Müğənnilərin ATV-nin sabiq rəhbərliyi haqda ittihamları aranı qatdı

Elza Seyidcahan: "Səhv etdilər, cəzalarını da aldılar"; Ayan Babakişiyeva: "Artıq 4 ildir ki, mənim adım "qara siyahıya" düşüb" Günay İbrahimli: "Hər şeyi zaman həll edəcək"

ATV rəhbəri Vüqar Qaradağlının və telekanalın bir neçə vəzifəli əməkdaşının işdən çıxarılması ölkə gündəmini bir anda zəbt etdi. Rəhbərliyin hansı səbəbdən dəyişdirilməsi müzakirə edildiyi bir vaxtda müğənni Nura Surinin baku.ws-ə verdiyi açıqlamalar ortalığı daha da qarışdırdı. Belə ki, müğənni ATV-nin vitse-prezidenti Rauf Dadaşovun istəyi ilə sənətçilərin pulsuz şou-proqramlarda çıxış etdiyini deyib:

"Bölgələrdə dövlət tədbirləri olur və bizə o tədbirlərə getmək üçün heç avtobus belə ayırmırlar. Öz cibimizdən xərcləyirdik yola da, stilistlərə də. ATV kanalında Tural adlı prodüser var idi. Bütün bu tədbirlərə müğənniləri Tural çağırırdı. Zəng edib deyir ki, Rauf müəllimin rəhbərliyi istəyir ki, filan tədbirdə gedib oxuyun. Filankəsin toyunda gedin oxuyun. Tanımadığımız adamların toyunda gedib pulsuz oxuyurduq. Mən 7 ildən çoxdur ki, vergi ödəyicisiyəm. Mən gedib pul almadığım tədbirlərdən sabah vergi gəlib soruşacaq ki, bu tədbirlərdə oxumusan. Mən onlara necə sübut edim ki, biz tədbirlərdə pulsuz oxuyuruq. Mənim efirə çıxmamağımın bir səbəbi də budur".

Nura  Suri həmçinin iddia edib ki, efirə çıxmaq üçün pul verməyən və çağırılan məclislərə getməyən ifaçılar "qara siyahı"ya salınırmış.

Qafqazinfo.az saytının yazdığına görə isə bu hadisə təkcə Nura Surinin başına gəlməyib. Şou-biznesin bir çox parlaq ulduzları belə bir problemlə rastlaşıblar. Ölkənin tanınmış simaları kanalın vəzifəli şəxslərinin adından toya çağırılır və ATV-nin əməkdaşlarının məclisində çıxış etmələri tələb olunur. TV-nin "qara siyahısı"na düşmək istəməyən ifaçı məclisdə çıxış etmək üçün şadlıq sarayına gedir və hər dəfə yaşadığı mənzərə ilə yenidən qarşılaşır. Yəni həmin məclisdə ATV-nin heç bir işçisi ilə rastlaşmır. Hətta 15 dəqiqəlik mahnı oxuyan müğənniyə irad olunur ki, "sizə yarım saatlıq yer ayrılıb, niyə oxumamısız?" Müğənnilər daha sonra öyrənir ki, toyun ATV ilə heç bir bağlılığı yoxdur və televiziyanın əməkdaşı ifaçını məclisə gətirmək müqabilində müəyyən qədər qonorar alıb. Hətta şou-biznesin bir neçə tanınmış ulduzu var ki, bu "kələk"dən xəbərdar olub və toyu yarımçıq tərk edib. Həmin məşhurlar avtomatik olaraq kanalın musiqi departamentinin rəhbəri Allahverdi Xələfov tərəfindən "qara siyahı"ya salınıb. Belə ulduzlar arasında Nura Suri, Günay İbrahimli, Səidə Sultan, Xatirə İslam və başqaları var.

Məsələ ilə bağlı "Yeni Müsavat"ın əməkdaşı bir neçə sənətçi ilə əlaqə saxlayıb.

Əməkdar artist Elza Seyidcahan işdən çıxarılan ATV rəhbərliyi haqda danışmaq istəmədiyini bildirdi: "Özümə yaraşdırmaram ki, gedənin dalınca danışım. Yıxılana balta vurmazlar. Səhv etdilər, cəzalarını da aldılar".

Elza Seyidcahan ATV rəhbərliyi tərəfindən pulsuz toylara dəvət aldığını gizlətməyib:

"Xahiş ediblər, vaxtım olanda getmişəm, olmayıb getməmişəm. Buna görə mənə kimsə bir söz deməyib... Sizə deyim ki, Vüqar Qaradağlı onun-bunun güdazına getdi".

Müğənni Ayan Babakişiyeva adının "qara siyahı"ya salındığını bildirib: "Artıq 4 ildir ki, mənim adım "qara siyahı"ya düşüb. Bunun da məlum səbəbləri var. Övladım dünyaya gələndən sonra kimlərinsə sifarişi ilə mənə efir qadağası qoyulub".

Müğənni Günay İbrahimli isə məsələ haqda çox danışmaq istəmədiyini dedi: "Hər şeyi zaman həll edəcək. Bir anlaşılmazlıq olub, inanıram ki, bu, aradan qalxacaq".

Xalidə GƏRAY,

Musavat.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00