Haqqı danılmaz, xidmətləri unudulmaz müəllim...
Qayıtmaz Əmikişi oğlu Abasov15 avqust 1922-ci ildə Bozayran kəndində anadan olmuşdur.1931-ci ildə keçmiş Vərgədüz rayonundakı Yardımlı kəndində 1-ci dərəcəli Şura zəhmət məktəbinin birinci sifinə qəbul edilmiş, 1941-ci ildə sonradan M.F.Axundovun adı verilmiş həmin məktəbin 10-cu sinfini bitirmişdir. 1941-ci il iyun ayının 22-də Rayon Partiya Komitəsinin göndərişi ilə instituta göndərilmiş, lakin müharibə başlandığına görə geri çağrılmış, ali təhsilini davam etdirə bilməmişdir.
26 Sentyabr 2017 13:42 SosialQayıtmaz Əmikişi oğlu Abasov15 avqust 1922-ci ildə Bozayran kəndində anadan olmuşdur.1931-ci ildə keçmiş Vərgədüz rayonundakı Yardımlı kəndində 1-ci dərəcəli Şura zəhmət məktəbinin birinci sifinə qəbul edilmiş, 1941-ci ildə sonradan M.F.Axundovun adı verilmiş həmin məktəbin 10-cu sinfini bitirmişdir. 1941-ci il iyun ayının 22-də Rayon Partiya Komitəsinin göndərişi ilə instituta göndərilmiş, lakin müharibə başlandığına görə geri çağrılmış, ali təhsilini davam etdirə bilməmişdir. 1941-ci ilin sentyabrında müəllim kadrına olan böyük ehtiyacı nəzərə alaraq Qayıtmaz Abasov Osnağaran kəndinə göndərilmiş, oradakı ibtidai məktəbdə müdir və müəllim vəzifəsində çalışmışdır. 22 sentyabr 1942-ci ildə Sovet ordusu sıralarına çağrılmış, 20 avqust 1945-ci ildə ordudan tərxis olunmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra Horavar kənd ibtidai məktəbində müdir və müəllim işləmişdir. 31 avqust 1946-cı ildən başlayaraq müxtəlif vaxtlarda Vərgədüz, Horavar məktəblərində müdir, müəllim, rayondakı uşaq evində müəllim, internatda tərbiyyəçi-müəllim və digər pedaqoji sahələrdə çalışmışdır. 21 avqust 1961-ci ildən 15 noyabr 1993-cü ilə qədər fasiləsiz olaraq Bozayran kənd orta məktəbində ibtidai sinif müəllimi işləmişdir.
İnsanlar həyata gəlir, yaşayıb yaradır. Dünyadan köçəndə öz əməlləri, etdiyi yaxşılıqlarla insanların yaddaşında qalır. Belə xeyirxah, ürəyi insanlığa məhəbbətlə dolu olan insanlardan biri də ömrünün əksər hissəsini pedaqoji fəaliyyətlə məşğul olan və beləliklə də işlədiyi kollektivdə böyükdən kiçiyə hamının rəğbət və məhəbbətini qazanan unudulmaz müəllim Qayıtmaz Əmikişi oğlu Abasov idi. Onun müəllimlik fəaliyyətinə və həyatda tutduğu yüksək mövqeyə illər keçəndən sonra nəzər salan doğmaları, dostları, davamçıları haqlı iftixar hissi keçirir, xatirəsini həmişə əziz tuturlar. Tanıyanlar onu həmişə xalqımız üçün qənimət adamlardan hesab etmişlər. Qayıtmaz müəllim çoxsaylı tələbələrinə həmişə öz övladı, mənəvi dünyasının daşıyıcıları kimi yanaşmış, onlara həqiqətə, halallığa, səadətə aparan yolu göstərmiş, bununla da piraniləşmiş, ölümsüzlüyə qovuşmuşdur. Qayıtmaz müəllim öz halal zəhmətilə həyatda daim uğur qazanaraq müdriklik zirvəsinə yüksəlib. Bütün bunlar onun yüksək insani keyfiyyətlərindən irəli gəlirdi. Özündən sonra layiqli davamçılar yetişdirməsi də böyük insanlığa əsaslanır. Onun humanist cəhətləri bu günün və gələcəyin nəsillərinə bir örnəkdir.
Tam əminliklə demək olar ki, təkcə Bozayran kəndi deyil, bütövlükdə Yardımlı camaatı Qayıtmaz müəllimi xeyirxah, xoşniyyətli bir insan kimi xatırlayacağıq. Çünki onun hörmət sahibi olması, ən yüksək mərhələyə yüksəlməsi məhz onun humanistliyindən, xeyirxahlığından irəli gəlib. O, bütöv xarakterli, müstəqil düşüncəli bir şəxsiyyət idi. Minlərlə şagirdin əlindən tutaraq Ata, Ana, Vətən kəlmələrinin mahiyyətini aşılayan Qayıtmaz müəllim ömrü boyu vicdanının səsinə, öz qəlbinin istəyinə əməl etmiş, həqiqi şəxsiyyət və vətəndaşlıq nümunəsi olmuşdur. Təsadüfi deyil ki, o, xalqımızın həyatında baş verən bütün təleyüklü hadisələrə düzgün qiymət verilməsində əsl vətəndaşlıq mövqeyi nümayiş etdirmişdir. Gənclərə sonsuz qayğı göstərən, onların savadlı, geniş dünyagörüşlü olmasını, Vətənimizin tarixini gözəl bilmələrini ürəkdən istəyən bu şəxsiyət əsil vətəndaşlıq nümunəsi olmuşdur.
