Fikir, söz və məlumat azadlığı informasiya cəmiyyətinin söykəndiyi əsas dəyər və məqsədlərdir
Hər bir dövlətin qeyd-şərtsiz olaraq bir informasiya siyasəti mövcuddur və zaman-zaman həmin siyasətə müəyyən korrektələr, düzəlişlər edilir, təkmilləşdirilir. Azərbaycan dövlətinin də bu mənada öz informasiya siyasəti mövcuddur. Amma bir məqamı xüsusi qeyd etmək lazımdır ki, Azərbaycan dövlətinin informasiya siyasətində əsas meyar, diqqət ölkədə fikir, söz və məlumat azadlığının təmin edilməsinə yönəlir və bu istiqamətdə müntəzəm olaraq məqsədyönlü addımlar atılır.
11 Sentyabr 2017 17:32 SosialHər bir dövlətin qeyd-şərtsiz olaraq bir informasiya siyasəti mövcuddur və zaman-zaman həmin siyasətə müəyyən korrektələr, düzəlişlər edilir, təkmilləşdirilir. Azərbaycan dövlətinin də bu mənada öz informasiya siyasəti mövcuddur. Amma bir məqamı xüsusi qeyd etmək lazımdır ki, Azərbaycan dövlətinin informasiya siyasətində əsas meyar, diqqət ölkədə fikir, söz və məlumat azadlığının təmin edilməsinə yönəlir və bu istiqamətdə müntəzəm olaraq məqsədyönlü addımlar atılır.
Siyasi elmlər üzrə fəlsəfə doktoru Xalid Niyazov qeyd edir ki, dövlətin informasiya siyasəti dedikdə, dövlət orqanlarının informasiya sektorunun inkişafına yönəlmiş tənzimləyici fəaliyyəti başa düşülür. İnformasiya sektoru telekommunikasiyanı, informasiya sistemlərini və kütləvi informasiya vasitələrini (KİV), habelə hər növ (işgüzar, əyləncəli, elmi-tədris, xəbər və sair) informasiyaların yaradılması, mühafizəsi, işlənilməsi, nümayişi, ötürülməsi ilə bağlı istehsalın və münasibətlərin məcmusunu əhatə edir. Bu siyasətin həll etdiyi vəzifələr çərçivəsində KİV-in fəaliyyətində birmənalı olaraq önə keçən fərdi, cəmiyyət və dövlət maraqlarının uzlaşdırılmasına və tənasübünə yönəlmiş bütöv bir təşkilati, hüquqi, iqtisadi və texnoloji tədbirlər kompleksini fərqləndirmək mümkündür. Onun sözlərinə görə, əsas məqsəd KİV-ə elə bir şəraitin yaradılmasıdır ki, onlar cəmiyyətin və sosial təsisatların obyektiv şəkildə məlumatlandırılması kimi imperativ funksiyalarını effektiv və keyfiyyətli şəkildə yerinə yetirə bilsinlər: "Fikir, söz və məlumat azadlığı, sərbəst düşüncə KİV-in və bütövlükdə müasir informasiya cəmiyyətinin söykəndiyi əsas dəyər və məqsədlərdir. KİV hakimiyyətin fəaliyyəti haqqında cəmiyyətin məlumatlandırılmasını və ictimai fikrin ifadə olunmasını təmin edən təsirli vasitədir. KİV-in bu xüsusiyyətləri onu dövlətin informasiya siyasətinin mühüm sosial institutlarından birinə çevirir. Qloballaşma və inteqrasiya proseslərinin geniş vüsət aldığı müasir dünyada hər bir kəsin obyektiv və qərəzsiz informasiya almaq imkanının olması obyektiv zərurətə çevrilib. Açıq və şəffaf cəmiyyət quruculuğu yolu ilə gedən müstəqil Azərbaycanda da demokratik inkişafın və vətəndaş cəmiyyətinin mühüm təminatçısı, informasiya istehsalçısı və yayımçısı olan KİV-in roluna mühüm yer verilir. Son iki onilliyə yaxın bir dövrdə Konstitusiya müddəaları əsasında həyata keçirilən hüquqi islahatların nəticəsi olaraq bu gün Azərbaycan Respublikası söz, fikir və mətbuat azadlığının yüksək səviyyədə qorunduğu tolerant və plüralist məkan kimi tanınır. Ulu öndər Heydər Əliyevin 6 avqust 1998-ci il tarixli "Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində tədbirlər haqqında" Fərmanı ilə KİV üzərində senzura ləğv olunmuş, bu sahənin inkişafını stimullaşdıran bir sıra zəruri tədbirlər həyata keçirilmişdi. 