İndoneziya səfiri Azərbaycan Dillər Universitetində
Sentyabrın 11 –də Azərbaycan Dillər Universitetinde İndoneziya Respublikasının Azərbaycandakı səfirliyi və Azərbaycan Dillər Universitetinin birgə təşkilatçılığı ilə “İndoneziya və Azərbaycanda multikulturalizm: müqayisəli araşdırma” mövzusunda seminar keçirildi.
11 Sentyabr 2017 17:26 SosialSentyabrın 11 -də Azərbaycan Dillər Universitetinde İndoneziya Respublikasının Azərbaycandakı səfirliyi və Azərbaycan Dillər Universitetinin birgə təşkilatçılığı ilə "İndoneziya və Azərbaycanda multikulturalizm: müqayisəli araşdırma" mövzusunda seminar keçirildi. "Olaylar" bildirir ki, seminarda Dillər Universitetinin rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla və İndoneziyanın ölkəmizdəki səlahiyyətli səfiri Husnan bey Fananie iştirak edib. Kamal Abdulla ötən gün İndoneziyanın milli bayramının ölkəmizdə qeyd edildiyini xatırladaraq, bayram münasibətilə indoneziyalı qonaqları və səfiri təbrik etdi. Bu günkü tədbiri həmin bayramın davamı olaraq dəyərləndirən Kamal Abdulla qeyd etdi ki, Dillər Universitetində İndoneziya dilini, mədəniyyətini və tarixini öyrənən bölüm fəaliyyət gostərir. "Eyni zamanda səfir Husnan bey Fananinin dəstəyi ilə İndoneziyanın paytaxtı Cakarta şəhərində fəaliyyət göstərən İndoneziya universitetində Azerbaycan bölməsinin yaradılması istiqamətində müəyyən işlər görürük və yaxın gələcəkdə İndoneziya universitetində də indoneziyali tələbələr Azərbaycan himnini ürəkdən ifa edəcəklər".
Azərbaycanın qədim multikultural mədəniyyətə məxsus olduğunu qonağın nəzərinə çatdıran Kamal Abdulla Ulu Öndər Heydər Əliyevin siyasi əsasını qoyduğu multikultural ənənələrin bu gün İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirdi: "Bu gün Dillər Universitetində Azərbaycan multikulturalizm mərkəzi fəaliyyət göstərir, multikulturalizm fənni həm ölkəmizdə, həm də dünyanın 15 ölkəsində tələbələrə tədris olunur.
Niyə məhz İndoneziya? Çünki, İndoneziya özü də böyük multikultural ölkədi və multikultural dəyərlərə hər zaman böyük önəm verir. Səfir bizə söz verib ki, İndoneziya tarixi, mədəniyyəti, siyasəti barəsində geniş mühazirələr deyəcək. ADU multiralizmin çox böyük dayaq nöqtəsidi və onun qapıları İndoneziya multikulturalizminə hər zaman açıqdı".
Daha sonra çıxış edən səfir Husnan bəy Fananie hər kəsə təşəkkür etdi. Heydər Əliyev adına Respublika sarayında baş tutan bayram proqramını xatırladan səfir İndoneziya və Azərbaycan xalqlarının dostluq münasibətlərindən bəhs etdi.
Nigar Adil