İstidən necə qorunmalı?

Ölkə ərazisində havanın temperaturunun 32 dərəcəyədək yüksələcəyi bildirlir. Bu isə o anlama gəlir ki, havaların isinməsi ilə əlaqədar  vətəndaşlar arasında günvurma və istivurma hallarının baş verməsi qaçılmazdır.

Günvurma qocalar və uşaqlar üçün təhlükəlidir

Ölkə ərazisində havanın temperaturunun 32 dərəcəyədək yüksələcəyi bildirlir. Bu isə o anlama gəlir ki, havaların isinməsi ilə əlaqədar  vətəndaşlar arasında günvurma və istivurma hallarının baş verməsi qaçılmazdır. Məlum olduğu kimi günün çox hissəsini çimərlikdə qızmar günəş şüaları altında keçirmə, fasiləsiz günəş altında fiziki işlə məşğul olma kimi fəaliyyət insanları gün və isti vurma təhlükəsilə üz-üzə qoyur. Nəzərə almaq lazımdır ki, qızmar günəş şüaları ən çox yaşlılar, uşaqlar və xəstələr üçün təhlükədir. Şübhəsiz ki, belə hallar insan orqanizminin həddindən artıq qızması nəticəsində baş verir və ən çox da uşaqlar, kök insanlar, ürək-damar və endokrin xəstəliklərindən əziyyət çəkənlər məruz qalır. Bu zaman beynin qan damarları genişlənir və beyinə güclü qan axını baş verir. Bəzən xırda beyin qan damarlarının qırılması da baş verir. Bütün bunlar isə mərkəzi və periferik sinir sisteminin pozulmasına gətirib çıxarır. Gün vurmanın əsas səbəbləri - başın örtüksüz, bədənin açıq və qorunma olmadan günəş şüası qəbul etməsidir. Gün vurmaya bürkülü və küləksiz hava, çimərliklərdə spirtli içkilərin qəbulu, həddən artıq yemək, gün şüası qəbul edən zaman yatmaq səbəb olur. Gün vurmanın əsas əlamətləri - qızarmış sifət, dəhşətli baş ağrısı və başgicəllənməsidir. Bu əlamətlərdən sonra gözlərə qaranlıq çökməsi, ürək bulanması və müəyyən hallarda isə qusma baş verir. Bəzən burundan qan axması və görmə qabiliyyətinin pozulması da olur. Yardım göstərilmədikdə, xəsarət alan huşunu itirir, təngnəfəs olur, nəbzi sürətlənir, ürək fəaliyyəti pozulur. Gün vurma dəri yanması ilə də müşahidə olunur, dəridə qızartı, suluq və sair kimi özünü göstərir. Belə halda istidən necə qorunmaq olar, gün vurmaya məruz qalçış şəxslərə hansı ilkin yardımlar göstərilməlidir?

