“Azərsu” AzMİU ilə əməkdaşlıq edir
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti ilə Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) arasında imzalanmış “Təhsil, elm və təlim-tədris sahəsində əməkdaşlığa dair” Memoranduma uyğun olaraq Səhmdar Cəmiyyətin “Sukanal” Elmi Tədqiqat və Layihə İnstitutunda (ETLİ) AzMİU-nun “Mühəndis sistem və qurğularının tikintisi” kafedrasının filialı fəaliyyətə başlayıb.
26 Sentyabr 2017 16:44 Sosial"Azərsu" Açıq Səhmdar Cəmiyyəti ilə Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) arasında imzalanmış "Təhsil, elm və təlim-tədris sahəsində əməkdaşlığa dair" Memoranduma uyğun olaraq Səhmdar Cəmiyyətin "Sukanal" Elmi Tədqiqat və Layihə İnstitutunda (ETLİ) AzMİU-nun "Mühəndis sistem və qurğularının tikintisi" kafedrasının filialı fəaliyyətə başlayıb. "OLAYLAR"-ın xəbərinə görə, bu münasibətlə keçirilən tədbirdə "Azərsu" ASC-nin sədr müavini Seymur Seyidov ölkəmizdə içməli su təchizatı və kanalizasiya infrastrukturunun yenidən qurulması istiqamətində həyata keçirilən kompleks tədbirlər barədə məlumat verib. S.Seyidov bildirib ki, "Azərbaycan Respublikasında kommunal xidmətlərin inkişafına dair Strateji Yol Xəritəsi"ndə su sektoru, o cümlədən, içməli su təchizatı və tullantı sularının idarə edilməsinə xüsusi diqqət yetirilib. Su sektoru üçün strateji hədəf kimi "Yüksək səviyyəli su idarəetmə strukturunun yaradılması" və "Su təchizatında itkilərin azaldılması və səmərəliliyin təmin edilməsi" hədəfləri müəyyən olunub. Sənəddə kadr potensialının təkmilləşdirilməsi də prioritet məsələ kimi müəyyənləşdirilib. Sədr müavini bildirib ki, elmi potensialın gücləndirilməsi, kadr hazırlığı və təcrübə mübadiləsinin genişləndirilməsi məqsədilə "Azərsu" ASC Azərbaycan Milli Elmlər Akademiyası, Təhsil Nazirliyi, Bakı Dövlət Universiteti ilə yanaşı, Memarlıq İnşaat Universiteti ilə də sıx əməkdaşlıq edir. Bu əməkdaşlıq çərçivəsində universitetdə müasir tələblərə cavab verən "Su təchizatının problemləri üzrə elmi-tədqiqat və tədris laboratoriyası" yaradılıb. AzMİU-nun tələbələri mütəmadi olaraq "Azərsu" ASC-də istehsalat təcrübəsi, "Yay məktəbi" və Təqaüd proqramlarının imkanlarından yararlanıb. AzMİU-nun prorektoru Akif Qasımov su təsərrüfatı sektoru üçün kadr hazırlığında universitetin xüsusi rolu olduğunu bildirib.