Elçin Hüseynbəyli yazır... Səksən minlik iş və səksən manat...
...Dostumla rayona getmişdik. Onu bu tərəflərdə tanımayan yoxdu. Tanıdıqlarına görə də güvənirlər. Sözü keçən adamdır. Özündən icazə almadığıma görə adını çəkmirəm.
11 Sentyabr 2017 15:07 SosialElçin Hüseynbəyli
Səksən minlik iş və səksən manat...
...Dostumla rayona getmişdik. Onu bu tərəflərdə tanımayan yoxdu. Tanıdıqlarına görə də güvənirlər. Sözü keçən adamdır. Özündən icazə almadığıma görə adını çəkmirəm.
Deməli, addımbaşı onu saxlayıb görüşür, dərdlərini bölüşürdülər. Əl tutmaq Əlidən qalıb deyibən kimisinə pul verir, kimisinə də vəzifə vəd edirdi. Özü də yaxşı bir kəlamı var: "Sənətkar xalqın içində olmalıdır!" Adəti üzrə kəndlərdən birində domino oynadıq. Elə səksən manat məsələsi də orda ortaya çıxdı. Yox, udub eləmədi. Oyun heç-heçə qurtardı, daha doğrusu yarımçıq kəsildi...
Dominonun şirin yerində azarkeşlərdən biri nəsə xoşagəlməz, qanqaraldıcı söz dedi, dostumun qonağının xətrinə dəydi, o da buna dözmədi və domino daşlarını yerı çırpıb ayağa durdu. Nə illah elədilərsə, sakitləşmədi.
-Birinci dəfə deyil ha, belə tərbiyəsizlik eləyir. Onu öyrədənin də kim olduğunu bilirəm. Sonra danışaram.
Dostumu sakitləşdirənlər arasında ağsaqqal biri də vardı və daha çox o, canfəşanlıq ediridi:
-Fikir vermə, onsuz da bu kənddə onu saya salan yoxdu.
Dostum hirslə maşına oturdu və sürücüyə "sür" əmrini verdi.
Mən də onu sakitləşdirməyə çalışdım, amma çifayda, yəni faydasız!
Maşınla bir az getmişdik ki, arxadan bir "Niva"nın ardımızca gəldiyini və "marqatladığını" gördük.
-Burda saxla, -dostum sürücüyə buyurdu.
Maşını kənara verib dayandıq. Arxamızca gələn maşın da saxladı. Bayaqkı ağsaqqal maşından düşüb dostuma tərəf qaçdı. Dostum qapını açıb:
-Nə istəyirsən-? -deyə qəzəblə xəbər aldı.
-...Qurban olum, onu yola ver getsin. Yazıqdı. Elə mən də yazığam.
-Bilirəm, sən də onun qohumusan!
-Yox, vallah qohumu-zadı dəyiləm. Sən özün bilirsən axı.
-Qohumsunuz, mənə gəlmə.
-Qız-alıb vermişik dana, nə qohumluq? Amma genə də.
-Sabah oğluna de, yanıma gəlsin, Qələndərin çayxanasına, orda domino oynayacam, saat birin yarısında.
-Onu deyərəm... amma o biri məsələ qaldı axı. O o... (həmin "O" haqqında kobud bir ifadə işlətdi) görə mən səksən manat ziyana düşəcəm?
-Pulum yoxdur.
-Heç olmasa əllisini.
-Dedim ki, yoxdur.
Mən həmin qəribə adamın qəribə sualından çaşdım. Çünki burda dostuma, az qala, səksən min manatlıq xahiş edir, amma səksən manatından keçə bilmir.
Dostum sual dolu baxışlarımı göydə tutdu və cavabını özü verdi:
-Bayaq gördün də. Bax, hər dəfə mən ora gələndə domino oynayıram, özü də bizim adətimizcə, yəni əl axıra kimi yazılır ("telefon" oyununu nəzərdə tutur). Udub-uduzmağımdan asılı olmayaraq, duranda bax bu qohumuma (maşının qapısındanca əlini çiyninə şappıldatdı) 100 manat verirəm ki, ordakılara yüngülvari bir qonaqlıq versin, pulun da qalanını qoysun cibinə. Onların da yemək-içməyi 20 manat tuta-tutmaya. Qoca adamdılar nə yeyəcəklər ki. Bu gün həmin qanqaraçılığına görə ona pul vermədim. Bax indi həmən səksən manatın davasını eləyir, -dedi və güldü.
Mən də güldüm.
-Hə, düzdü, vallah, - dostumun qohumu da siqarətdən saralmış mırıq dişləri görsənə-görsənə güldü...
-Sabah baxarıq, -dostum dedi və maşını yellətdirdi...
Sentyabr, 2017