyətin müxtəlif nümayəndələrilə görüş keçirilib.
28 Sentyabr 2017 11:11 SosialSentyabrın 27-də Cəbrayıl məcburi köçkün qəsəbəsində (Biləsüvar) "Azərbaycan Yazarlar Klubu" İctimai Birliyinin "Canımız Qarabağ, Yazımız Qarabağ 2" layihəsi çərçivəsində ziyalılar, gənclər və ictimaiyyətin müxtəlif nümayəndələrilə görüş keçirilib.
Görüşdə layihənin rəhbəri, Azərbaycan Yazıçılar Birliyinin müşaviri, Azərbaycan Yazarlar Klubunun sədri, yazıçı-dramaturq-publisist Elçin Hüseynbəyli, "Persona.az" saytının rəhbəri, yazıçı Zəka Vilayətoğlu, "Ulduz" jurnalının şöbə müdiri, şairə Fərqanə Mehdiyeva, AYB təmsilçisi, şairə Güləmail Murad və şair İlqar Türkoğlu iştirak ediblər.
Görüş iştirakçıları öncə Qarabağ savaşı ilə bağlı yeni çıxan kitabların və film-disklərin sərgisilə tanış olublar və sonda həmin kitablar rayon kitabxanasına təhvil verilib.
Elçin Hüseynbəyli çıxış edərək, layihənin məqsədi barədə məlumat verib. O bildirib ki, layihə Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının qrantı əsasında həyata keçirilir və ötən ilin aprel savaşından sonra ordumuza dəstək və Qarabağ uğrunda müqəddəs savaşımıza yazarlar tərəfindən töhfə vermək məqsədi daşıyır.
Yazıçı onu da xatırladır ki, oxşar tədbir ötən ilin noyabrında həm bu məkanda, həm də digər cəbhə bölgələrində keçirilib. Oktyabrın əvvəllərində isə Füzuliyə və Cocuq Mərcanlıya da yazarların səfəri planlaşdırılır.
Daha sonra Bakıdan gələn qonaqlar çıxış ediblər. Onlar yurd həsrəti çəkən soydaşlarının dərdinə şərik olduqlarını deyiblər və bu ruhda şeirlər söyləyiblər.
Yekunda tədbir iştirakçıları əmin olduqlarını bildiriblər ki, tezliklə torpaqlarımız işğaldan azad olunacaq və Cəbrayıl torpağı yenidən güllü-çiçəkli diyara çevriləcək.