Ali təhsili olmayan əczaçılar özbaşına dərman təyin edirlər

Ötən ilin 29 dekabrında “Dərman vasitələri haqqında” qanunda edilmiş dəyişikliklərə görə, həkim resepti olmadan buraxılan dərman vasitələrinin reklam qaydaları dəyişdirilib. Lakin buna baxmayaraq hələ də respublikada dərman vasitələrinin reklamında çatışmaqlıqlar kifayət qədərdir.

Millət vəkili antibiotiklərin həkim resepti olmadan satılmasının qadağan olunması təkilif edir

Ötən ilin 29 dekabrında "Dərman vasitələri haqqında" qanunda edilmiş dəyişikliklərə görə, həkim resepti olmadan buraxılan dərman vasitələrinin reklam qaydaları dəyişdirilib. Lakin buna baxmayaraq hələ də respublikada dərman vasitələrinin reklamında çatışmaqlıqlar kifayət qədərdir. Elə bu kimi hallar nəzərə alınaraq reklam haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət məsələsi gündəmə gəlib. Onu da qeyd edək ki, hazırda ölkədə fəaliyyət göstərən telekanallarda dərman vasitələrinin reklamı baş alıb gedir. Odur ki, antibiotiklərdən istifadə, vərəmlə mübarizə və digər aktual məsələlərlə bağlı əhali arasında səhiyyə maarifini gücləndirmək zərurəti yaranıb. Millət vəkili, Milli Məclisin səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bildirib ki, İnzibati Xətalar Məcəlləsinin 428-ci maddəsinə edilən dəyişikliklər məhz reklam haqqında qanunvericiliyin pozulmasına görə tətbiq ediləcək cərimələri nəzərdə tutur: "Ölkə əhalisinin dərman təchizatını yaxşılaşdırmaq, həmçinin keyfiyyətsiz dərman və dərman vasitələrinin Azərbaycan bazarına daxil olmasının qarşısını almaq istiqamətində dövlət səviyyəsində görülən tədbirlər müsbət nəticəsini verib. Hazırda dərman vasitələrinin reklamı haqqında qanunvericiliyin pozulmasına görə inzibati məsuliyyət məsələsi müəyyən edilir. Bu sənəd vətəndaşların sağlamlığının qorunmasına, müalicə prosesinin təhlükəsizliyinə xidmət edir. Antibiotiklərdən doğru istifadə edilməməsi böyük faciələrə yol açır və bir sıra dünya ölkələri bununla bağlı ciddi nəzarət mexanizmlərini həyata keçirir. Ölkəmizdə də həkim resepti olmadan antibiotiklərin satılmaması doğru yanaşmadır və komitə olaraq bu məsələni diqqətdə saxlayacağıq".

Qanunvericilikdə edilən dəyişikliyə əsasən  Azərbaycanda dərman vasitələrinin pulsuz paylanması, satışı, ödənişli və ya ödənişsiz tibbi xidmətlərin göstərilməsi ilə müşayiət olunan reklam aksiyalarının keçirilməsinə görə fiziki şəxslər də cərimə ediləcək. Belə ki, İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, belə aksiyaların keçirilməsinə görə fiziki şəxslər 300 manatdan 500 manatadək, vəzifəli şəxslər 800 manatdan 1000 manatadək, hüquqi şəxslər 1000 manatdan 2000 manatadək məbləğində cərimə ediləcək. Qeyd edək ki, hazırda qüvvədə olan maddədə fiziki şəxslərin cərimə olunması nəzərdə tutulmur. Dəyişikliyə əsasən, həkim resepti olmadan buraxılan dərman vasitələrinin qəbulu və tibbi texnikadan istifadə əlavə təsirlə müşayiət olunduqda, reklamda bu barədə məlumat verilməli, həkimlə yaxud mütəxəssislə məsləhətləşmənin zəruriliyi qeyd edilməlidir. Eyni zamanda, dərman vasitələrinin pulsuz paylanması, satışı, ödənişli və ya ödənişsiz tibbi xidmətlərin göstərilməsi ilə müşayiət olunan reklam aksiyalarının keçirilməsi qadağan edilir. Millət vəkili Qənirə Paşayeva ümumiyyətlə antibiotiklərin həkim resepti olmadan satılmasının tamam qadağan olunmasına çağırıb. Mİllət vəkili antibiotiklərin həkim resepti olmadan satılmasının qadağan olunması təkilifi ilə çıxış edib və bu məsələnin təcili şəkildə öz həllini tapmasının vacib səbəblərini xüsusi vurğulayıb. Dünyanın bir çox inkişaf etmiş ölkələrində antibiotiklərin həkim resepti olmadan satılmasının qadağan olunduğunu deyən millət vəkili Q.Paşayeva antibiotiklərin həkim nəzarəti olmadan qəbul edilməsinin törətdiyi dəhşətli fəsadlar və onların ölkəmizdə getdikcə daha da artmasını xüsusi vurğulayıb. Əhalinin bu məsələ ilə bağlı geniş maarifləndirilməsinə böyük ehtiyac olduğunu vurğulayan millət vəkili əhaliyə və apteklərə çağırış edib: "Bəzi insanlar özü və ya ailə üzvləri, uşaqları bir az soyuqlayıb, qızdırması olan kimi apteklərə gedib tez sağalmaq üçün antibiotik alırlar. Bəziləri qonum-qonşusunun tövsiyyəsi ilə "Yaxşı təsir edir filan antibiotiki ver" deyib alır və ona lazım olub-olmadığının, dozasının fərqində olmadan istifadə edir. Bölgələrdə bir sıra aptek işçiləri və ya ali tibb təhsili olmayan orta tibb işçiləri də belə məsləhətlərdə təəssüf ki, çox fəal olurlar. "Aptekə gedib, görəsən, tez sağalmaq üçün daha hansı nə təsirli dərmanı alsam yaxşı olar"- deyəndə böyük həvəslə antibiotik məsləhət görən aptek əməkdaşları da az deyil. Antibiotikdən bu cür istifadənin ağır nəticələrini isə bir az sonra həmin insan ya özü, ya da ailə üzvləri çəkir. Eşitməsində ciddi problem yaşayan uşaqların bir sıra uşağın ailə üzvləri ilə danışanda bəziləri ağlayaraq "öz əlimizlə uşağımıza zərər vurmuşuq, antibiotikin doğru istifadə edilməməsinin nələrə səbəb olduğunu bilmirdik"- deyirlər. Amma təəssüf ki, ağır fəsadı aradan qaldırmaq sonra çox gec olur. Ona görə insanlarımızı qorumaq üçün antibiotiklərin həkim resepti olmadan satılması qadağan edilməlidir və mən xahiş edirəm ki, aidiyyati strukturlar bu məsələyə böyük diqqət ayırsın. Ayrıca mətbuat və media ilə əhalinin bu istiqamətdə geniş marrifləndirilməsi üçün KİV-lər və müvafiq qurumlarla bilikdə işləri daha da artırmalıyıq".

Zəka

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31