Gələcək nəsil, xüsusən yetirmələri üçün zəkasını şama çevirmiş, yoxluğunda belə varlığı qədər doğma olan sevimli müəllim, böyük vətəndaş, nəcib insan Qayıtmaz müəllimin xislətində əsl ziyalılıq, milli elitamızın həqiqi görüntüləri var idi. O, həyat nümunəsi və elmi yaradıcılığı ilə tanıyanların qəlbində silinməz izlər buraxmış, xalqına xidmətləri ilə şərəflənən zəngin və mənalı bir ömür yaşamışdır. Qayıtmaz müəllim həm də son dərəcə xeyirxah bir insan idi. O, yaxşılıq etməyi özünə borc sayırdı. Çünki həmişə deyirdi ki, "insan gərək təkcə özünü düşünməsin". Özü də bu deyimə əməl edirdi. Nə qədər çətin və məsuliyyətli işlə məşğul olmasına baxmayaraq insanlara qayğı göstərməyi heç vaxt unutmazdı. Tələbəlirinin maddi təminatı, dolanışığı, ailə vəziyyəti və hətta geyimi onun nəzərindən qaçmazdı. Gözəl şəxsiyət olan Qayıtmaz müəllim hər sahədə olduğu kimi, uşaqların, gənclərin qayğısına qalmağı da unutmazdı. "Gələcək gənclərindir" deməklə onların məsuliyyətini, bir vətəndaş kimi üzərlərinə düşən vəzifəni anladardı. Deyərdim ki, tələbələri ondan əsil atalıq qayğısı görmüşdü. Sözün həqiqi mənasında Qayıtmaz müəllim bir çoxları üçün mənəvi ata idi. Qayıtmaz müəllimin səmərəli pedaqoji fəaliyyəti üçün tükənməz potensialı, illərin sınağçndan çıxmış təcrübəsi və nəzəri mənbələri var idi. O, tələbələrə vətənpərvərlik və mübarizlik ruhunun aşılanması işində mühüm xidmətlər göstərmişdir. Vətəni göz bəbəyi kimi qorumağı gənclərə əxz etmişdir. İndi ölkənin idarəetmə strukturlarından tutmuş hərbi qulluğa qədər bütün sahələrdə onun yetişdirmələri çalışmaqdadır.
Qayıtmaz müəllim heç zaman insan taleyi ilə bağlı hadisələrə, irili-xırdalı məsələlərə biganə qala bilmirdi. O, həmişə deyirdi: "Laqeydlik cəmiyyətə və bəşəriyyətə bəlalar gətirən ən zərərli mövqe kimi yalnız yaramazlıqlara yol açır." Rayonda sayılıb-seçilən müəllim kimi hamının hörmət etdiyi bu nüfuzlu insan yeri gələn zaman haqq sözünü deməkdən çəkinməzdi. O, xeyirxahlığı, nikbinliyi, qayğıkeşliyi ilə gənc müəllimlərə ruh verər, onları çalışmağa, axtarışa həvəsləndirərdi. Bu müdrik ziyalı bu günün şagirdlərini sabahın alimi keyfiyyətlərini görür, onlara diqqətlə və həssaslıqla yanaşırdı. Millətimizə məxsus gözəl keyfiyyətlərdən biri də qonaq qarşılamaqdır. Xalqımız hər zaman qonağın qarşısına ayrı bir təmtəraqla çıxıb, gözəl təamlar hazırlayıb, evinin ən gözəl guşəsini qonağa ayırıb. Qonaq evdə olduğu müddətdə dəcəl uşaqlar da ədəb-ərkanlı oturub-durub, artıq "xətalara" yol verməyiblər. Qayıtmaz müəllim də olduqca qonaqpərvər bir insan idi. Tələbələri, nəvə-nəticələri, qohum-əqraba, bir sözlə, dünya-aləm tökülüb onlara qonaq gələr, o isə ürək açıqlığı ilə onlara qapıları taybatay açardı. Kənd camaatından eşitdiyimə görə, qonşu kəndlərin sakinləri gecəyə düşəndə onun qapısını döyərmişlər. Bozayran kəndi rayon mərkəzinə yaxın olduğundan qonaqlar işlərini tamamlamaq üçün hətta bir neçə gün onlarda qonaq qalarmışlar. Çünki, onun xoş rəftarı, gülərüzlə danışması, məmnunluq bildirməsi, ehtiyac olarsa yardım göstərmək təşəbbüsü qonaqları rahat edirmiş. Heç şübhəsiz ki, bu xarakter Qayıtmaz müəllimdə milli-mənəvi dəyərlərimizi "şəxsiyyət vəsiqəmizə" çevirmək istəyindən irəli gəlib. Təbii ki, bu keyfiyyətlərin daşıyıcısı gözəl insan, nümunəvi vətəndaş və hörmətə layiq müəllim olmalı idi. Qayıtmaz müəllim öz əməli, davranışı və fəaliyyəti ilə bu mərhələyə yüksələ bildi!
Zəka-Nurlan