Azərbaycana qələbə sevinci bəxş edən Aprel qəhrəmanları
Azərbaycanın müstəqillik tarixinin ən əlamətdar və qüruru doğuran tarixlərindən biri də 2-5 aprel günləridir. 2016-ci ilin 2-5 aprel tarixi. Azərbaycanın hərbi gücünün, Azərbaycan Silahlı Qüvvələrinin düşmənə sarsıdıcı zərbəsinin tarixi.
15 Sentyabr 2017 13:53 SosialAzərbaycanın müstəqillik tarixinin ən əlamətdar və qüruru doğuran tarixlərindən biri də 2-5 aprel günləridir. 2016-ci ilin 2-5 aprel tarixi. Azərbaycanın hərbi gücünün, Azərbaycan Silahlı Qüvvələrinin düşmənə sarsıdıcı zərbəsinin tarixi.
2016-cı ilin əvvəllərindən müntəzəm olaraq təmas xəttində vəziyyəti gərginləşdirərək Azərbaycanı təxribata çəkməyə çalışan işğalçı Ermənistan ötən ilin aprel ayında yenidən ənənəvi metodunu işə saldı. Bu dəfə hədəf cəbhənin Ağdam və Tərtər istiqamətləri idi. Qeyd edilən istiqamətlərdə təxribata əl atan ermənilər yeni ərazilər zəbt etməyi düşünür, bununla Azərbaycan cəmiyyətində yenidən xof yaratmağa çalışırdı. Lakin düşmən unudurdu ki, Azərbaycan 1990-cı illərin Azərbaycanı deyil və Ermənistan heç bir halda Azərbaycan üzərində hərbi üstünlük əldə edə bilməz. Elə düşünüldüyü kimi də oldu. Ermənilərin təxribat hərəkətlərinə qarşı layiqli cavab verən Azərbaycan Silahlı Qüvvələri aprelin 2-5-i tarixlərində uğurlu hərbi əməliyyatlar keçirərək işğal altında olan bir sıra strateji yüksəklikləri erməni təcavüzkarlarından təmizlədi. Azərbaycan Silahlı Qüvvələrinin güclü əks zərbəsi ilə qarşılaşan düşmən özünü məhv olmaq təhlükəsindən xilas etmək üçün Azərbaycandan atəşkəs xahişi etdi.
Müharibə olan yerdə itgi də olur və bu bir reallıqdır. Və o da danılmaz faktdır ki, istənilən qələbə itgisiz başa gəlmir və bu hər kəs üçün arzuedilməz bir tendensiyadır. Nə qədər acı da olsa Azərbaycan 2-5 aprel döyüşləri zamanı bu mənfi tendensiyanı yaşamalı oldu. Dördgünlük müharibədə əldə etdiyimiz qalibiyyət onlarla şərəfli igidimizin qanı bahasına başa gəldi. Torpağı, Vətəni uğrunda canını fəda edən qəhrəman oğullarımız şəhidlik zirvəsinə ucalaraq əsl vətənpərvərlik nümunəsi göstərdilər. Aprel döyüşlərində şəhid olan hər bir Vətən oğlu bizim qürur mıənbəyimiz, baş tacımızdır. Onların ölməz ruhu daim Azərbaycan xalqı tərəfindən böyük ehtiramla yad edilir. şəhidlərimizin göstərdikləri qəhrəmanlıqlar dillər əzbərinə çevrilir. Necə ki, günümüzdə Murad Mirzəyev, Samid İmanov, Şükür Həmidov kimi milli qəhrəmanlarımızın həmin döyüşlər zamanı göstərdiyi fədakarlıqlar barədə kiçikdən böyüyə qədər hər kəs ağız dolusu, fəxarətlə danışır.
