Serbiyadakı Azərbaycan diaspor təşkilatı bəyanat yayıb

Serbiyada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi son dövrlər bəzi xarici kütləvi informasiya vasitələrində, o cümlədən “The Guardian” və “The Washington Post” qəzetlərində Azərbaycan əleyhinə dərc edilmiş məqalələrlə bağlı bəyanat yayıb.

Serbiyada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi son dövrlər bəzi xarici kütləvi informasiya vasitələrində, o cümlədən "The Guardian" və "The Washington Post" qəzetlərində Azərbaycan əleyhinə dərc edilmiş məqalələrlə bağlı bəyanat yayıb. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən "OLAYLAR"-a verilən məlumata görə, bəyanatda bildirilir ki, bu məqalələr ölkəmizə qarşı aparılan qarayaxma kampaniyasının tərkib hissəsidir və məqsəd Azərbaycanın beynəlxalq nüfuzuna zərbə vurmaqdır. Məqalələrdə əksini tapmış böhtan xarakterli məlumatların Corc Soros və erməni dairələri tərəfindən maliyyələşdirilən, qeyri-şəffaf məqsədlər üçün yaradılmış "The Organized Crime and Corruption Reporting Project" (OCCRP) təşkilatına istinadən verilməsi kampaniyanın kifayət qədər qərəzli olduğunu bir daha təsdiqləyir.

"Azərbaycan regionun yeganə ölkəsidir ki, müstəqil siyasət yürüdərək regional təhlükəsizliyin təmin olunmasına öz töhfəsini verir, eyni zamanda iqtisadiyyatını, hərbi qüdrətini artıraraq regionda aparıcı dövlətə çevrilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı məqsədyönlü və müdrik siyasətin uğurlu nəticəsidir ki, ölkəmizdə dünya standartlarına uyğun azad, plüralist media formalaşıb. Diqqətə çatdırılır ki, ölkəmizin sürətli inkişafı, Azərbaycanın uğurlu dövlət kimi özünü təsdiq etməsi, modern, tolerant cəmiyyət imici antiazərbaycan və islamofob dairələri narahat edir. "Biz, Serbiyada yaşayan azərbaycanlılar, Azərbaycan Respublikası Prezidentinin uğurlu daxili və xarici siyasətini alqışlayır, ölkəmizin beynəlxalq aləmdə qazandığı uğurlara kölgə salmaq istəyən siyasi qüvvələrə qarşı mübarizədə səylərimizi əsirgəməyəcəyik"- deyə bəyanatın sonunda bildirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31