Özünə nifrət intihara yol açır
Hər gün bir neçə intihar hadisəsi barədə məlumat yazmaq adi iş prosesinə çevrilib. Müxtəlif yaş kateqoriyaları arasında, müxtəlif üsullarla baş verən intihar faktları artıq təsirini itirib. Daha kimin özünü dənizə, yaxud 16-cı mərtəbədən yerə atması, yaşadığı mənzilin tavanından, yaxud həyətdəki ağacdan özünü asması dəhşətli və narahatverici hadisə kimi səslənmir.
6 İyun 2017 12:59 SosialHəyatda uğursuzluqlarla qarşılaşanlar çıxış yolunu intiharda görürlər
Hər gün bir neçə intihar hadisəsi barədə məlumat yazmaq adi iş prosesinə çevrilib. Müxtəlif yaş kateqoriyaları arasında, müxtəlif üsullarla baş verən intihar faktları artıq təsirini itirib. Daha kimin özünü dənizə, yaxud 16-cı mərtəbədən yerə atması, yaşadığı mənzilin tavanından, yaxud həyətdəki ağacdan özünü asması dəhşətli və narahatverici hadisə kimi səslənmir. İntiharın formaları kimi onun baş vermə səbələri də narahatçılıq doğurmur. Kimi dəhşətli xəstəliyin əzablarından, kimi illərlə ödəyə bilmədiyi borcdan qurtulmaq, kimi isə nakam sevgidən və həyat əzablarından yaxa qurtarmaqdan ötrü canına qəsd edir. Ancaq fakt ondan ibarətdir ki, gənclər qocalar, uşqalar, o cümlədən ziyalısı, fəhləsi, hətta illərlə insanları intihardan yayındırmağa çağırış edən psixiloqlar belə uf demədən canlarına qıyırlar. Son vaxtlar demək olar ki, hər gün bu tupli məlumatlar yayılmaqdadır. Müşahidələr deməyə əsas verir ki, ölkədə intihar hallarının sayı artıb. Ən müxtəlif və ağlagəlməz üsullarla intihar edənlər sırasında müxtəlif yaş kateqoriyasına aid olan insanlara rast gəlinir. Vəziyyət o həddə çatıb ki, hər gün bir məktəblinin intihar xəbəri yayılır. Bəs, belə halların qarşıcını almaq mümkündürmü? Psixoloq Vəfa Əkbər bildirib ki, hər şeydən şirin olan candan keçmək üçün səbəblər müxtəlif ola bilər. Dünyada nə qədər insan varsa hamısı ayrılıqda bir psixikaya malikdir. Hər kəsin oxşarları var, lakin fərd olaraq tamam ayrı xüsusiyyətlərə malikdirlər. İnsan intihar vasitələrini seçərkən eşitdiyi və bildiyi şeyə daha çox əl atar. Bir insanın bu vəziyyətə çatması təkcə onun psixikasının zəifliyindən və ya güclü olmasından asılı deyil. Bir şəxsi nə qədər bezdirmək lazımdır ki, o artıq özünü yararsız hesab edib, intihar həddinə çatsın. İntihar etmək istəyən insanlar elə düşünürlər ki, həyat uğrunda maksimum güclərini qoyub mübarizə aparıblar. Həyatda sadəcə uğursuzluqlarla qarşılaşanlar çıxış yolunu intiharda görürlər. Lakin həyat uğrunda mübarizənin doğru və yanlış yolları var. Biz gedib-gəlib divara özümüzü çırpsaq ki, burda nə vaxtsa qapı olacaq, demək, bu qapını açıb keçəcəyik. Əlbəttə ki, bizdə sinir sistemi qalmaz, tamamən taqətdən düşərik. İnsanlar da dəfələrlə eyni divara başını vurmaqla çıxış yolu axtarırlar. Düşünmürlər əgər 4 divardırsa bunun mütləq birində qapı var. Əgər biri açılmırsa, o birinə getmək lazımdır. Başqa tərəfdən düşünmək lazımdır, həyata başqa prizmadan baxmaq lazımdır: "Çox vaxt intiharların