Qarabağ düzənliyində yeni qeydiyyata alınmış abidələrdə kəşfiyyat aparılır

“Qarabağ neolit-eneolit ekspedisiyası” 2017-ci il tədqiqat planına əsasən Qarabağ düzənliyində arxeoloji kəşfiyyat və yeni qeydiyyata alınmış neolit və eneolit dövrü abidələrində kəşfiyyat qazıntı işlərinə başlayıb.

"Qarabağ neolit-eneolit ekspedisiyası" 2017-ci il tədqiqat planına əsasən Qarabağ düzənliyində arxeoloji kəşfiyyat və yeni qeydiyyata alınmış neolit və eneolit dövrü abidələrində kəşfiyyat qazıntı işlərinə başlayıb.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, arxeoloji kəşfiyyat işləri əsasən Bərdə, Yevlax və Tərtər rayonları ərazisində aparılmaqdadır.

Məlumatda bildirilir ki, 2014-cü ildə ekspedisiya tərəfindən Bərdə rayonu ərazisində Xaçınçay hövzəsində, onun Əmirli və Xanərəb kəndləri arasında yerləşən qədim yatağı boyunca arxeoloji kəşfiyyat işləri aparılıb, 10 neolit və Leylatəpə mədəniyyətinə (eneolit dövrünə) aid yaşayış yeri aşkar edilərək qeydiyyata alınıb: "Bərdə rayonu ərazisində bu cür qədim abidələrin mövcudluğu faktı məhz bu tədqiqatların nəticəsində meydana çıxıb. Məhz bu tədqiqatlar erkən əkinçi-maldar tayfaların Qarabağ ərazisində məskunlaşma arealının şimalda Xaçınçayla hüdudlanmadığını sübut edir və neolit tayfalarının yayılma istiqamətləri haqqında yeni bilgilərin əldə olunmasına səbəb olub".

"Qarabağ neolit-eneolit ekspedisiyası"nın rəisi, tarix üzrə fəlsəfə doktoru, Xəqani Alməmmədov bildirib ki, arxeoloji kəşfiyyat işləri zamanı Bərdə, Yevlax və Tərtər ərazisində təxminən 1000 kv.km ərazidə 26 marşrut üzrə Google Earth proqramı əsasında GPS koordinatları götürülmüş 200-dən çox obyekt yoxlanılıb və nəticədə müxtəlif dövrlərə aid onlarla yaşayış yeri və kurqan aşkarlanıb. "Bu abidələrin böyük əksəriyyəti yeni abidələrdir. Bərdə rayonu ərazisində yerləşən Koramaltəpə, Buruqtəpə, Yastıtəpə, Soğanverdilər və Piyadalar qədim yaşayış yerlərində topoqrafiq ölçmə işləri aparılıb, onların mədəni təbəqə yatımının qalınlığının və stratiqrafiyasının müəyyənləşdirilməsi üçün arxeoloji kəşfiyyat qazıntıları icra edilib. Qeyd etmək istərdik ki, Koramaltəpə, Buruqtəpə, Yastıtəpə, Piyadalar yaşayış yerləri neolit dövrünə, Soğanverdilər yaşayış yeri isə Leylatəpə mədəniyyətinə aid abidələrdir və Bərdə rayonu ərazisində belə qədim abidələrin arxeoloji tədqiqatı ilk dəfə olaraq aparılır. Aparılmış kəşfiyyat qazıntılarının nəticələri Qarabağın əkinçi-maldar əhaliyə məxsus yaşayış yerlərinin xronoloji, təsərrüfat və mədəni mənsubiyyətinə görə bölgüsünün öyrənilməsi baxımından çox maraqlı olmaqla yanaşı, bölgədə neolit dövrü abidələrinin aşkar edilməsi istiqamətində də daha səlis yanaşmanın formalaşmasına yardımçı olacaq. Xaçınçayın sağ sahilində, Xaçınçay-Tərtərçay hövzəsində yerləşən neolit  dövrü abidələrində gələcəkdə geniş miqyaslı arxeoloji qazıntıların aparılmasına böyük ehtiyac var. Çünki, məhz bu ərazidə bu tip abidələrin öyrənilməsi, neolit dövründə Qarabağ, ümumilikdə Azərbaycan və Cənubu Qafqazda erkən əkinçi-maldar tayfaların məskunlaşma topoqrafiyası, onların  yayılma istiqamətləri və yayılmanın xronoloji dövrlərinin öyrənilməsi baxımından çox maraqlıdır", - deyə X. Alməmmədov qeyd edib. Apa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31