Azərbaycan xalqına saxta tarix təqdim edilib
Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutu İrəvan xanlığının tarixinə dair 4 adda broşürü ərsəyə gətirib
16 Sentyabr 2017 20:32 SosialYaqub Mahmudov: "Xalq bilməlidir, Dərbənd, Borçalı mənim tariximdir"
Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutu İrəvan xanlığının tarixinə dair 4 adda broşürü ərsəyə gətirib. Azərbaycan və rus dillərində çap edilən "İrəvan xanlığının paytaxtı - İrəvan şəhəri", "Erməni vandallarının yox etdiyi İrəvan qalaları", "İrəvan xanlığının mahalları" və "İrəvan xanlığının əhalisi" adlı kitabçaların elmi redaktoru və ön sözün müəllifi Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudovdur. Xatırladaq ki, Tarix İnstitutu tərəfindən "İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi" adlı fundamental tədqiqat müxtəlif dillərdə elmi ictimaiyyətə təqdim olunub. İnstitut direktoru, akademik Yaqub Mahmudov bildirib ki, belə nəşrlərin ərsəyə gətirilməsində məqsəd itirilmiş ərazilərimizi, əsil tariximizi xalqımıza qaytarmaqdır. Bu vaxta qədər Azərbaycan xalqına ancaq Arazdan şimaldakı, 1828-ci il Türkmənçay müqaviləsi ilə bölüşdürülüb Rusiyaya qatılan hissəsinin tarixi Azərbaycan tarixi kimi təqdim olunub: "Azərbaycan xalqı isə böyük imperiya yaratmış xalqdır. Səfəvilər dövründə dünyanın ən böyük imperiyasını yaratmışdıq. Nadir şahın dövründə bizim imperiyamızın bir ucu Hindistana qədər gedib çıxırdı. Biz imperiya yaradan xalqıq. Lakin Azərbaycan xalqına saxta tarix təqdim olunub ki, guya indiki Ermənistan elə əvvəldən olub, Cənubi Qafqazın aborigen, yəni ən qədim yerli əhalisi ermənilərdir, biz isə haradasa Altaylardan köçüb gəlmişik. Bu isə saxta bir tarixdir. Belə halların qarşısını almaq məqsədilə İrəvan xanlığının tarixini çap etdirmişik, uydurma "Böyük Ermənistan" nəzəriyyəsinin əleyhinə kitablar nəşr etdirmişik. Tarixi reallığı dünyaya çatdırmaq məqsədilə ərəb, ingilis, ispan, italyan və sair dillərdə kitablar ortaya qoymuşuq. Məqsəd ondan ibarətdir ki, dünya ictimaiyyətinə çatdıraq ki, ermənilər bura I Pyotrun göstərişindən sonra, Türkmənçay (1828) və Ədirnə (1829) müqavilələrinə əsasən köçürülüb gətirilmə etnosdur. Onlar Cənubi Qafqazın aborigen əhalisi deyil, onlar bu əraziyə Çar Rusiyası tərəfindən köçürülüb". Y.Mahmudov bildirib ki, Azərbaycan xalqının başına gətirilən müsibətlər, bütün bu qanlı tarix də ermənilərin Cənubi Qafqaza köçürülməsi ilə başlayıb: "Çar Rusiyası erməniləri təpədən dırnağa qədər silahlandırıb, Azərbaycan xalqını yurd-yuvasından didərgin salıblar, soyqırımı həyata keçiriblər. Bizim tarixçilərimiz isə Sovet dövründə Rusiyaya qatılmış Şimali Azərbaycanın tarixini Azərbaycan tarixi kimi təqdim ediblər. Ermənilər də bundan geniş istifadə edərək Çar Rusiyasına qatılmış tarixi Azərbaycan torpaqlarını özlərinin qədim ərazisi kimi təqdim ediblər. 1828-ci il müqaviləsində yazılır ki, "İrəvan və Naxçıvan xanlıqları Rusiyaya birləşdirilir". Göründüyü kimi bu müqavilədə Ermənistan sözü yoxdur, çünki o vaxt Ermənistan yox idi, ermənilər hələ bu əraziyə yenicə köçürülürdü. Lakin bu tarixi saxtalaşdıraraq "Ermənistanın Rusiyaya birləşdirilməsi" kimi qeyd edirlər. Odurki, bizim tariximiz xalqa olduğu kimi təqdim edilməlidir".