substansiyası bu məqamlar olur: natamam yarı yolda qalmış arzular. Biz arzularımıza doğru gedirik, son anda nə isə baş verir və biz yoldan dönürük. Bunlara dözə bilən və dözə bilməyən insanlar var. İnsan var on təşəbbüsə dözür, insan da var iki təşəbbüsə belə dözə bilmir, özünün uğursuz biri olduğunu düşünür, doğru yolu dünyadan köçməkdə görür. Biz həyata gəlmişiksə, yaşayırıqsa demək güclüyük. Ən azından insan bunu düşünməlidir. Bunu bacara bilmiriksə məsləhətçilər var, psixoloji konsultasiya mərkəzləri var". Bəs gəncləri intihara sürükləyən əsasən hansı səbəblərdir? Mütəxəssisin sözlərinə görə, gənclər hər bir cəhətdən biri-birindən tamamilə fərqlənirlər. Əgər ailədə dəstək varsa, o uşaq intihar etməz. Ən başlıca səbəb ailə basqısı, uşağa qoyulan sərhədlərdir. Qadağan olunumuş meyvə şirin olur. Ailədə də belə olur. Qadağan olunduqca istək və valideynə nifrət artır. Uşaq sevdiyi insanlara nifrət etdiyi üçün özünə də nifrət edir. Bu da intihara gətirib çıxarır. Valideynlər övladlarına müxtəlif yolla təzyiq edir. İlk halda uşaqların seçiminə valideynlərin bilavasitə qarışması yanlışdır. Əsas məsələlərdən biri də gənclərin valideynə görə doğru qadını "seçməməsi"dir. Valideynlər onun üçün artıq kiminləsə həyat planlaşdırıb. Bu halda ən pik nöqtə intihara təşəbbüs ola bilər ki valideynləri cəzalandırsın. Valideynlər də onun seçimlərinə hörmət etsinlər və razılaşsınlar. Gənclərin intiharına başqa bir səbəb isə həmcinslərin bir birinin sevməsidir. Qızın qızı sevməsi (lezbiyanlıq), oğlanın oğlanı sevməsi (geylik) kimi. Bu hallarda intihara təşəbbüs də olur, intihar da. Çünki, bu vəziyyəti valideynlər birmənalı olaraq qəbul etmir: "Mən bir neçə valideynlə işləmişəm. Onların ifadə etdiyi bir cümlə var: "ya sən düzələcəksən, ya da ölsən yaxşıdır" . Və bunu uşaqların beyninə yeridirlər. Davamlı basqılar edirlər hətta şiddətə belə əl atırlar". İntiharın daha bir səbəbi şiddətdir ki, bu hal olduğu zaman gənclər valideynə daha çox nifrət edirlər. Öz fikirlərində nə qədər doğru olduqlarını özlərinə təlqin edirlər. Ekspertin sözlərinə görə, 10-15 il əvvəl Azərbaycanda ailə psixoloqlarının olması məsləsi keçərli deyildi. Çünki, əvvəllər tamam başqa bir təfəkkür, başqa insanlar idi. İndi texnologiya inkişaf edir. Bu ifadə bəzən insanları qıcıqlandırır ki, "texnologiya inkişaf edir" nə deməkdir. Texnologiyanın inkişafı təfəkkürün inkişafı deməkdir: "Texnologiyanı yaradan insandır. Valideyn üçün övladı daima uşaqdır. Ata-oğul , Ana-qız problemi həmişə olub. Bu problemlər daima böyüyür. Valideynlər elə düşünür ki, uşaqlar doğru yöndə böyümürlər. Amma onlar öz həyatlarının nəbzini tutmağı bacarırlar. Bu səbəbdən də ailə məsləhətçisi lazımdır. Doğru psixoloq seçsələr ailədə birlik, həmrəylik davam edər. Sevindirici haldır ki, son 3-4 ildə ailələrin müraciəti artıb". Psixologiya və Konsultasiya Mərkəzinin psixoterapevti Denis Rzayev hesab edir ki, həyatda elə anlar olur ki, insan şirin hesab