Beynəlxalq bank müflis elan edilə bilərmi?

Azərbaycan Beynəlxalq Bankı ətrafında qeyri-müəyyənlik qalmaqdadır. Bankın keçmiş rəhbərliyinin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək milyonlarla manat vəsaiti mənimsəməsi ilə yaranan problem hazıda da qalmaqdadır. Vəziyyətin hələ də tam yoluna qoyulmaması Beynəlxalq Bankın müflis elan ediləcəyi ehtimallarını artırır.

ABB-nin mümkün müflisliyi kimin üçün təhlükəlidir?

Azərbaycan Beynəlxalq Bankı ətrafında qeyri-müəyyənlik qalmaqdadır. Bankın keçmiş rəhbərliyinin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək milyonlarla manat vəsaiti mənimsəməsi ilə yaranan problem hazıda da qalmaqdadır. Vəziyyətin hələ də tam yoluna qoyulmaması Beynəlxalq Bankın müflis elan ediləcəyi ehtimallarını artırır.

İqtisadçı ekspert Əkrəm Həsənov deyir ki, Azərbaycan Beynəlxalq Bankı hər kəsi aldadıb və 1 milyard dollardan çox zərəri olan bu bankın ödəmə qabiliyyəti yoxdur və buna görə də xarici borclarını artıq ödəmir: "Bu səbəbdən də öhdəliklərinin restrukturizasiyasını (şərtlərinin dəyişdirilməsini) elan etdi. Lakin bu restrukturizasiyanın həqiqi mahiyyətini bizə tam açıqlamadı. Dedi ki, sadəcə 18 kreditor qarşısında olan 3,337 milyard dollar məbləğindəki borcu dövlətin üzərinə keçəcək. Amma 23 may tarixində Londonda xarici kreditorlarla görüşdən əldə edilən məlumata əsasən dövlət ABB-nin borclarını o şərtlə üzərinə götürməyə hazırdır ki, həmin borclar üzrə kreditorlar bizə məbləğdə, müddətdə, faiz dərəcəsində güzəştlərə getsin. Başqa sözlə, dövlət ABB-nin borclarını olduğu kimi üzərinə götürməyə hazır deyil. Bankın ilkin məlumatı yalan idi" Bəs əgər xarici kreditorlar güzəştə getməsə, nə baş verəcək? İqtisadçı deyir ki, bu zaman iki variantdan biri olacaq: "Birincisi, dövlət borcları tam və olduğu kimi üzərinə götürəcək ki, bankı xilas etsin. Bu halda belə çıxacaq ki, hökumət xarici kreditorlarla danışıqlarda uduzdu. İkincisi, bank müflis elan olunacaq. Əslində, ikinci variantın baş verməsi ehtimalı azdır, çünki ABB-nin müflisliyi ölkəmizin maliyyə sisteminə ciddi zərbə olacaq. Bunu xarici kreditorlar da gözəl bilir və buna görə də danışıqlarda çox sərt mövqe nümayiş etdirəcəklər. Xarici kreditorlar soyuqqanlı cavab verə bilər: "Müflis elan edin, baxaq görək necə edirsiz!" Yəni hər iki tərəf blef edə bilər: hökumətimiz özünü elə apara bilər ki, guya bankın müflisliyindən qorxmur, xarici kreditorlar isə pullarının tam bata bilməsindən qorxmadıqlarını nümayiş etdirə bilər. Bir sözlə, gözümüzün qarşısında əsl triller baş verir". Əkrəm Həsənov bildirib ki, bu fonda digər mühüm məsələ xarici kreditorların qərarının hansı səs çoxluğu ilə qəbul edilməsidir: " ABB və onun cari "rejissoru" olan Maliyyə Bazarlarına Nəzarət Palatası deyir ki, guya tələblərin ən azı 2/3 hissəsinə, malik olan kreditorların razılığı kifayətdir. Xatırladıram ki, 1 milyard dollar tələbinin sahibi elə bizim Neft Fondumuzdur. Deməli, 17 xarici kreditora aid olan qalan 2,337 milyard dollar tələbinin yarıdan bir az çoxunun sahibi razılıq versə, bütün 3,337 milyard dollar tələbi hökumətimizin təklifi əsasında restrukturizasiya olunacaq və azlıqda qalanların mövqeyinin əhəmiyyəti olmayacaq. İstisna deyil ki, hökumətimiz 2/3 səs çoxluğunu qazanmaq üçün müəyyən xarici kreditorlarla artıq separat razılığa gəlib. Lakin bu mövqenin hüquqi əsasları çox şübhəlidir. Belə ki, ABB və Palata "Banklar haqqında" Qanuna bu ilin aprel ayında tez-tələsik daxil edilmiş 57-11.11-ci maddəyə istinad edir. Həmin maddədə həqiqətən deyilir: "Tələbləri restrukturizasiya planına daxil edilmiş kreditorlar tərəfindən restrukturizasiya planının təsdiq edilməsi üçün restrukturizasiya planına əsasən restrukturizasiya edilməsi nəzərdə tutulan tələblərin ən azı üçdə iki hissəsinə malik olan kreditorların razılığı tələb edilir". Amma sözügedən maddə Mülki Məcəllənin 421.1-ci və 522.2-ci maddələrinə ziddir Belə ki, 421.1-ci maddədə deyilir: "Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür". 522.2-ci maddədə isə vurğulanır: "Əgər borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşma əldə edilərsə, bu yalnız kreditorun icazəsi ilə etibarlı olur". Yəni Məcəlləyə əsasən qərar 2/3 səs çoxluğu ilə deyil, yekdil qəbul edilməlidir. Xatırladıram ki, "Normativ hüquqi aktlar haqqında" Konstitusiya Qanununun 2.5-ci maddəsinə müvafiq olaraq Mülki Məcəllə digər məcəllə və qanunlardan üstün hüquqi qüvvəyə malikdir, buna görə də "Banklar haqqında" Qanunun sözügedən maddəsi əhəmiyyətsizdir. Bir sözlə, ABB-nin bütün kreditorlarının razılığı tələb olunur. İstisna deyil ki, bu səbəbdən azlıqda qalmış xarici kreditorlar 2/3 səs çoxluğu ilə qəbul edilmiş qərarı mübahisələndirə bilər. Bu halda məsələ şişə, böhran dərinləşə və nəticədə ABB-nin müflis elan olunması yenidən gündəmə gələ bilər". Bəs ABB-nin mümkün müflisliyi kimin üçün təhlükəlidir? İqtisadçı deyir ki, bu təhlükə bankda pulu olan bütün fərdi sahibkarlar və hüquqi şəxslər üçün da var: " Onlar real olaraq pullarını itirə bilər. Fiziki şəxslər üçün isə təhlükə yoxdur. Çünki əmanətlərin sığortalanması ilə yanaşı dövlət ABB-nin əsas səhmdarı kimi Mülki Məcəllənin 950.1-ci maddəsinə uyğun olaraq fiziki şəxslərin əmanətlərinin qaytarılmasına görə məsuliyyət daşıyır. Buna görə də bu problem həllini tapanadək ABB-nin korporativ müştərilərinin başı ciddi dərddədir".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31