2001-ci ildə Avropa Şurası kimi mötəbər bir təşkilatın tamhüquqlu üzvlüyünə qəbul olunan Azərbaycan ölkədə söz, mətbuat azadlığının, fikir plüralizminin gücləndirilməsi istiqamətində yeni təcrübə və imkan əldə etmişdir. Ümumiyyətlə, son dövrlərdə qəbul edilmiş çoxsaylı qanunlar vətəndaşların Konstitusiya ilə təsbit edilmiş söz, fikir və mətbuat azadlıqlarının təminatına və hüquq müstəvisində tənzimlənməsinə sivil imkanlar yaratmışdı. Bu baxımdan Azərbaycan Respublikasının 10 iyun 1997-ci il tarixli "Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında", 19 iyun 1998-ci il tarixli "Məlumat azadlığı haqqında", 3 aprel 1998-ci il tarixli "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında", 7 dekabr 1999-cu il tarixli "Kütləvi informasiya vasitələri haqqında", 12 mart 2002-ci il tarixli "Ətraf mühitə dair informasiya almaq haqqında" və digər qanunlarının əhəmiyyətini xüsusi qeyd etmək lazımdır". Natiq bildirir ki, müasir dövrdə informasiyanın strateji əhəmiyyətinə görə insan və cəmiyyət həyatında əlahiddə mövqeyə malik olması ilk növbədə XX əsrin ortalarından informasiya-kommunikasiya texnologiyalarının inkişafı ilə start götürmüş təkamül əsaslı inqilabla şərtlənir: "Xüsusən də elektron KİV-in, habelə qısa zamanda kiberinformasiya məkanına çevrilmiş internetin kosmik inkişaf tempi informasiyanın təkcə ictimai münasibətlər sistemində deyil, ümumən sosial-iqtisadi həyatın ən müxtəlif sahələrində - biznesdə, beynəlxalq iqtisadi və siyasi əlaqələrdə, elm və təhsildə, qlobal təhlükəsizlik məsələlərində rolunu görünməmiş dərəcədə gücləndirmiş, informasiyalı cəmiyyətə sürətli keçid prosesini təmin etmişdir.
İnformasiya cəmiyyətinin əsas kapitalı bilik, informasiya və bu informasiyanın daşıyıcısı olan texnologiyalarla yanaşı, həm də müasir biliklərə yiyələnmiş insandır. Bu cəmiyyətə keçidi təmin edən və informasiya texnologiyaları inqilabına səbəb olan texnologiyalar isə kompüterlər, kommunikasiya texnologiyaları, mikroelektronika, robotlar, bio- və nanotexnologiyalar, fiber optiklərdir. İnformasiya cəmiyyətində yeni dəyər mənbəyi informasiya, yəni intellektual sərmayədir. Müşahidələr göstərir ki, informasiya tutumlu əmtəə və xidmətlərə artan tələbat qlobal iqtisadiyyatın strukturunu dəyişdirir. Hazırda dünyanın ən böyük bazar dəyərinə malik biznes nəhəngləri arasında informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən şirkətlərin sayı durmadan artır. Həmin şirkətlərin maliyyə göstəricilərini təhlil edərkən informasiya idarəetməsinin dünya iqtisadiyyatında nə qədər vacib olduğu bir daha təsdiqlənir.