edilən həyata belə son qoymaq istəyir. Onu uçurumdan yalnız bir addım saxlayır. Hər şey artıq bitib, yaşamağın heç bir mənası yoxdur. Əgər bu baş verirsə insanın özü və yaxınları nə edə bilər? Hansı sözlər, hansı hisslər insanı son və qaçılmaz addımı atmaqdan saxlayar? Əvvala qeyd edək ki, intihar hansısa problemi həll etmək əvəzinə seçilən addım, cəzalanmaqdan və rüsvay olmaqdan qurtulmaq, təhqir və ümidsizliyə son qoymaq, unuda bilmədiyi kədərdən qaçmaq üçün atılan addımdır. Hər il intihar bir çox insanların seçiminə çevrilir. Ən təhlükəlisi isə odur ki, intihar cavanlaşır, uşaq və yeniyetmələrin də həyatına son qoyur. Bu səbəbdən də yeniyetmələr belə intiharın nə olduğunu və onunla necə mübarizə aparacağını bilməlidirlər: "Müasir zamanda yeniyetmə və gənclər arasındakı ölümün əsas səbəbi intihardır. Əsasən də 15-24 yaş arasında olanlar arasında intihar halları daha çoxdur. Onu da qeyd edək ki, təsadüfən baş verən bədbəxt xəstəliklər zamanı, o cümlədən narkotik maddənin dozasının çoxaldılması, yol qəzaları, körpü və binalardan yıxılma, zəhərlənmə kimi ölüm səbəbləri yeniyetmə və gənclərin bir nömrəli cəlladıdır. Lakin intiharı öyrənən mütəxəssislərin fikrincə əslində bu ölümlərin çoxu bədbəxt hadisə deyil, gizli icra olunan intihar idi. Bəzən yalnız ölüm qabağı məktub yazıldığı halda ölümün səbəbi intihar kimi qəbul olunur. Lakin əksər hallarda intihar edənlər heç nə yazmırlar. Heç də həmişə ölümün səbəbinin intihar olduğunu dəqiq müəyyən etmək olmur. Ona görə də "intihar" qrafasında yalnız heç bir şübhə doğurmayan ölüm hadisəsiləri qeyd olunur. Təcrübələr göstərir ki, hər beçinci yeniyetmə intihar etmək barədə ciddi fikirlərşir. Getdikcə intihar "cavanlaşır": uşaqlar intihar haqqında düşünür, buna cəhd etmək istəyir və edir də. Növbəti on il ərzində 10-14 yaş arasında olan yeniyetmələrdə intiharların sayı daha sürətlə artacaq". Mütəxəssis hesab edir ki, əgər yeniyetmə intihar etməyi qərara alıbsa, ona mane olmaq mümkün deyil. Eləcə də hesab olunur ki, yeniyetmə birinci cəhdlə həyatına son qoya bilməyibsə, intihar baş tutana qədər dəfələrlə buna cəhd edəcək. Əslində isə gənclər həyatında bir dəfə intihara cəhd edirlər. Onların çoxu yalnız müəyyən zaman kəsiyində - 24 saatdan 72 saata qədər özlərinə qəsd edə bilərlər. Lakin kimsə buna mane olub həmin adama kömək etmək istəsə, o, bir də intihara cəhd etməyəcək: "Bəziləri düşünür ki, yeniyetmələrlə intihar barədə söhbət etmək onlarda bu təhlükəni hiss etməyə maraq oyadır. Əslində yeniyetmə ilə intihar barədə danışarkən biz onu intihara təhrik etmirik. Əksinə yeniyetmələr üçün onları narahat edən bu mövzu haqqında söhbət etməyə imkan yaranır. Əgər sizin hansısa tanışınız intihar haqqında danışmağa başlayırsa, demək o, bu haqda çoxdan fikirlərşir və sən ona yeni heç bir şey deyə bilməyəcəksən. Sən ona ürəyini boşaltmağa imkan verəcəksən. İntihar haqqında fikirlərlə bölüşdükdə isə bu fikirlər o qədər də təhlükəli olmurlar".
Zəka