Tarixçi alim qeyd edib ki, Azərbaycan xalqı bilməlidir ki, Zəngəzur, İrəvan əraziləri, Cənubi Azərbaycandakı torpaqlarımız, eləcədə Borçalı, tarixi şəhərimiz olan Dərbənd Azərbaycan xalqının tarixidir: "Biz heç kimdən ərazi istəmirik, dünyanın yenidən bölüşdürülməsini tələb etmirik. Amma Dərbənd, Borçalı mənim tariximdir. İndiki Ermənistan ərazisi tamamilə bizim tariximizdir. Necə bu tarixdən əl çəkə bilərik ki, 1818-ci ildə İrəvan şəhərində Qriboyedovun "Ağıldan bəla" əsəri İrəvan teatrı tərəfindən Xan sarayında tamaşaya qoyulub. İrəvan bizim mədəniyyət və xalçaçılıq tariximizdir. "İrəvanlı" adında ən azı yüzlərlə böyük sənətkarımız var. Eləcədə "Borçalı", "Tiflisli" adı ilə nə qədər böyük sənətkarlarımız tanınır. Biz bu tariximizdən əl çəkə bilmərik. Bu səbəbdən cənab Prezidentin göstərişi ilə "İrəvan xanlığı"nı hazırlayaraq xarici dillərə tərcümə etdikdən sonra dövlət başçımızın təşəbbüsü ilə onun əsasında broşürlər buraxmağa başlamışıq. Həmin broşürlərdə İrəvan şəhərinin necə dağıdılması əksini tapıb. Təkcə İrəvan şəhərində 8 məscidimiz olub ki, indi onların heç biri qalmayıb. Bircə "Göy məscid" qalıb ki, onun da bir hissəsini farslaşdırıblar ki, guya o ərazilərdə biz olmamışıq. Hansı ki, həmin ərazilərdəki tarixi abidələrin ən azı iki yüz il yaşı var ki, o zaman Ermənistanın özü yox idi. Bu tarixi bərpa edib dünyaya çatdırdıq ki, bu ərazinin tarixi, oradakı bütün tarixi abidələr bizə məxsusdur".
Onun sözlərinə görə, erməni vandallarının məhv etdiyi İrəvan xanlarının sarayı, məscidlər nadir tarixi abidə idi: "Bu əraziləri idarə edən hakimlərin hamısı İrəvan xanları idi. Onların içərisində bir nəfər də erməni yoxdur, bu ərazilərin hamısını biz idarə etmişik. İrəvan qalası qəhrəmanlıq qalası idi. Biz o qalanı 4 dəfə müdafiə etmişik. Çar Nikolay həmin qalanı ala bilmirdi. Odur ki, tapşırıq vermişdi ki, İrəvan sərdarlarına pul verin, zəhərləyin, o şəhər bizim olmalıdır. Axırda sevincindən gəlib Xan sarayında bir gecə yatdıqdan sonra divara adını yazdı. Ermənilər isə oranı ayaq yoluna çevirərək dağıtdılar. İndi isə ermənilər özlərini mədəni, bizi isə vandal xalq kimi göstərirlər. Biz bu məsələləri dünyaya çatdırmaqla demək istəyirik ki, elə isə, hanı Sərdarabad qalası, hanı qədim İrəvan şəhəri? Hanı İrəvan xanlığındakı üç yüzdən artıq məscidimiz?"
Y.Mahmudov əlavə edib ki, indi də ermənilər tərəfindən Qarabağda eyni ssenari aparılır: "Necə ki, İrəvan xanlığında bütün adlar dəyişdirilmişdi, indi də Qarabağdakı mədəni və tarixi abidələr və coğrafi adlar erməniləşdirilir. Bununla kifayətlənməyərək Qarabağın ətrafındakı yeddi rayonun hamısının adını dəyişdiriblər. Ssenari eynidir, yenə də məscidlər, tarixi abidələr məhv edilir, tarix kökündən dəyişdirilir. Təsadüfi deyil ki, möhtərəm prezident Astanada çıxışı zamanı qeyd etdi ki, "Azərbaycanda müqəddəs məscidlərimizi dağıdan Ermənistan müsəlman ölkələrinin dostu ola bilməz". Biz də bunları nəzərə alaraq tarixi faktlarla ayıltma işini görürük. Düşünürəm ki, gördüyümüz işin millətimiz üçün çox böyük mənası var. Ona görə ki, millət öz tarixinə sahib çıxmalıdır. Sən tarixini bilməsən səni udacaqlar, tarixinə sahib çıxsan səni heç kim məhv edə bilməz. Odur ki, biz tariximizə sahib çıxmalıyıq".
Alim