"Aprel müharibəsi"nin əsas qəhrəmanlarından biri Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin şəhid hərbi hissə komandiri, polkovnik-leytenant Murad Mirzəyev idi. Gənc yaşlarından hərbi sahəyə böyük maraq göstərən Muradın bu seçimi də təsadüfi deyildi. Çünki onun babaları 1948-1953-cü illərdə ermənilər tərəfindən Qərbi Azərbaycandan deportasiyaya məruz qalmışdı. Bu səbəbdən Murad hələ uşaq yaşlarından qisasçılıq əhval-ruhiyyəsi ilə yaşayırdı. Əvvəl Azərbaycanda, sonra isə qardaş Türkiyədəki alı hərbi akademiyada təhsil alan Murad əcnəbi tələbələr arasında 600 nəfər arasından birinci seçilərək "Onur Başkanı" elan olunur, Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirəl tərəfindən "Qılınc" mükafatı ilə təltif edilir. Hərbi təhsil aldığı müddətdə Murad Mirzəyev ABŞ, Türkiyə, İordaniya və Avropa ölkələrinin ən güclü xüsusi təyinatlılar hazırlayan çətin kurslarını müvəffəqiyyətlə keçir. Hərbi sahədə əldə etdiyi bilik və bacarıqların nəticəsi kimi Azərbaycan tarixinə qızıl həriflərlə yazılacaq aprel əməliyyatlarını hazırlayan da məhz xüsusi təyinatlı Murad Mirzəyev olur. Talış kəndi istiqamətində gərgin keçən döyüşlərdə düşmənə sarsıdıcı zərbərlər vuran Murad Mirzəyev düşmən gülləsinə tuş gələrək şəhid olur.
"Aprel müharibəsi"inin qəhrəmanlarından hiri də Samid İmanovdur. Murad Mirzəyev kimi Ali Hərbi təhsil alan Samid İmanovun qəhrəmanlığı hələ 2014-ci il avqust ayından Azərbaycan xalqına, eləcə də düşmənə məlum idi. Belə ki, 2014-cü ilin avqust ayında Samid İmanovun dəstəsi ermənilərin təxribatının qarşısın almaq üçün uğurlu əməliyyat keçirərək 20-yə yaxın ermənini məhv etmişdi. Tale elə gətirir ki, Samid İmanov Murad Mirzəyevin müavini olur. Hərb elminin dərinliklərinə birlikdə yiyələnməyə başlayan Samid və Murad düşmənə qarşı mübarizə, torpaqlarımızın işğaldan azad edilməsində də çiyin-çiyinə vuruşur. Komandirinə böyük bağlılığı olan Samidə Murad Mirzəyev ərazidən uzaqlaşmağı əmr etsə də, lakin o, komandirin əmrindən imtina edərək Muradı döyüş meydanında tək buraxmır. Döyüşlərdə ağır yaralanan Samid əsgərlərinin onu döyüş meydanından çıxarılmasına etiraz edərək yaralı gizirin çıxardılmasını əmr edir. Samid İmanov əsgərləri ərazidən uzaqlaşandan sonra ələ keçməmək üçün oranı tərk edir. Lakin aldığı yaralardan qan axma nəticəsində dünyasını dəyişir.
Şükür Həmidov da aprel müharibəsinin qəhrəmanlarındandır və onun da adı digər şəhidlərimiz kimi yüksək ehtiramla yad edilir. Lələ təpə yüksəkliyinin azad edilməsi əməliyyatı zamanı misilsiz şücaət göstərən polkovnik-leytenant Şükür Həmidov dinc əhalinin müdafiəsində də yaxından iştirak edib. Göstərdiyi qəhrəmanlıqlara görə Şükür Həmidov prezident İlham Əliyev tərəfindən Milli Qəhrəman adına layiq görülüb. Həmçinin ona müdafiə nazirinin əmri ilə vaxtından əvvəl polkovnik hərbi rütbəsi təqdim olunub.
Bu gün cəmiyyətimizin hər bir üzvü tərəfindən Aprel şəhidləri torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda verən digər oğul və qızlarımız kimi böyük ehtiram hissi ilə anılır, onların xatirəsi uca tutulur.
Süleyman İsmayılbəyli
Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə ABUC-un həyata keçirdiyi "Aprel döyüşlərinin qəhrəmanlıq nümunələrinin təbliği" layihəsi çərçivəsində çap olunur