Yay fəslinin qızmar günlərinin hələ qarşıda olduğunu nəzərə alsaq, onların sayının artacağı istisna edilmir. Odur ki, isti günlərdə insanlar ən çox kölgəli yerlərdə olmağa, sərin su içməyə üstünlük verməlidir. Lakin unutmaq lazım deyil ki, hər şey qədərində olmalıdır. Həkim-mütəxəssis Bəxtiyar Abasov deyir ki, isti havalarda ən çox azyaşlılar və qocalar əziyyət çəkir: "Ona görə də çalışmaq lazımdır ki, ifrat dərəcədə müşahidə olunan istidən kənar duraq. Çimərlik mövsümünü də nəzərə alaraq tövsiyə edərdim ki, insanlar səhər saat 11-dən axşam 5-ə kimi dənizə getməsinlər. Çünki həmin müddət ərzində günəş şüaları altında az durmaq lazımdır". Onun sözlərinə görə, əhalinin belə təhlükələrdən müdafiəsi məqsədilə məlumatlandırma işi mühüm əhəmiyyət kəsb edir. Fövqəladə Hallar Nazirliyinin Tibb Xidmətinin məlumatına görə, istivurma və günvurma xarici istilik amillərinin təsiri nəticəsində orqanizmdə yaranmış patoloji vəziyyətdir. Bu patoloji vəziyyət özünü bədən hərarətinin artması, mərkəzi sinir sistemi, qan dövranı, tənəffüs sisteminin və su-elektrolit balansının pozulması şəklində biruzə verir. İstivurma və günvurma halları xüsusi iqlim şaraitində, yəni havanın temperaturu müsbət 370C-dən yüksək olduğu hallarda baş verir. İstivurma uzun müddət isti hava və ya infraqırmızı şüalanmanın təsirindən orqanizmdə baş verən patoloji haldır. İstivurma isti sexlərdə, hamam, saunalarda və s. uzun müddət qaldıqda baş verir. Günvurma isə zərərçəkənin baş nahiyəsi uzun müddət birbaşa intensiv günəş şüaları ilə kontaktda olduqda baş verir. Yəni, uzun müddət çimərlikdə günəş vannası qəbulu zamanı və ya açıq çöl-səhra şəraitində tikinti işlərində işləmə zamanı və s. olur. İstivurma və günvurma zamanı patoloji proses həmçinin, tər buraxmayan isti geyim, atmosfer havasının nisbi rütubətliyin normadan yüksək olması, alkoqol sərxoşluğu, yorğunluq, piylənmə, az maye qəbulu, keçirilmiş kəllə-beyin travması, ürək-qan dövranı çatışmazlığı, dehidratasiya, qara ciyər, mədəaltı vəzi, endokrin xəstəlikləri zamanı daha da dərinləşir. Uşaqlarda və qocalarda istivurma (günvurma) xüsusilə ağır keçir. Patogenetik cəhətdən bu vəziyyəti orqanizmdə istilikəmələgəlmə və istilikvermə balansının pozulması ilə izah etmək olar. Bu zaman oksidləşmə-fosforlaşma reaksiyalarında iştirak edən fermentlərin blokadası nəticəsində toxuma hipoksiyası və həyati vacib orqanların (beyin, tənəffüs və ürək-qan dövranı sistemi) ödemi-şişkinləşməsi baş verir. Nəticədə tər ifrazı artır və tənəffüs yollarıyla buxarlanma (maye itkisi) sürətlənir, orqanizmdə su-elektrolit balansı pozulur və susuzlaşma inkişaf edir. Bu patoloji vəziyyətin ağırlıq dərəcəsi diareya, çox tərləmə, su qəbulu rejiminin pozulmasından da asılıdır. Əgər maye qəbulu lazımi qədər deyilsə, hipertonik dehidratasiya inkişaf edir. Bu hal üçün susuzluq, sinir oyanıqlığının artması, sayıqlama, hallüsinasiya, ərtaflarda tremor (əsmə), qıcolma xarakterikdir. Yaxud istivurma (günvurma) diareya ilə birgə baş verərsə, bu zaman hipotonik dehidratasiya inkişaf edir. Bu, daha ağır hal olur, şok və ya koma ilə nəticələnir. Bədən temperaturu 420-430C-dən yüksək olarsa, ölüm baş verir. Mütəxəssislər tövsiyyə edir ki, gün vurmanın ilkin əlamətləri qeyd edilən kimi zərərçəkəni kölgəyə və ya sərin otağa aparmaq, onu sıxan paltarları çıxarmaq, yarıoturaq vəziyyətdə uzatmaq lazımdır: "Zərərçəkənə soyuq su verin, üzünü və sinəsini soyuq su ilə silin. Başına, boyunun yan tərəflərinə, qoltuqaltı və qasıq nahiyyələrinə (iri damarlar keçən yerlər) buz və ya bu mümkün olmadıqda soyuq su ilə kompress qoyun. Bu zaman əl və ayaqlara xardal kağızı da qoymaq olar. Daha bir üsul - paltarını soyundurub zərərçəkəni soyuq suda isladılmış parçaya bükün, başına buz qoyun. Zərərçəkənin temperaturu normaya çatdıqda onu quru parçaya və ya dəsmala bükün".

Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31