Müasir dövrdə informasiya qiymətli əmtəə olmaqdan savayı, həm də bəşəriyyətin tarixən can atdığı demokratiya və vətəndaş cəmiyyəti kimi idealların inkişafına zəmin yaradır. İnformasiya eyni zamanda hər bir cəmiyyətdə sərbəst düşüncə tərzinin, şəffaflığın, siyasi plüralizmin, insan hüquq və azadlıqlarının, tolerantlığın mühüm amili kimi çıxış edir. Açıq, demokratik, şəffaf və sivil idarəetmə sisteminin yaradılması ilk növbədə cəmiyyətin azad, obyektiv, qərəzsiz informasiya almaq tələbatının ödənilməsindən - hər bir fərdin söz, fikir, düşüncə və vicdan azadlıqlarının maksimum səviyyədə təminatından keçir. Bu hüquq və azadlıqlar açıq cəmiyyətin qurulmasını, siyasi plüralizmi şərtləndirməklə, insanların beynəlxalq konvensiyalar və digər normativ hüquqi aktlarda təsbit edilmiş hüquqlarının etibarlı müdafiəsinə geniş imkanlar açır". Xalid Niyazovun sözlərinə görə, söz, fikir, informasiya və mətbuat azadlıqları cəmiyyətin normal inkişaf ahəngini, liberal bazar münasibətlərinin formalaşmasını, demokratikləşmə prosesinin sürətlənməsini təmin edir: "Öz fikir və ideyalarını azad şəkildə ifadə etmək demokratik cəmiyyətin özəyi olmaqla yanaşı, onun tərəqqisinin və ayrılıqda hər bir fərdin inkişafının başlıca şərtlərindən biridir. Bu dəyərləri fəaliyyətində daha çox təcəssüm etdirən KİV cəmiyyət həyatının bütün sahələrinə təsir göstərən qüdrətli vasitələrdən biri kimi ictimai rəyin formalaşmasında, ictimai-siyasi proseslərin inkişaf istiqamətlərinin müəyyən-ləşməsində mühüm rol oynayır. Söz, fikir, informasiya və mətbuat azadlıqları bir sıra beynəlxalq konvensiyalar və sazişlərdə, o cümlədən BMT-nin 10 dekabr 1948-ci il tarixli Ümumdünya İnsan Hüquqları Bəyannaməsində ali dəyərlər kimi təsbit edilmişdir. Yeni dünya nizamı informasiya azadlığını, söz və mətbuat azadlıqlarının sərhədlərinin genişləndirilməsini sivil və davamlı inkişafın prioritet istiqaməti kimi meydana çıxarmış, sivilizasiyalararası dialoqun əsas amili kimi müəyyənləşdirmişdir. Xüsusən də bəşəriyyətin siyasi qarşıdurmalar, terrorizm, separatizm, dini ekstremizm, transmilli cinayətkarlıq kimi təhlükələrlə üzləşdiyi bir vaxtda insanların obyektiv və qərəzsiz informasiya almağa daha çox ehtiyacı vardır. İnsanların məhz belə informasiya ala bilməsi onlara təkcə öz ölkələrində deyil, həm də ümumən dünyada baş verən hadisələri doğru-düzgün qiymətləndirməyə imkan verir. Bu isə son nəticədə xalqların və ölkələrin bir-birini daha yaxşı tanımasına, onların yaxınlaşmasına xidmət edir.
Bir vaxtlar Azərbaycan ətrafında mövcud olmuş informasiya blokadasının çoxdan aradan qalxmasına rəğmən etiraf etməliyik ki, xüsusən də coğrafi baxımdan bizə uzaq olan dövlətlərdə respublikamız haqqında informasiyalar azdır. Müasir Azərbaycanın sürətli sosial-iqtisadi inkişafı, hüquqi islahatların keyfiyyətcə yeni mərhələyə qədəm qoyması, vətəndaş cəmiyyəti quruculuğunun dərinləşməsi ölkəmizlə bağlı dolğun informasiyaya olan beynəlxalq tələbatı da artırır. Bəzi hallarda bədnam erməni lobbisinin apardığı məkrli təbliğat respublikamız haqqında dolğun və obyektiv təsəvvürlərin formalaşmasına mane olur.
Azərbaycan Respublikasında KİV-in İnkişafına Dövlət Dəstəyi Konsepsiyasında göstərilir ki, informasiya mühitinin başlıca texnoloji komponentləri (informasiya resurslarının formalaşdırılması, yayılması və istifadəsi sistemləri, informasiya-telekommunikasiya infrastrukturu) informasiyanın azad dövriyyəsinin təmin olunmasına, məlumatın azad şəkildə axtarılması, əldə edilməsi, istehsalı və yayılmasını ehtiva edən konstitusion hüququn həyata keçirilməsinə yönəlmişdir".
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir