Uşaqların şəxsiyyət kimi formalaşması...
Müasir qlobal şəraitdə uşaq hüquqlarının qorunması ən aktual məsələlərdən birinə çevrilib. Bu baxımdan uşaqların yüksək qayğı ilə əhatə olunması, əlverişli mənəvi və sosial mühitdə böyüməsi üçün zəruri şəraitin yaradılması, onların şəxsiyyət kimi formalaşması Azərbaycanda dövlət uşaq siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Sirr deyil ki, son illər bu sahənin fəaliyyətini tənzimləyən milli qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə ardıcıl işlər aparılır, respublikamız uşaq hüquqlarının təminatı ilə bağlı bir sıra beynəlxalq sazişlərə, konvensiyalara qoşulur.
15 Sentyabr 2017 13:29 SosialDövlət uşaq siyasətinin prioritet istiqamətini təşkil edir
Müasir qlobal şəraitdə uşaq hüquqlarının qorunması ən aktual məsələlərdən birinə çevrilib. Bu baxımdan uşaqların yüksək qayğı ilə əhatə olunması, əlverişli mənəvi və sosial mühitdə böyüməsi üçün zəruri şəraitin yaradılması, onların şəxsiyyət kimi formalaşması Azərbaycanda dövlət uşaq siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Sirr deyil ki, son illər bu sahənin fəaliyyətini tənzimləyən milli qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə ardıcıl işlər aparılır, respublikamız uşaq hüquqlarının təminatı ilə bağlı bir sıra beynəlxalq sazişlərə, konvensiyalara qoşulur. BMT-nin Baş Məclisi 1989-cu il noyabrın 20-də "Uşaq hüquqları haqqında Konvensiya" qəbul etmişdir. Dünyanın əksər ölkələri, o cümlədən Azərbaycan Respublikası bu konvensiyaya qoşulmuşdur. Burada uşaqların bir çox hüquqları müəyyən edilmişdir. Onlar fikir, vicdan, din azadlığına, rəyini ifadə etmək, şəxsi həyat hüququnun müdafiə olunmasına, müxtəlif mənbələrdən, informasiyalardan istifadə etmək, laqeyd rəftar hallarından qorunmaq, fiziki, əqli, mənəvi, əxlaqi, sosial inkişafı üçün lazımi şəraitə, istirahət, asudə vaxt və mədəni həyatda iştirak etmək və s. hüquqlara malikdirlər. Bütan sadalananlarla yanaşı, Azərbaycan hökuməti uşaq hüquqlarının müdafiəsi sahəsində gələcəkdə görüləcək tədbirləri artıq müəyyən edib. Bununla bağlı, "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasına əsasən Uşaq Strategiyası hazırlanıb, təsdiq üçün təqdim olunmuşdur. Uşaq Məcəlləsi ilə bağlı müəyyən işlər görülməkdədir. Milli Məclisdə "Yuvenal ədliyyə haqqında" qanun layihəsi hazırlanıb. Bu qanun qəbul edildikdən sonra yuvenal məhkəmənin də fəaliyyətə başlayacağı istisna deyil. Ümumilikdə BMT-nin Uşaq hüquqları Komitəsinin hesabatında nəzərdə tutulan tövsiyələrin bir çoxu Azərbaycan tərəfindən yerinə yetirilib. Ölkəmizdə bu sahədə mükəmməl qanunvericilik bazası, maarifləndirmə sistemi mövcuddur. Bununla bağlı beynəlxalq təşkilatlarla da işbirliyi həyata keçirilir. Bu isə o deməkdir ki, uşaq əməyi sahəsində işlərin gücləndirilməsi dövlət tərəfindən dəstəklənir. Araşdırmalar göstərir ki, Azərbaycan uşaq hüauqlarının müdafiəsi ilə bağlı böyük nailiyyətlər əldə edib. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 fevral 2014-cü il tarixli, 37 saylı Qərarı ilə "İnsan alverinin qurbanı olmuş uşaqların sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiyası üzrə Proqram" təsdiq edilmişdir. Proqramın icrası ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən mütəmadi olaraq tədbirlər görülür. Yeri gəlmişkən qeyd edək ki, hələ 2013-cü ildə Komitə ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında "Uşaq əməyinin istismarının qarşısının alınması sahəsində birgə Tədbirlər Planı təsdiq edilmişdir. Tədbirlər Planında uşaq əməyinin istismarı, onun aşkar edilməsi yolları və bu hallarla üzləşən uşaqların hüquqlarının müdafiə edilməsi ilə bağlı müvafiq dövlət orqanları əməkdaşlarının məlumatlandırılması, maarifləndirmə tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Tədbirlər planına müvafiq olaraq Komitə tərəfindən uşaq əməyi ilə bağlı Dövlət Əmək Müfəttişliyinin regional nümayəndələri, yetkinlik yaşına çatmayanlarla işləyən polis inspektorları, yerli icra hakimiyyəti orqanlarının yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyalarının əməkdaşları üçün regional təlimlər keçirilmişdir. Təlimlər zamanı uşaq əməyinin istismarı ilə mübarizədə beynəlxalq konvensiyalar, ölkə qanunvericiliyi, həmçinin problemin aradan qaldırılması istiqamətində beynəlxalq təcrübə ilə bağlı təqdimatlar edilmiş, problemlə bağlı müzakirələr aparılmış, təlim iştirakçıları mövzu ilə bağlı öz təklif və tövsiyələrini bildirmişdir. İnsan alverinin qarşısının alınmasında ən gözəl vasitə maarifləndirmədir. Bu bəşəri cinayətin təhlükəlilik dərəcəsinin yüksək olmasını nəzərə alaraq, vətəndaşların maarifləndirilməsi olduqca önəmlidir. Yalnız maarifləndirmə vasitəsi ilə insanların insan alveri barədə biliklərini artırmaq və onları bu sahədə məlumatlı etməklə bunun qarşısını almaq mümkündür. Bu amil nəzərə alınaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Bakı şəhərinin bütün rayonları üzrə 124 məktəbdə, o cümlədən qaçqın və məcburi köçkün məktəblərində və yetkinlik yaşına çatmayanlar üçün tərbiyə müəssisəsində gənc nəsli arasında ailə dəyərlərinin qorunub saxlanılması, uşaqların milli, mənəvi ruhda tərbiyə edilməsi, onlara sağlam həyat tərzinin aşılanması istiqamətində maarifləndirmə kampaniyası keçirilmişdir.Tədbir uşaqların baxımsızlığına şərait yaradan halların səbəbləri, aşkar edilməsi və aradan qaldırılması, uşaqlar arasında zorakılıq, uşaq intiharı, uşaq alveri, uşaq cinayətkarlığı, uşaq əməyinin istismarı, zərərli vərdişlər, erkən nigah hallarının qarşısının alınması və belə hallara qarşı mübarizənin gücləndirilməsi məqsədi ilə maarifləndirmə kampaniyası çərçivəsində reallaşdırılıb. Təhsil və təlim-tərbiyə müəssisələrində uşaqların insan alveri və uşaq əməyinin istismarı ilə bağlı təhlükələrdən müdafiəsi istiqamətində maarifləndirmə tədbirləri bu gün də davam etdirilir. Xüsusilə uşaq əməyinin istismarının baş verməməsi məqsədi ilə özəl qurumlarda müvafiq təbliğat və maarifləndirmə işləri aparılır. Bu tədbirlər Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 24 iyul tarixli 667 nömrəli Sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planı"na əsasən "Təhsil və təlim-tərbiyə müəssisələrində uşaqların insan alveri və uşaq əməyinin istismarı ilə bağlı maarifləndirilməsi" layihəsi çərçivəsində təşkil olunur. Bu tədbirlər çərçivəsində Komitə tərəfindən Bakı şəhərində və regionlarda orta məktəblərin 8-11-ci sinif şagirdlərinin iştirakı ilə maarifləndirmə təlimləri keçirilmişdir. İnsan alverinə qarşı mübarizə tədbirlərin davam etdirilməsi məqsədilə, insan alverinin, qanunsuz miqrasiyasının mahiyyəti və onların doğurduğu təhlükələr barədə ictimaiyyətin məlumatlandırılması məqsədilə "İnsan alverinin qurbanı olma", "Uşaqlarınızı qoruyun", "Qadın alveri" və "Özünü müdafiə etməyi bacar" adlı bukletlər hazırlanmış, əhali arasında paylanılmışdır. Həyata keçirilən bir sıra tədbirlərlə yanaşı, insan alverindən və onun arzuolunmaz nəticələrindən bəhs edən "Satılmış həyat" adlı sənədli film çəkilmişdir. Qadınlara qarşı zorakılıq və insan alveri ilə mübarizəni gücləndirmək, ictimaiyyəti bu problem və onun həlli yolları haqqında ətraflı məlumatlandırmaq məqsədilə "Satılmış həyat" filmi televiziya kanallarında, həmçinin regional televiziya kanallarında da nümayiş etdirilmişdir. Uşaq hüquqlarının qorunması ilə bağlı görülən işlər deməyə əsas verir ki, Azərbaycan dövləti uşaqların bir şəxsiyyət kimi formalaşması məqsədilə üzərinə düşən bütün öhdəlikləri layiqincə yerinə yetrib və bu sahəni prioritet hesab edir.
Nurlan